İnsanlara hürriyət, millətlərə istiqlal!

Qorxunc İDDİA - Meymunçiçəyi virusu BELƏ YAYILIR

“Adamları öldürmək, məhv etmək üçün həmin xəstəliyi meymundan insana yeridiblər”. Belə bir ilginc iddianı Azərbaycan Tibb Universitetinin dosenti, fizioloq, tibb üzrə fəlsəfə doktoru Rəşid Mahmudov səsləndirib.

O bildirib ki, meymunçiçəyi qorxulu xəstəlikdir: “1982-ci ildə alimlər sübut etdi ki, Konqonun yaxınlığında böyük bir meşəlik var. Burada meymunlar yaşayır. Bu meymunlarda da çoxlu sayda çiçək xəstəliyi var idi. Bu yaxınlara qədər həmin meymunlar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən nəzarətdə saxlanılırdı. Qorxurdular ki, həmin xəstəlik insanlara keçər. Özləri bilərəkdən yaydılar. İstəyirlər ki, dünya əhalisinin sayını 7 milyarddan 1 milyarda salsınlar. Artıq Azərbaycanda bir insanda bu xəstəlik tapılıb”.

Qeyd edək ki, bu iddianın müəllifi sıradan biri yox, tibb üzrə fəlsəfə doktorudur. Odur ki, sual yaranır: Rəşid Mahmudovun fikrini onun həkim həmkarları bölüşürmü?

Qeyd edək ki, bundan əvvəl də ABŞ Milli Sağlamlıq İnstitutunun (NIH) və Çinin Uhan şəhərindəki bir laboratoriyanın 2022-ci ildə bu xəstəliyin yayılmasından əvvəl də meymun çiçəyi üzərində “işlədiyi” iddia edilir. Onlar deyirlər ki, yeni xəstəliklərin yayılmasının Uhan laboratoriyasında başlaması ehtimalı yüksəkdir.

Rusiya mediasının yazdığına görə bu iddia doğru deyil. Uhan Virusologiya İnstitutunun alimləri PCR testi üçün şablon əldə etmək üçün meymunçiçəyi virusunun genomunu tədqiq ediblər. Müəlliflər məqalənin təsvirində qeyd olunduğu kimi, təhlükəsizlik məqsədilə öz işlərini xüsusi olaraq meymunçiçəyi genomunun bir parçası ilə (bütün genomun əvəzinə) məhdudlaşdırıblar. Onların araşdırmaları 2022-ci ilin fevral ayından onlayn olaraq mövcuddur.

ABŞ Milli Sağlamlıq İnstitutuna daxil olan Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun (NIAID) alimləri də meymun çiçəyi xəstəliyini tədqiq ediblər. Onlar xəstəliyə qarşı peyvəndin və antiviral vasitələrin hazırlanmasında əsas rol oynayıblar və Afrika ölkələrində meymun çiçəyi xəstələrinin diaqnozuna kömək ediblər. NIAID, həmçinin virusun xüsusiyyətlərini və mümkün variantlarını daha yaxşı başa düşmək üçün onun genomik ardıcıllığını həyata keçirir.

Meymun çiçəyi ilk dəfə 1958-ci ildə meymunlarda, 1970-ci ildə insanlarda qeydə alınıb. Virusun təbii mənşəyi məlum deyil, lakin virusun Afrika gəmiricilərindən (dələ, Qambiyalı hamster siçovulları və s.) və primatlardan (meymunlar kimi) insanlara keçməsi qeydə alınıb. Xəstəliyin əsas yayılma sahəsi Mərkəzi və Qərbi Afrikada tropik meşələrə yaxın ərazilərdir. Meymunçiçəyi virusunun süni şəkildə yaradıldığına dair heç bir sübut yoxdur. Elm adamları meymunçiçəyi xəstəliyinin mövcudluğu haqqında ən azı 1950-ci illərin sonlarından bəri bilirdilər. Ona görə də elmi ictimaiyyətin hələ də ictimai sağlamlıq üçün təhlükə yaradan xəstəliklə bağlı araşdırma aparması məntiqlidir.

Bu arada, TƏBİB meymunçiçəyinə yoluxmuş Azərbaycan vətəndaşının vəziyyəti barədə açıqlama verib.  Qeyd edilib ki, meymunçiçəyi virusuna yoluxan şəxsin müvafiq tibb müəssisəsində müalicəsi davam etdirilir, hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir".

Yada salaq ki, Səhiyyə Nazirliyi və TƏBİB-in birgə məlumatında 02-11 yanvar 2025-ci il tarixlərində 22 yaşlı Azərbaycan vətəndaşının xarici ölkəyə turistik səfər etdiyi və oradan döndükdən bir neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət etməsi, onda meymunçiçəyi virusunun aşkarlanması bildirilmişdi.

“Meymunçiçəyinə görə riskli ölkələrdən daxil olan sərnişinlərə xüsusi diqqət yetirilir”. Bu barədə Dövlət Gömrük Komitəsi tərəfindən məlumat yayıb. Qeyd edilib ki, hava limanları və digər dövlət sərhədindən buraxılış məntəqələrində meymunçiçəyi virusunun ölkə sərhədindən sirayət etməsinin qarşısının alınması istiqamətində Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən bir sıra tədbirlər həyata keçirilir.

“Ümumdünya Səhiyyə Təşkilatının məlumatları əsasında meymunçiçəyinə görə riskli ölkələr müəyyən edilib və həmin ölkələrdən daxil olan sərnişinlərə xüsusi diqqət yetirilir. Mütəmadi olaraq DGK-nın Tibbi Xidmət İdarəsi tərəfindən dövlət sərhədindən buraxılış məntəqələrində gömrük əməkdaşlarına xüsusi təhlükəli infeksiyalara dair maarifləndirici təlimlər keçirilir və son dövrlərdə daha çox meymunçiçəyinin klinik əlamətləri, yoluxma yolları və profilaktikasına xüsusi diqqət yetirilir.

Hərarəti yüksək olan sərnişinlərin aşkar edilməsi üçün mövcud texniki imkanlardan istifadə olunur. Xəstəliyə şübhəlilərin ilkin tibbi baxışının keçirilməsi və epidemioloji sorğunun aparılması ilə əlaqədar hazırlıq səviyyəsi artırılıb. Xəstəliyə şübhəli şəxslər aşkar edilərsə, növbəti addımlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və müvafiq qurumlarla birgə “Azərbaycan Respublikasının gömrük-sərhəd buraxılış məntəqələrində xüsusi təhlükəli infeksiyalara qarşı əks-epidemik tədbirlərə dair Təlimat”a əsasən həyata keçiriləcək", - məlumatda vurğulanıb.

Medicina.az - Zülfüqar Yusifov - MD, FİPP, CİPS, TTT, İnvaziv ağrı  mütəxəssisi, fleboloq

Zülfüqar Yusifov

Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov mövzu  bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Virusların süni yaradılması ilə bağlı müxtəlif versiyaları ara-sıra biz də görürük. İstər meymunçiçəyi, istər digər viruslar, istərsə də yaxınlarda rast gəldiyimiz pandemiya xarakterli COVİD-19 virusu olsun, bunların süni şəkildə yayılması ilə bağlı fikirlər var. Əlbəttə ki, nəzəri cəhətdən bütün bunlar mümkündür. Biz tez-tez bioloji silahlar barədə eşidirik. Belə ki, bəzi ölkələrin arsenalında bioloji silahların olduğu söylənilir. Bu silahların baza hissəsini öldürücü viruslar təşkil edir.

Bütün bunlar nəzəri baxımdan mümkündür. Bəzi vasitələr düzgün istiqamətdə istifadə olunarsa, yəni bu texnologiyalar faydalı şəkildə yönəldilərsə və bir sıra ağır xəstəlikərin profilaktikasına ayrılarsa, bir çox problemlərin həllinə töhfə verə bilər. Ancaq bu vasitələr niyyəti xoş olmayan, etibarsız əllərə düşdükdə, olduqca təhlükəli olurlar. Necə ki, bir zamanlar Eynşteyn tərəfindən atom kəşf edilərkən, ilk düşüncələr enerji üçün istifadə etmək idi. Amma çox qısa müddətdə bundan siyasətçilər və yaxud müharibəyə hazırlıqda dünya gücünə sahib olmaq istəyənlər tərəfindən silaha çevrildi. Atomun formulu bir silaha çevrildikdən sonra, qısa müddət ərzində Xirosima və Naqasakidə dünyanı və insanlığı sarsıdan böyük faciə yaşandı.

Bu tip misalları artırmaq olar və viruslar da bu qəbildəndir. Bunlar da bioloji silah kimi insanlığa qarşı istifadə edilə bilir. Sadəcə, meymunçiçəyi ilə bağlı bu fikri irəli sürmək çətin olardı. Çünki əlimizdə konkret fakt yoxdur. Yəni belə bir şey olsaydı, bununla bağlı biz məlumat almış olardıq. Ən azından, müəyyən xüsusi xidmət orqanlarında belə məlumatlar olardı. COVİD-19-la bağlı fikirlər ondan ibarətdir ki, Çində bəlli bir laboratoriyadan səhlənkarlıq nəticəsində virusun bir bazara yayılması dünyada böyük bir fəlakətə səbəb olub. Səhlənkarlıqlar da ola bilər, məqsədli işlər də ola bilər, amma bu mövzuda konkret fikir söyləmək üçün konkret sübutların olması olduqca vacibdir".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Fevral 2025

24 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR