İnsanlara hürriyət, millətlərə istiqlal!

Qurban bayramı ilə bağlı fətva verildi

İslamın ən böyük bayramına bir neçə gün qalıb, qurbanlıq heyvanların qiymətləri...

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurası Qurban bayramı ilə bağlı fətva verib. Fətvada deyilir ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının 2023-cü il hesablamalarına əsasən, Azərbaycan  üfüqündə Hilalın görünməsinə uyğun olaraq builki Qurban bayramı Zilhiccə ayının 10-na - Miladi təqvimlə 28 iyun tarixinə təsadüf edəcək.

Qeyd olunub ki, şəriətə uyğun olaraq Qurban kəsimi həmin tarixdən başlayaraq 3 gün davam edə bilər. İyun ayının 28-də isə məscidlərdə Bayram namazı qılınacaq.

İslam dinində ən böyük bayram hesab olunan Qurban Hicri-Qəməri təqvimlə Zilhiccə ayının 10-da qeyd olunur. “Qurban” ərəb dilindəki  “qurbə” sözündən yaranıb, tərcümədə yaxınlaşma deməkdir. Yəni insanın əsas qayəsinin məhz Allaha yaxınlaşmaq, onun razılığına nail olmaq olduğuna işarə edir. Qurban bayramının daha bir vacib atributu bayram namazıdır. Bayram günü müsəlmanlar Həcdə olub-olmamasından asılı olmayaraq, 2 rükətli bayram namazı qılır. Yeri gəlmişkən, bayram günü qurban kəsmək Həcc ziyarətində olanlar üçün vacibdir. Həcc ziyarətinin bir mərhələsi olaraq zəvvarlar Həzrət İbrahimin məşhur hədisində olduğu kimi, Zilhiccə ayının 10-da Mina vadisinə çıxır və burda qurban kəsmə mərasimi icra olunur. Qurani-Kərimdə qeyd olunur ki, İbrahim peyğəmbər Allahdan gələn hökmü icra etmək üçün oğlu İsmayılı Mina dağına qurban kəsmək niyyəti ilə aparır. Ancaq Allah İbrahimə oğlunu deyil, əvəzində bir qoç qurban kəsməyi əmr edir. Bu hadisə İslam dinində peyğəmbərin ən qiymətli varlığı, yəni oğlu ilə imtahan edilməsi hadisəsi kimi təqdim olunur. Eyni zamanda bu hadisə qədim dövrlərdə bəzi xalqlarda olan insan qurban etmə əməlinin qadağan edilməsi, Allaha sonsuz itaətin simvolu kimi dəyərləndirilir. Ancaq qurban kəsmənin ən mühüm tərəflərindən biri yardımlaşmaqdır. Qurban kəsmək Həcc ziyarətində olanlara vacib, həcdə olmayan müsəlmanlar üçün isə bəyənilən əməl sayılır. Bayram günü harada olmasından asılı olmayaraq maddi imkanları yetərli olan müsəlmanlar şəriətin buyurduğu heyvanlardan birini Qurban niyyəti ilə kəsərək ehtiyaclı insanlara bağışlaya bilər. Qurban kəsmənin dinin digər məsələlərində olduğu kimi, özünün hökmləri, qaydaları var. Qurban bayram namazından sonra kəsilməlidir. İslam qaydalarına əsasən qurbanlıq heyvan dəvə, inək, qoyun, qoç ola bilər. Qurbanlıq dəvənin yaşı 5, inək 2, qoyunun yaşı isə 1 ildən az olmamalıdır. Qurbanlıq heyvan sağlam, qüsursuz olmalıdır. Kor, axsaq, qulağı, quyruğu və ya buynuzu kəsik olmamalıdır. Bundan əlavə, heyvan gərək arıq və çox qoca olmasın. Hədislərdə buyurulur ki, “4 şey (eyib) var ki, qurbanlıqda (heyvanda) olmamalıdır: açıq-aydın tay göz olan, açıq-aydın xəstə olan, axsadığı açıq-aydın görünən topal heyvan və təmizlənməsi çətin olan arıq heyvan. Yaxşı olar ki, qurban kəsən şəxs qurbanlığın 1/3-ni öz ailəsinə, 1/3-ni yoxsul və ehtiyacı olan qonşularına, qohumlarına, yaxınlarına və 1/3-ni isə ehtiyacı olub istəyən imkansızlara versin. Qeyd etmək lazımdır ki, bir sıra digər mövzularda olduğu kimi, qurban bayramı ilə bağlı da bəzi neqativ elementlər qeydə alınır. Qurban bayramının məqsədi insanın Allaha yaxın olmaq, bəndəlik vəzifəsi kimi inşalara yardım etmək, İbrahim (ə) ənənəsində olduğu kimi, ac, ehtiyaclı insanları doyurmaqdır. Qurban bir "ət bayramı" deyil, daha çox yardımlaşmaq, ehtiyaclılara kömək etmək günüdür. Bu səbəbdən də bəzi müsəlman ölkələrində olduğu kimi, kütləvi ət kəsmək, israfa yol vermək bəyənilmir. Daha çox ehtiyaclı insana əl tutmaq, ən azı bayram günü süfrə açmasına dəstək olmaq lazımdır. Bu böyük bayramın hədəfi də budur.

Rəsul Mirhəşimli - 55

Rəsul Mirhəşimli

İlahiyyatçı Rəsul Mirhəşimli “Yeni Müsavat”a bildirdi ki, Qurban yaxınlaşmaq və Allaha yaxınlığı vəsilə qılan anlamına gəlir. O qeyd edib ki, Qurban mal və candan fədakarlıq mənası daşıdığından Allaha yaxınlaşmağın ən mühüm vasitələrindəndir: “Qurban bayramı münasibətilə xalqımızı, xüsusilə şəhid ailələrini və Qarabağ savaşından keçmiş bütün soydaşlarımızı təbrik edirəm. Qurban bayramı İslam dinində iki vacib olan bayramdan biridir. Bu bayram dinimizdə Hz.İbrahim (ə) ənənəsini yaşatmaq baxımından xüsusi önəm daşıyır. Qurban bayramı ilə hökmlər hicrətin ikinci ilində nazil olub. Bu bayramın hikmətlərindən biri də Həcc ibadətinin imkanı olan müsəlmanlara vacib olması ilə bağlıdır. Qurban kəsmə maddi fədakarlıq və hər cəhətdən ehsan tələb edən bir ibadət olduğu üçün insan ruhu üçün çətin əməllərdən hesab olunur. Bu səbəbdən Allah Rəsulu (s) müsəlmanların əməllərinin fəzilət və savabını nəzərə alaraq onlara xoşməramlı olmağı tövsiyə edir. Qurban bayramının əməlləri içərisində vacib olan şərtlərdən biri də Həcc ziyarətində olan müsəlmanların qurban kəsməsidir. Dinimizin göstərişlərinə görə, Həcc ziyarətində olmayan müsəlmanlar üçün qurban kəsmək vacib sayılmır. Ümumiyyətlə, Həcc və bu ibadətin əsasını təşkil edən qurban kəsmək özündə bir çox simvol və rəmzləri ehtiva edir.  Həcc tərk etməklə başlayır. İnsan əvvəlcə evini, ailəsini tərk edir. Tərk etdiklərini Allaha əmanət edir. Sonra Vətəni tərk edirsən. Miqat yerinə çatan zəvvar malını, geyimini tərk edir, qalır iki parçadan ibarət ehramın içərisində. Bax, elə buradaca kiçik Qiyamət deyilən yaşamın təzahürləri meydana çıxır. Əmri yalnız Alladan alan insan, Təlbiyə adlanan duanı oxuyaraq, "Buyur, Allahım, buyur!" nidası ilə üzünü Məkkəyə tutaraq, Yaradanın evinə doğru yol alır. Bundan sonrakı bütün ibadətlər elə həmin simvol və rəmzlərin ardıcıllığı ilə davam edir. Bütün ibadətlərin fəlsəfəsi Allahdan başqasına qul olmamağın hikmətini öyrədir. Elə ibadət də anlam olaraq qulluq mənasını verən sözdür. Yalnız Allaha qulluq etdiyi üçün yalnız Allahdan istəyənlər həyatı boyu bu hikmətlə yaşayar, anlayar ki, yalnız Rəbbinin hüzurunda əyilmək insanı ucaldan əməldir. Qurban bayramı başqa bir cəhəti ilə yardımlaşmağı təlqin edir. Qonşusu ac olduğu halda tox yatanın İslam ümmətindən olmadığı xəbərdarlığına uyan hər kəs bu hikməti həyatının fəlsəfəsi anlamına gətirə biləcək. Allah dinimizdə mühüm yeri olan bu bayramın hikmətini xalqımızın üzərində daim etsin!"

Bayramın müvafiq norma və qaydalar çərçivəsində təşkilinə dəstək verən nəzarət tədbirlərinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bayram günlərində müvafiq qurumlarla birgə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək. AQTA-dan bildirilib ki, Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, rahat həyata keçirilməsi məqsədilə ölkə üzrə 138 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Həmin satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Bununla yanaşı, regionlarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçiriləcək.

O ki qaldı qiymətlərə, heyvan bazarında qiymətlər artıb. Satıcıların dediyinə görə, bayram öncəsi qiymətlərin daha da bahalaşacağı gözlənilmir.  “Xəzər xəbər”in hazırladığı süjetdən bəlli olur ki, rayonlarda 17-18 kiloqramlıq qoyunların qiyməti 200-220 manatdır, daha əvvəl isə 250-260 manata satılırdı. 20-22 kiloluq toğlu 260-270 manata satılır. Lakin bu, rayonlarda olan qiymətlərdir. Bakıya gətirilən heyvanların qiyməti artır. Satıcılar bildiriblər ki, adətən qoca heyvanlar daha ucuz satılır.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR