İnsanlara hürriyət, millətlərə istiqlal!

Qurban Qurbanovun köynəyi: AS məşqçimizin 1675 xalını görməyənlərin yalıncıqlığı

Bu günlərdə oxuduq ki, dünyanın ən güclü məşqçiləri siyahısında planetin 500 mütəxəssisi yer alıb, onlardan yalnız biri azərbaycanlı baş məşqçi Qurban Qurbanovdur. “Qarabağ”ın çalışdırıcısı 1675 xalla 133-cüdür.

İki il əvvəl Qurban Qurbanov “Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiola (2193), “Liverpul”lu Yurgen Klopp (2116) və “Roma”lı Joze Mourinyonun (2074) liderlik etdiyi siyahıda 1588 xalla planetin 225-cısi idi.  Gördüyümüz kimi, bizim Qurban irəliləyib, xallarını artırıb, mövqeyini xeyli yaxşılaşdırıb. Təbii ki, “Qarabağ”ı irəli aparmaqla, dünyanın önəmli futbol klublarına çətinliklər yaşatmaqla...

Qurban Qurbanovun “Qarabağ”ı bir çox ilklərə imza atması ilə tarix yazıb, həmçinin avrokuboklarda. Avrokuboklarda səfərdə ilk xalı qazanıb, avrokuboklarda ilk dəfə mərhələ adlayıb, Azərbaycan klubları içərisində ilk dəfə Avropa miqyaslı səfər qarşılaşmasında qələbəyə ilk dəfə sevinib. Həmçinin UEFA Avropa Liqası çərçivəsində üç mərhələni adlayan ilk Azərbaycan klubu da məhz “Qarabağ”dır! İşğal səbəbindən doğma Ağdamda, öz meydançasında oynamaqdan məhrum olan köçkün taleyi yaşayan futbol klubumuz, doğma “Qarabağ”ımız Avropa meydançalarında güclü klublarla bir sıra hallarda başa-baş oynayıb, qalib gəlib, hətta böyük hesabla. Qurban Qurbanovun yetirmələri “Bayer” Leverkuzen kimi Avropa – Almaniya divi ilə baş-başa gələcək qədər sürpriz oyunlar nümayiş etdirən nəhəng kimi Avropaya parlayıb, üzümüzü ağ eləyib.

“Qarabağ” evdə Xorvatiyanın “Dinamo Zaqreb”inə 0:2 hesabı ilə uduzduğu halda da Avropa ölkələrinin UEFA əmsallar cədvəlində Azərbaycanın xal hesabı dəyişməz qalıb. Cari mövsümdə ölkəmizin qazancı 2.125 xala bərabərdir. Hesabında 18.875 xal olan Azərbaycan Avropada 26-cı pillədədir və burada “Qarabağ”ın danılmaz payı var.

“Qarabağ” 11 il ard-arda Avroliqanın qrup mərhələsinə adını yazdıran Azərbaycan klubu olmaqla da ilkə imza atıb! Qurban Qurbanov və komandası üçün ev, yaxud səfər oyunu anlayışı yoxdur, hər yerdə evdəki kimi oynayıpr, hər yerdə ətrafında 30-35 minlik azarkeş ordusu, İmarət Qərvənd fanatlarını təsəvvür edir. Bəlkə də bu, köçkün taleyi yaşamaqdan irəli gəlir, axı, ev – Ağdam oyununun sayı barmaq hesabından o yana keçmir...Bütün məşəqqətlərə düçar olmuş komandadır, klubun ilk prezidentlərindən, həm də sponsorlarından olmuş dəyərli Aqil Abbasın bu haqda o qədər ağrılı xatirələri var ki...

Qurban Qurbanovun alın təri ilə qazandığı 1675 xalı görməzdən gələnlər təcrübəli mütəxəssisin geyindiyi, guya 1835 manata alındığını iddia etdikləri köynəyi gündəmə gətiriblər. Sadəcə, ayıbdır! Beyrəyin qanlı köynəyinin xəbərini gətirən Yalıncığı xatırladım...Şükürlər olsun, Qurban Qurbanov sağ-salamatdır, elə “Qarabağ” da... Qarabağ da bizimdir, min şükür! Amma Azərbaycanın “can üstə” olan futbolunu, uşaq futbolu olmayan futbolunu, futbol akademiyası olmayan futbolunu Avropa futbolu səviyyəsinə qaldıran Qurban Qurbanova bu sayaq ilişmək heç yerinə düşmədi. Belə yerdə başqa filimimizdən “nə oldu, bəs, Əlişə “atam” deyirdin” yada düşür. Qurban Qurbanov Qarabağa tamarzı vaxtlarımızda, erməni suldurların meydançanın üzərindən separatçılların əski parçasını dronla uçurduğu zamanlarda, hakimlərin belə, Minsk Qrupunun həmsədrlərisayağı "Qarabağ"ın qələbəsini, halalca qolunu əlindən bütün Avropanın gözləri qarşısında aldığı vaxtlarda Qurban Qurbanov əsəbini, qəzəbini, ağrı-acısını içərisində boğub, ürəyində basdırıb sabaha ümidlə yoluna davam edirdi, o zaman “Qurban adına” deyirdik.

İlk matçda Bakıda rəqibinə 1:2 hesabı ilə məğlub olsa da, Bolqarıstanda “Ludoqorets”i 7-2 hesabı ilə darmadağın etməklə, pley-offa vəsiqə qazanmaqla rəqib baş məşqçini istefaya yolladı. Azərbaycanın futbol tarixində tarixində belə bir hadisə olmuşdumu? Alınmayanda alınmır. Zaqreb “Dinamo”su (Xorvatiya) ilə qarşılaşmaların Bakıdakı hissəsində “Qarabağ”lılar doğrudan da döyüşdülər, amma çatışmayan tək qol oldu. “Qarabağ” oynadı, fədakarlıq etdi, mörhələ adlayan xorvatlar oldu. Necə sevnirdilər, baş məşqçi özü də heyrətlənmişdi, qalib gələcəklərini güman etmirmiş. “Qarabağ” bunları yaşadır Avropa futboluna, üzümüzü ağ edir, qara zolaqlı geyimi ilə!

İndi nə oldu? Qurban Avropanın futbol ölkəsinin güclü komandasına uduzdu deyə, onun köynəyinin təftişinə başladıq?! Bu, nə yalnıcıqlıqdır belə?! Bu, ömrünü Azərbaycan adına qurban verənləri pisikdirən təftişçilikdir, unutqanlıqdır, özünü Azərbaycana QURBAN etmək istəyənlərin çəkindirilməsinə, həvəsdən salınmasına hesablanmış bəlkə də düşünülməmiş gedişdir. Olmaz, heç olmaz! Qurban Qurbanov o köynəyi heç kəsin cibinin pulu ilə almayıb, illərinin zəhməti hesabına o zirvəyə daşıdığı komandasının futboldan qazandığı vəsaitlərdən ayrılan halal maaşı hesabına alıb, sağlıqla geyinsin! Qurban həmişə qaramı geyinməliydi? Bu, nə qaramatlıqdır belə? “Qarabağ” yenə də təkdir, Avropada bayrağımızı qaldıracaq, mübarizəni davam etdirəcək tək komanda, unutmayaq, emosiyalarımıza hakim olaq, ədalətsiz hakimlərdən olmayaq!

Əminəm ki, Qurban qardaşımız bu söhbətlərə məhəl qoymur, öz işi ilə məşğuldur. Çünki qarşıda növbəti mübarizə var. “Qarabağ”ın UEFA Avropa Liqasının püşkatma mərasimində yer ala biləcəyi səbətlər artıq bəllidir. Çempionumuzun 2-ci və ya 3-cü səbətdə qərarlaşacağı bildirilir. “Qalatasaray” (Türkiyə), “Budyo Qlimt” (Norveç), “Yunion” (Belçika), “Dinamo” (Kiyev, Ukrayna) kimi klublarla yanaşıdır “Qarabağ”ımız, bu, adi məsələdirmi? UEFA Avropa Liqasında Liqa mərhələsinin püşkü bu gün  30 avqustda atılacaq. Qurban Qurbanova, “Qarabağ”ımıza uğurlar arzu edirik, hansı köynəyi geyinərlərsə, oyundan sonra futbol maykasını kimə hədiyyə edərlərsə, özləri bilərlər! Yetər ki, “Qarabağ” qarşıdakı mərhələ üçün məhz qol vuran transferlər reallaşdırsın, yalıncıqları növbəti dəfə yanıltsın...

P.S.Mən heç futbola məsul olduqları halda, ortaya çiddi iş qoymayanların əyin-başından yazmağı da rəva bilmirəm. Belələrindən yazılası o qədər mətləblər var ki...

Elşad Paşasoy,
Musavat.com

ps14.jpg (89 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR