Onlayn ictimai-siyasi qəzet
Dünya siyasətində maraqlı proseslər gedir. ABŞ-ın təzə-köhnə prezidenti Donald Tramp hələ vəzifəni əldə etməyib, ancaq azı 2 vəzifəni qahımlarına vermişdir. Bunların ikisi də Trampın qudalarıdır. Biri Çarlz Kuşner adlı yoldaşdır, onu ABŞ-ın Fransada səfiri qoyacaqdır. Kuşner Trampın birinci övrəti İvana xanımdan dünyaya gəlmiş qızı İvanka xanımın qayınatasıdır. İkinci quda isə Trampın ikinci övrəti Marla Meyplz adlı xanımın doğduğu Tiffani müəllimənin qayınatasıdır, ismi-şərifi İsrail kəşfiyyatını xatırladan Massad Bulos olan bu qahımı da Orta Doğu və ərəb ölkələri üzrə müşavir qoyacaqdır. (Ən yağlı vəzifələrdən biridir, biləsiniz. Amerikalıların ərəblərlə həmişə babat alveri olubdur).
Bayden da boş dayanmır, gethagetdə oğlu Hanter Baydeni sərəncamla əfv edibdir. Hanter müəllim vergi qaçaqlığı, qanunsuz silah gəzdirmə, narkotik-filan kimi bir buket cinayətdə suçlanırdı. Maşallah. Amma prezidentin şəxsən oğlunu əfv eləməsi Amerika siyasətində nəsə yeni üfüqlər açıldığını göstərir.
Böyük ehtimalla gələn il prezident andı içəndən sonra Donald müəllimin birinci fərmanı da özünü əfv etmək olacaqdır. Çünki hazırda onun üzərində, yalan olmasın, 42 cinayət işi durur.
Nə oldusa, elə bizim Əli bəyə - AXCP sədrinə oldu. Bugünlərdə məhkəmə onu 1500 manat cərimə etdi. Əli bəyi də kimsə əfv eləsə yaxşı olar.
Bu arada keçən yazımda İmişlinin inqilabi inkişafından bəhs etmişdim, cızmaqaranın kilobaytı qurumamış belə xəbər gördüm: hazırda İmişlinin 4 futbol komandası varmış! 1, 2, 3 və sairə liqalarımızda top qovurmuşlar. Jurnalist yazmışdı ki, bu, Azərbaycan futbolunda görünməmiş hadisədir: 1 rayonun 4 komandası olması!
Buyur. Həmin yazını aparıb bəzi müxalifətçi deputatların gözünə soxmaq lazımdır. O şəxslər ki, keçən həftə İmişlinin problemlərindən qırıldadırdılar. Hanı? Problem olan yerdə dörd komanda olar? Yaxşı yaşadıqları üçün futbolla məşğuldurlar. Əlbəttə, utanmasan “dərddən oynayırlar” demək də olar.
Söz açılmışkən, milli futbol komandamızın da uğurları kəhkəşana yüksəlir. Baş məşqçi Santuş müəllim günaşırı heyəti təzələyir, hər bir azərbaycanlını orda oynatmağa çalışır. İspaniyanın 5-ci liqasında oynamış bir gənci də komandaya çağırmışdı.
Təsəvvür elə. 5-ci liqa. Ancaq əsas İspaniya deyilmi? Bizim bir qahım yayda turist kimi Barselonaya getmişdi. İndi Santuşdan dəvət gözləyir. Hər gün qəlyanda, yemək-içməkdədir. Tam formasındadır. Milli komandamızın idman şərəfini hara desən uzatmağa... üzr istəyirəm, ucaltmağa hazırdır.
Əsas balet elədiyimiz milli komandalardan biri - 19 yaşa qədər qadınlardan ibarət futbolçularımız da Avropa çempionatının seçmə oyunlarını nəhayət bitirdi. Bütün oyunları böyük hesabla uduzmaqları bir yana, ən sevindiricisi odur ki, qızlar rəqib qapılarını toxunulmaz saxladılar. 1 top belə vurmadan vətənə dönmüşlər! Dini dəyərlərimizə, milli mentalitetə sədaqət nümunəsidir, çünki futbolda qol vuran oyunçu bəzən maykasını çıxarır. Allaha şükür, bizim qadın futbolçuları belə təhlükə gözləmir.
Ancaq heç şübhəsiz, ən maraqlı oyunumuz noyabrın 21-də Qəbələ şəhər stadionunda keçirilmişdir. Orada eyni adlı yerli klub Ağcabədinin “Olimpiya” komandası ilə yoxlama görüşündə 20:0 qalib gəlmişdi. Mən ərinmədim, qol vuranları saydım, 12 nəfər çıxdı. 12 nəfər 20 qol vurmuşdu. Futbolda oyun zamanı hərə 11 nəfərlə oynayır, bəs bu necə olub? Avtoqol da yox idi. Demək bu məşqçi hələ ərinmədən əvəzetmə-zad da edibdir.
Trampla başlayıb Ağcabədinin “Olimpiya” komandası ilə yazını bitirmək də həyatımızın dinamik inkişafını göstərir.
04 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ