İnsanlara hürriyət, millətlərə istiqlal!

Qüdrət Həsənquliyev: “Dostluğumuza ziyan vurmaq istəyən şəxsləri Türkiyə xalqı əfv etməz"

Deputat Qüdrət Həsənquliyev Milli Məclisdəki çıxışı zamanı əvvəlcə sərhəddə baş verənlərdən bəhs edib.

O, qeyd etdi ki, dünən baş vermiş təxribat nəticəsində yenə də bizim bir əsgərimiz şəhid olub. Deputat şəhidimizə Allahdan rəhmət diləyib, yaxınlarına dərin hüznlə başsağlığı verib və bildirib ki, Ermənistan 44 günlük savaşdan nəticə çıxarmayıb: “Onlar yenə də münaqişəni uzatmaq, hansısa möcüzələrin baş verəcəyini gözləməkdədirlər”.

Q.Həsənquliyevin sözlərinə görə, Ermənistanda yenə də bölgədə yeni geosiyasi dəyişikliklərin baş verəcəyini və bundan sonra istədiklərinə nail olacağını düşünürlər: “Çox təəssüf ki, bizim daxilimizdə də məhz ermənilərin güvəndiyi dairələrə bağlı müəyyən insanlar bu cür düşünürlər. Amma cənab Prezident Şuşada bəyan elədi ki, geosiyasi dəyişikliklər Azərbaycanı daha da gücləndirəcək və gücləndirir. Ona görə də onlar nahaq bu cür ümidlərə qapılıb, pozuculuq fəaliyyəti ilə məşğuldurlar. 30 il danışıqları yubatdılar. Onlar konstruktiv mövqe tutsaydılar, beynəlxalq hüquqa sayqı göstərsəydilər, bəlkə də 44 günlük savaş da olmazdı, minlərlə erməni və Azərbaycan əsgəri həyatını itirməzdi. Amma, yenə də söyləyirəm ki, bu millət xəstələnib, “Böyük Ermənistan” xəstəliyinə düçar olub. Onlar qonşuların ərazi bütövlüyünü tanımırlar, bizim daxili işlərimizə qarışmaqdan imtina etmirlər. Çox təəssüf ki, bu işlərdə onlara Fransa kimi dövlətlər də dəstək verir”.

Deputat təəssüflə qeyd etdi ki, hətta bizim qardaş ölkədə müxalifət funksiyasını yerinə yetirən bəzi partiyalar da bu və ya digər formada onları dəstəkləmiş olurlar: “Mən deputat həmkarım Elnur Allahverdiyevin çıxışını tam dəstəkləyirəm və Azərbayacana münasibətdə Türkiyədə səsləndirilən fikirlərdən dərin təəssüf hissi keçirirəm. Cənab Ərdoğanla İlham Əliyev Türkiyə-Azərbaycan münasibətlərini o səviyyəyə qaldırıb ki, orada hansısa hakimiyyət dəyişikliyi də bu münasibətlərə ciddi ziyan vura bilməz. Belə bir cəhd etmək istəyən şəxsləri də Türkiyə xalqı əfv etməz. Ona görə də mən növbəti dəfə Ermənistanın bu təxribatçı fəaliyyətini qınayıram. Azərbaycan Respublikası Prezidentinin Fransanın iştirakı ilə hər hansı bir danışıqda iştirak etməyəcəyinə dair mövqeyini növbəti dəfə dəstəkləyirəm və alqışlayıram. Hesab edirəm ki, Fransa Ermənistanın “böyük bacısı” kimi özünün tərəfsizliyini nümayiş etdirə bilməyib. Ona görə də, bu proseslərdə iştirak etməməlidir və Azərbaycan da buna imkan verməməlidir”.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR