Onlayn ictimai-siyasi qəzet
Silahlı quldurluqda ittiham olunan Cavidan Əhmədlinin cinayət işi üzrə məhkəmə prosesi davam edir. Cavidan Əhmədli kuryer işləyib. Ötən ilin sentyabrında o, qeyri-rəsmi nikahda yaşadığı qadının Balaxanı qəsəbəsində yaşanan qohumunun evinə basqın edib.
Musavat.com xəbər verir ki, Cavidan Əhmədlinin cinayət dosyesi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə araşdırılır. Məhkəmə prosesində bir sıra məqamlar müzakirə olunub, Cavidan Əhmədlinin daha bir ağır əməli üzə çıxıb.
İlkin olaraq iş üzrə zərərçəkmiş Solmaz Mirzəyeva çıxış edib. O, Cavidan Əhmədlinin cinayətin icraçısı olduğunu deyib, məhkəmədən xahiş edib ki, iş üzrə şahid də cinayət məsuliyyətinə cəlb olunsun. Onun sözlərinə görə cinayətin əsas təşkilatçısı iş üzrə şahid qismində keçən Südabə Vəliyevadır.
“Cavidan Əhmədli ilə Südabə Vəliyeva əvvəldən sona qədər bu işi birlikdə görüblər. Hadisəni birlikdə törədiblər. Cavidan Əhmədli evimdən hər şeyi yığıb aparıb, sonra da birgə bölüblər. Pul və zinət əşyaları da elə Südabənin evindən çıxıb”.
Hakim Elmin Rüstəmov bildirib ki, əgər zərərçəkmiş tərəf Südabə Vəliyevanın məsuliyyətə cəlb edilməsini istəyirsə, bu barədə yenidən vəsatətlə müraciət etməlidir ki, işə yenidən baxılsın.
İş üzrə şahid Südabə Vəliyeva zərərçəkmişin sözlərinə münasibət bildirməyib. Bundan öncəki prosesdə isə onun istintaqa verdiyi ifadəsi elan olunub.
Müttəhim Cavidan Əhmədlinin vəkili müvəkkilinin ağır sağalmaz xəstəlikdən əziyyət çəkdiyini bildirib. Müdafiə tərəfi bu halın Cavidan Əhmədlinin məsuliyyətini azalda biləcəyini əsas gətirərək hökm çıxarılarkən yüngülləşdirici amil kimi nəzərə alınmasını istəyib. Məhkəmədə Südabə Vəliyevanın Cavidan Əhmədlinin xəstəliyindən xəbərdar olub-olmadığı ilə bağlı məsələyə də toxunulub. Südabə Vəliyeva xəstəliyi əvvəlcədən bilmədiyini, sonradan öyrəndiyini bildirib. Lakin dəqiq nə vaxt xəbər tutduğu barədə sual isə cavabsız qalıb. Cavidan Əhmədlinin mübtəla olduğu ağır və infeksion xəstəliyi gizlətməsi Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cəzalandırılan əməl hesab olunur.
Məhkəmədə iştirak etməli olan digər şahid zərərçəkmişin qonşusu Gülnarə Məhərrəmova isə səhhəti ilə bağlı səbəblərə görə iclasda iştirak edə bilməyib.
Qeyd edək ki, hadisə 2024-cü ilin sentyabrında baş verib. Cavidan Əhmədliyə qarşı Cinayət Məcəlləsinin 181.2.3 (mənzilə qanunsuz daxil olmaqla törədildikdə), 181.2.4 (xeyli miqdarda əmlak ələ keçirilməklə törədildikdə) və 181.2.5 (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
İnarə Hünbət,
Musavat.com
24 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ