İnsanlara hürriyət, millətlərə istiqlal!

Qrossi: "Tehranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün..."

 

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi İranın bir neçə dəfə Birgə Kompleks Fəaliyyət Planı (JCPOA) adlanan sazişin şərtlərini kobud şəkildə pozması barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, əslində, bu sazişin özü də mənasını itirib və diplomatik səylər heç bir nəticə verməyib. “Danışıqların tərəfi olan ölkələrin heç biri bu sənədin “ölü” olduğunu bəyan etməsə də, hər kəs onun mənasız olduğunu bilir”, -deyə AEBA-nın baş direktoru bəyan edib.

AZƏRTAC xəbər verir ki, R.Qrossi ötən həftə Brüsseldə Avropa Parlamentinin sessiyasında İranın nüvə silahı istehsal etmək üçün kifayət qədər materiala malik olduğunu bildirib. O qeyd edib ki, artıq bu ölkə 70 kiloqram çəkisində uranı 60 faiz və əlavə olaraq, daha 1 tonu 20 faiz zənginləşdirə bilib. Beləliklə, İran çox tez bir zamanda nüvə silahına malik ola bilər və bu istiqamətdə işlərin 90 faizini başa çatdırıb.

AEBA-nın baş direktorunun bəyanatı Körfəzin Əməkdaşlıq Şurasının (KƏŞ) ciddi narahatlığına səbəb olub və bu təşkilat Qərb ölkələrini İranı danışıqlar masası arxasına oturtmağa məcbur etməyə çağırıb. Ərəb dövlətlərinin birləşdiyi KƏŞ hesab edir ki, Yaxın Şərq regionunda sülhə və təhlükəsizliyə ciddi təhdid olan qüvvələri dəstəkləyən Tehranın nüvə silahına malik olması yolverilməzdir. Şuranın baş katibinin müavini Abdel Əziz Aluvayşeq Səudiyyə Ərəbistanının “Arabnews” nəşrində dərc etdirdiyi məqalədə qeyd edib ki, Tehrandakı radikal qüvvələr bu prosesin tezliklə başa çatdırılımasını tələb edirlər. O yazıb: “Onu da vurğulamaq yerinə düşər ki, danışıqların aparıldığı illərdə də İran vaxt qazanmaqla əlavə resurslar əldə etməyə və nüvə silahı ilə bağlı niyyətini yerinə yetirməyə can atırdı. Rəsmi Tehran 2015-ci ildə JCPOA-nı qəbul edərkən də bu hədəfə nail olmağa çalışıb. Belə ki, həmin sazişin imzalanmasından sonra Qərbin sanksiyalarının yumşaldılması İran üçün nəfəslik rolunu oynayıb. Lakin Tehranın qeyri-konstruktiv mövqeyi bu prosesin uzun müddət davam etməsinə imkan vermədi. Belə ki, 2018-ci ildə ABŞ, bu yaxınlarda isə İran rejiminin etirazçılara divan tutmasına cavab olaraq Avropa İttifaqı yeni sanksiyalar tətbiq etdi. Artıq Qərbin terrorçu dövlət kimi qəbul etdiyi İranla yeni danışıqlar aparacağı ehtimalı çox azdır”.

KƏŞ rəsmisi hesab edir ki, JCPOA-nın indiyə qədər İranın nüvə silahı əldə etməsinə mane ola bilməməsi beynəlxalq ictimaiyyətin böhrana yanaşmasının yenidən qiymətləndirilməsini tələb edir. Əvvəllər “P5+1” formatında müzakirəçilər 2015-ci ildə sazişin bağlanmasının İranın bölgədəki davranışında mötədilliyə gətirib çıxaracağına ümid edirdilər, lakin Suriya, Livan, Yəmən və başqa yerlərdə Tehranın pozucu fəaliyyəti nəticəsində bunun əksi baş verdi. Şübhə yoxdur ki, İranın nüvə proqramı Yaxın Şərq regionu və onun hüdudlarından kənardakı ölkələr üçün ciddi təhlükə yaradır və Tehranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün diplomatik səylər davam etdirilməlidir.

Abdel Əziz Aluvayşeq hesab edir ki, İranın regionda və bütün dünyada təşviş doğuran digər fəaliyyəti - dronların, ballistik və qanadlı raketlərin istehsalının artması, eyni zamanda, Tehranın dəstəklədiyi terrorçu və məzhəb qrupları regionda fəsadlar törədir. Digər tərəfdən, silah istehsalına ayrılan külli miqdarda vəsait İran iqtisadiyyatını çökdürür və bu vəziyyət əlavə təhlükə mənbəyidir.

Ekspertlərin qənaətinə görə, bu gün 80 milyondan çox əhalisi, zəngin təbii sərvətləri, o cümlədən böyük neft və qaz ehtiyatları olan İranın ümumi daxili məhsulu militarist siyasət nəticəsində çox aşağı səviyyədədir. Bu, Tehranın qonşularını narahat edən daha bir ciddi amildir. İran iqtisadiyyatının tezliklə tam iflas olacağı ehtimalı region üçün bir neçə faciəli ssenarilər vəd edir.

Birinci ssenari regional nüvə silahlanma yarışıdır. Nüvə danışıqları nəticəsiz davam edə bilər, lakin İran rejimi diplomatik səylər pərdəsi altında nüvə proqramını davam etdirəcək. Belə olan halda, həmçinin AEBA-nın prosesə nəzarət edə bilməyəcəyi təqdirdə, Tehran nüvə silahına nail olacaq. Bunun qarşılığında isə Yaxın Şərq regionunda digər ölkələr də İranın təhdidinə qarşı nüvə silahlanma yarışına girə bilər.

İkinci ssenari, İranın başqa bir Şimali Koreyaya, yəni nüvə hərbi diktaturasına çevrilməsi, ağır sanksiyalara məruz qalmış və təcrid olunmuş bir dövlət olmasıdır. Bu ölkədə əhalinin dünyanın qalan hissəsi ilə əlaqəsi kəsiləcək, yoxsullaşma daha da dərinləşəcək.

Üçüncü ssenari, İranın Suriya, Liviya və Yəmən kimi “ərəb baharı” adlanan dövlətlərin taleyinə bənzər xaosa düşməsi və idarəsiz olmasıdır.

Ərəb politoloqları hesab edirlər ki, İranla nüvə danışıqlarının indiyə qədər səmərəsiz olması prosesin dar çərçivədə aparılması və Yaxın Şərq dövlətlərinin kənarda qalması ilə bağlıdır. KƏŞ ölkələri təkcə coğrafi baxımdan İrana yaxın deyil, həm də onun ballistik raketləri, PUA-ları və bədxah siyasətindən əziyyət çəkiblər. Nüvə proqramından ən çox itirəcək olan da məhz bu dövlətlər olacaq. Bəziləri KƏŞ-in danışıqlarda iştirakının əhəmiyyətini şübhə altına alıb, amma əslində, İslam dövlətlərinin bu prosesə daha çox faydası ola bilər. Onlar İranın regionla münasibətlərini normallaşdırmaq və onun iqtisadiyyatını qonşuları ilə inteqrasiya etmək perspektivini təmin etməklə danışıqların irəliləməsinə kömək edə, lazım gəldikdə təzyiq də göstərə bilərlər.

“Arabnews” yazır: “Körfəz Əməkdaşlıq Şurası İranın nüvə silahı təhlükəsini ciddi qəbul etməyə və yeni formatda danışıqlar aparmağa çağırır. Ərəb ölkələri hesab edirlər ki, Qərbin Tehranla imzaladığı JCPOA sazişi formatında müzakirələr artıq aktuallığını itirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR