Onlayn ictimai-siyasi qəzet
“Müəllimlərə bahalı daş-qaş verilməməlidir. Müəllimlik müqəddəs peşədir. Lakin çox təəssüflər olsun ki, bizim bəzi müəllimlərimiz və məktəb direktorlarımız müqəddəs peşəadını kənara qoyaraq müxtəlif maraqlardan çıxış edirlər. Pul yığırlar, pul verməyən müəllimləri direktorlar təhqir edir. Bu məsələyə Elm və Təhsil Nazirliyi səviyyəsində dəfələrlə toxunulmalıdır ki, bilsinlər ki, belə hal olduqda müəllim məktəbdən qovulacaq”.
Bu fikirləri Musavat.com-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.
Onun sözlərinə görə, cəmiyyətdə sosial ədalətsizlik hökm sürür: “Onsuz ki, cəmiyyətdə müəyyən qütbləşmə var. İnsanların maddi durumunun aşağı düşməsi onlarda çox böyük stresslər yaradır. Kasıblaşma prosesindən doğan cinayətlərin sayı da artmaqdadır. Ona görə də son zəngə hazırlaşan şagirdləri pul vermədi deyə utandırmaq olmaz. Bu hal şagirdi stressə salır”.
Ç. Qənizadə bildirib ki, təhsilimizdə böyük problemlər var: ”Mən hesab edirəm ki, ümumiyyətlə, Azərbaycan təhsil sistemi ciddi tənqidə layiqdir. Ləyaqətli və saf müəllimlərimiz bu bataqlığın içəriisndə çabalayırlar. Cəmiyyət də bu vəziyyətə “dur” deməlidir. Ləyaqətli müəllimlərin adının qorunması ilə bağlı addımlar atılmalıdır ki, digərləri təhsil sistemində öz bildikləri kimi hərəkət etməsinlər, bəhanələrlə pul yığmasınlar. Bunun qarşısını almaq üçün nazirlik tədbir görməlidir. Əksinə nazirlik uzun illərdir ki, məktəbli çantasının çəkisini azalda bilmir. Körpə uşaqlar 5-6 kilo ağırlığında çantalarla məktəbə gedirlər. Bu problemlər həllini tapmalıdır.
Hesab edirəm ki, sadaladığım hallara görə təkcə müəllimlər yox, direktorlar da cəzalandırılmalıdır. Çünki müəllim məktəb direktorundan çəkinməlidir. Əgər müəllimin hansısa hərəkəti məktəb direktorunun nəzarətindən çıxırsa, deməli o da yerində deyil”.
Hüquqşünasın sözlərinə görə, təmtaraqlı “Son zəng”in keçirilməsi, şagirdlərin restoranlarda bunu qeyd etməsi, valideynin övladına son zəng münasibəti ilə maşın hədiyyə etməsi, yaxud da öz maşınını rəsmi icazə olmadan sürməyə verməsi müxtəlif hadisələrə gətirib çıxarır: ”Valideynlər bəzi hallarda övladlarına “yox” deməyi bacarmalıdır. Burada müəllim və valideyn birgə çalışmalıdır. Lakin təəssüflər olsun ki, məktəbdən pul tələb edirlər, valideynlər isə buna tabe olurlar. Nəticədə xoşagəlməz görüntülər ortaya çıxır.
Son görüntülərdə müəllim deyir ki, valideynlərin ona zinət əşyası bağışlayacağından xəbəri olmayıb. Əgər xəbərin yox idisə, götürməli deyildin. Elə bir şey yoxdur, bu, əvvəlcədən hazırlanmış tədbirdir. Ona görə də töhmətlə kifayətlənmək lazım deyil. Şagirdin valideynindən qızıl hədiyyə alan müəllim məktəbdən kənarlaşdırılmalıdır. Əgər o, müəllim adını ləyaqətlə qoruya bilmirsə, qoy gedib süpürgəçi işləsin. Doğrudur, müəlli8mlərin əmək haqları ilə bağlı vəziyyət 3-5 il əvvəl daha pis idi, amma indi müəyyən qədər artımlar olub. Lakin bu heç kimə əsas vermir ki, valideynləri hədiyyə almağa məcbur etsin”, -deyə Ç. Qənizadə bildirib.
Qeyd edək ki, Tovuz rayonunda bir orta məktəb müəlliminə aid olduğu iddia edilən qalmaqallı görüntülər sosial şəbəkələrdə geniş yayılıb. Söhbət Əlimərdanlı kəndindəki M.Musayev adına tam orta məktəbin müəllimi Günel Məmmədovadan gedir.
İddiaya görə, o, özünə təmtəraqlı tədbir təşkil edib və valideynlərdən hədiyyə olaraq zinət əşyaları tələb edib. Qazax-Tovuz Regional Təhsil İdarəsi hadisə ilə bağlı araşdırma başladıldığını açıqlayıb. Müəllim isə bildirib ki, bu təşəbbüsdən əvvəlcədən xəbəri olmayıb.Lakin buna baxmayaraq, ona intizam xarakterli töhmət verilib.
Şahanə Rəhimli,
Musavat.com
12 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ