İnsanlara hürriyət, millətlərə istiqlal!

Qranada zirvəsinə diplomatik “Bir millət, iki dövlət” cavabı

Azərbaycan Prezidenti regional sülh gündəliyinə sadiqliyini və Şarl Mişelin iştirakı ilə aparılan Brüssel prosesini yaxından dəstəklədiyini bəyan edib

Azərbaycanın İspaniyanın Qranada şəhərində oktyabrın 5-də keçirilməsi planlaşdırılan beştərəfli görüşdən imtina etməsi günün əsas müzakirə mövzularındandır. Qeyd edək ki, oktyabrın 5-də Qranadada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində beştərəfli görüş baş tutmalı idi.

Artıq rəsmi Bakının görüşdən imtina etməsinin səbəbləri açıqlanıb. Bildirilib ki, Azərbaycan görüşdə Türkiyənin iştirakını təklif etmişdi və bunda israr edirdi. Lakin buna imkan verilməyib, bu məsələdə Fransa və Almaniya xüsusi canfəşanlıq nümayiş etdirib. Beləliklə, Azərbaycana təklif olunan beşli formatda (Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqı) anti-Azərbaycan ab-havası formalaşıb ki, bu da qəbulolunmazdır. APA-nın yaydığı məlumata görə, Fransa rəsmilərinin (müdafiə naziri, xarici işlər naziri və s.) ermənipərəst bəyanatları, XİN başçısının Ermənistana səfəri və hərbi əməkdaşlıq, silah-sursat veriləcəyi haqda açıqlamalar, Aİ Şurasının Prezidenti Şarl Mişelin dünənki Azərbaycanı ittiham edən açıqlaması fonunda Azərbaycan bu formatda danışıqlarda iştiraka lüzum görməyib. Buna görə Azərbaycan görüşdən imtina edib və Prezident İlham Əliyev Qranadaya getməyib. Çünki belə format Azərbaycana lazım deyil. Bakı regiondan uzaq ölkələrlə regionun problemlərini müzakirə etməyə lüzum görmür. Bakı hesab edir ki, bu məsələlər regional çərçivədə müzakirə və həll edilə bilər. Bununla belə, əvvəlki Aİ-Azərbaycan-Ermənistan üçlü formatı gündəmə gələrsə, Azərbaycanın görüşdə iştirakı mümkündür.

Azərbaycan dövləti qardaş Türkiyəyə qarşı həqarətə göz yuma bilməzdi və ən yüksək səviyyədə nümayiş etdirilən mövqe də qardaşlığımızın əbədi olmasının növbəti nümunəsidir. Ötən ay Naxçıvanda baş tutan iki qardaş ölkənin başçılarının görüşündə Prezident İlham Əliyev Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana BMT Baş Assambleyasındakı mövqeyinə görə təşəkkürünü bildirmişdi. Görünür, Azərbaycan və Türkiyənin “Bir millət, iki dövlət” olaraq yoluna davam etməsi, bu barədə hətta BMT tribunasından  Ərdoğanın bəyanat səsləndirməsi, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bildirməsi ermənipərəst paytaxtlara xoş gəlməyib. Əks təqdirdə, bölgədə sülhün təmin olunmasından ötrü əlindən gələni edən Türkiyənin ən yüksək səviyyədə Qaranada görüşündə iştirak etməsinə maneçilik törədilməzdi.

Əslində Azərbaycan və Türkiyə Qərbin mövqeyindən təəccüblənmir. Bundan əvvəl dəfələrlə Ankaranın həmsədrliyi barədə təşəbbüslərə mənfi reaksiyalar verilib. Bu gün bütün olanlara rəğmən, Türkiyə Ermənistanla normal qonşuluq münasibətləri qurmaqda maraqlı olduğunu bəyan edir, sərhəd qapılarını belə, açmaq istəyir. Amma Ermənistanı himayə edən qüvvələr bu yaxınlaşmanın da əleyhinədirlər.

Təsəvvür edin, İrəvan-Ankara danışıqlarının  getməsi fonunda Fransa XİN başçısı Ermənistana gəlir və Ağrı dağının şəklini çəkib paylaşaraq bu ərazilərə ermənilərin saxta iddiasını tirajlayır. Daha konkret: Fransanın xarici işlər naziri  İrəvana səfəri ilə bağlı Türkiyəyə məxsus Ağrı dağının fotosunu paylaşıb və belə bir şey yazıb: “Mən Ermənistana qayıtdım”. Bu, diplomatik etiketin pozulmasından başqa, həm də mənəviyyatsızlıq, tarixə hörmətsizlikdir. Eyni zamanda Fransa guya sülh tərəfdarı olduğunu nümayiş etdirir, ancaq Ermənistana hərbi texnika yardımı edəcəyi barədə anons verir. Bu mənada hesab olunur ki, Fransanın iştirak etdiyi heç bir format Azərbaycan üçün məqbul deyil, Bakı belə platformada iştirak etməyəcək.

Artıq qardaş ölkədən də reaksiyalar gəlir.

Türkiyənin tanınmış jurnalisti Fatih Altaylı Azərbaycanın İspaniyanın Qranada şəhərində keçirilən görüşə getməməsinə münasibət bildirib. Musavat.com xəbər verir ki, bu barədə o, özünün Youtube kanalında danışıb. “Bunlar (Fransa, Almaniya-red.) illərlə Azərbaycan torpaqlarının işğalına göz yumdular, tüklərini belə tərpətmədilər. Bu gün gəldiyimiz an etibarı ilə gördük ki , Azərbaycan öz gücü hesabına torpaqlarını işğaldan azad etdi. Bununla da vaxtilə öz yurdlarından didərgin edilmiş milyona yaxın Azərbaycan türkünün geri dönməsinə imkan açıldı. Vaxtilə Azərbaycan bu məsələdə hər cür hüquqsuzluğa məruz qalmışkən heç bir şey etməyən bu dövlətlərin indi ortalığı qarışdırıb, Azərbaycana "gəl masaya otur" deməsindən daha alçaq, daha mənasız, daha beynəlxalq hüquqa zidd heç nə yoxdur. Azərbaycan bunlardan, sadəcə, müzakirələrdə Türkiyənin yanında olmasını istədi. Bakının dediyi nə idi: madam ki, qarşımda bir cəbhə qurursuz, mən də yanımda əlini tutacağım bir ölkə görmək istəyirəm. Azərbaycan tələbində sonuna qədər haqlıdır. Mən də onların yerinə olsam həmin masaya oturmaram. Azərbaycan türklərinin öldürülməsinə göz yumanlar, indi heç incidilmədikləri halda ermənilər üçün vay-şüvən qoparırlar. Buna qarşı gəlmək Azərbaycanın ən təbii haqqıdır", - deyə Fatih Altaylı söyləyib.

Qeyd edək ki, Ermənistandan fərqli olaraq, Azərbaycan Qranada görüşündə iştiraka, həmçinin sülhə doğru konkret addımlar atmağa hazır idi. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev iki ölkə liderləri arasında danışıqlara hazırlıq məqsədilə sentyabrın 26-da Brüsseldə görüşmüşdülər. Lakin Qranada görüşü ərəfəsində Ermənistan tərəfdən növbəti dəfə sərhəd təxribatı törədildi, hərbçimiz şəhid oldu.

Bütün bunlara baxmayaraq, rəsmi Bakı sülhə sadiqlik nümayiş etdirir. “Azərbaycan və Ermənistan dərhal sülh danışıqlarını bərpa etməlidir”. Bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ABŞ-nin Hudson İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Maykl Doran və Hudson İnstitutunun baş elmi işçisi Lyuk Koffinin suallarını cavablandırarkən deyib. “Dərhal sülh danışıqlarını, sərhədlərin delimitasiyası məsələsi ilə bağlı müzakirələri bərpa etməliyik və əlbəttə ki, kommunikasiyaların bərpasını müzakirə etməliyik. Bunlar sülh prosesinin üç əsas istiqamətidir və onların böyük perspektivləri var”. E.Əmirbəyovun sözlərinə görə, Qarabağdakı qeyri-qanuni rejimin ləğvi regionda daha geniş sülhə gedən əsas maneəni aradan qaldırıb. O, Azərbaycanın bu yolda daha bir maneəni - öz suveren ərazisində Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi mövcudluğunu aradan qaldırdığını da vurğulayıb. Prezidentin nümayəndəsi qeyd edib ki, Azərbaycan Qarabağ regionunun erməni sakinləri ilə fəal dialoq aparır və reinteqrasiya planları Qarabağ ermənilərinin sosial, iqtisadi, siyasi, mədəni və dini hüquqlarını həyata keçirə biləcəkləri müxtəlif sahələri əhatə edir.

  Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömər Çelik bildirib ki, Ankara İlham Əliyevin Qranada görüşündən imtina etməsini təqdir edir. Avropa Qarabağın azad edilməsindən narahatdır. "Məhz buna görə də onlar Türkiyə Prezidentinin Qranada görüşündə iştirak etməsini istəmir. Qafqazda həqiqətən sülh istəyənlər bu görüşdə ilk olaraq Rəcəb Tayyib Ərdoğanın iştirak etməsini istəməlidir", - deyə o qeyd edib.

Ermənistanın baş naziri Nikol Paşinyan isə beştərəfli görüşün keçirilməməsinə baxmayaraq, İspaniyaya gedib. Paşinyan qeyd edib ki, Ermənistan nümayəndə heyəti sammitdə öz mövqeyini daha ətraflı təqdim etməyə çalışacaq. Qeyd edək ki, bundan əvvəl Moldovada keçirilən sammit zamanı Olaf Şolts, Emmanuel Makron və Şarl Mişelin iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçirilib.

Azərbaycan Prezidentinin imtina qərarının ardınca Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında regional məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycan Prezidentinin Mətbuat Xidməti bu barədə məlumat yayıb. Olaf Şolts region ölkələrinin ərazi bütövlüyünə və suverenliyinə Almaniyanın dəstəyini ifadə edib. O vurğulayıb ki, ölkəsi Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin rəhbərliyi ilə aparılan Brüssel prosesini dəstəkləyir. Almaniya kansleri BMT-nin ölkəmizdəki rezident əlaqələndirici missiyasının Azərbaycanın Xankəndi şəhərinə səfərinin müsbət bir addım olduğunu deyərək bunu yüksək qiymətləndirib. Dövlət başçısı Azərbaycanın regional sülh gündəliyinə sadiqliyini və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə aparılan Brüssel prosesini yaxından dəstəklədiyini vurğulayıb.

Beştərəfli görüş Azərbaycanın növbəti diplomatik qələbəsi ilə yadda qaldı”-Tural  İsmayılov

Tural İsmayılov

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov “Yeni Müsavat”a bildirdi ki, Qranada görüşündə Türkiyənin iştirakı sabotaj edilirdi: “Bu regionla heç bir əlaqəsi olmayan, müstəmləkəçi Fransanın iştirak etdiyi görüşdə Türkiyə kimi qlobal siyasi gücün olmaması qəbuledilməzdir. O baxımdan Qranada görüşünün Azərbaycan və Ermənistan arasında münasibətlərə hansısa müsbət təsiri ola da bilməzdi. Azərbaycan Qərb formatlı görüşlərdən heç vaxt yayınmayıb. Daha əvvəl Brüssel və Vaşinqton formatlarında iştirak etmişik. Amma Fransanın dağıdıcı mövqeyi Qərb formatlarını gözdən salıb”. Ekspert qeyd etdi ki, Prezidentin köməkçisi Hikmət Hacıyevin səfəri Azərbaycanın Brüssel formatından imtina etmədiyini göstərir: “Əgər Ermənistan və Fransa yenə sabotajlar etməsələr, Şarl Mişelin moderatorluğu ilə görüşlər davam edə bilər”.

E.PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR