Onlayn ictimai-siyasi qəzet
Hüquq müdafiəçisi: “Ən azından ona verilmiş mükafatın mübahisəli olduğu rəyini yaratmaq mümkündür”
Bəlli olduğu kimi, Azərbaycanın vətəndaş cəmiyyətinin təmsilçiləri, ictimai fəallar, 20 Yanvar şəhidlərinin ailə üzvləri və veteranlar Norveç Nobel Komitəsinin sədrinə və üzvlərinə açıq məktub ünvanlayıb. Norveç Nobel Komitəsinin sədri Jorgen Watne Frydnesə, Norveç Nobel Komitəsinin üzvləri - Asle Toje, Anne Enger, Kristin Clemet və Gry Larsenə ünvanlanmış məktubda 1990-cı ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovla əlaqədar müraciət edilib.
“Mixail Qorbaçovun hələ də Nobel Sülh Mükafatı laureatı adını daşıması bu mükafatın tarixində ən böyük ədalətsizlikdir. Sizdən bu qara ləkəni təmizləməyi, Azərbaycan xalqına qarşı yol verilmiş haqsızlığı aradan qaldırmağı, Mixail Qorbaçovun həmin mükafatdan məhrum edilməsini xahiş edirik.
Azərbaycan xalqı hər il 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilməsi, dinc əhalinin ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutulması nəticəsində ümumilikdə, 150 nəfərin kütləvi şəkildə qətlə yetirilməsinin ildönümünü qeyd edir, cəllad Mixail Qorbaçovu lənətləyir, bu faciəni törədənlərə dərin nifrətini ifadə edir. Mixail Qorbaçov Bakıya, dinc əhaliyə qarşı qoşun yeridilməsi əmrini şəxsən verib və kütləvi qətllərə görə birbaşa məsuliyyət daşıyır", - deyə müraciətdə bildirilir.
Müraciətdə daha sonra deyilir: “Nobel qardaşları Azərbaycan tarixində müstəsna iz buraxıb, lakin təəssüf edirik ki, həyatının ən vacib hissələri Bakıdakı uğurları ilə sıx bağlı olan Nobelin arzusu olan mükafatlar Azərbaycan xalqının qanını axıtmış Mixail Qorbaçova verilib. Mixail Qorbaçovu mükafatından məhrum etmək qərarınız dünya ictimaiyyətinin ədalətə və Nobel Sülh Mükafatının mənəvi nüfuzuna inamını gücləndirərdi. Buna ciddi ehtiyac var. Biz ümid edirik ki, siz Nobel dəyərlərinin təhqir edilməsinə göz yummayacaq, Azərbaycan xalqının, eləcə də keçmiş Sovet İttifaqının digər xalqlarının dərin nifrətini qazanmış Mixail Qorbaçovun Nobel Sülh Mükafatından məhrum edilməsi barədə qərara imza atmaqla tarixi ədaləti bərpa edəcəksiniz”.
Şəxsin Nobel Sülh Mükafatından məhrum edilməsi proseduru nə Alfred Nobelin vəsiyyətində, nə də Nobel Fondunun nizamnaməsində nəzərdə tutulmayıb. Bir vaxtlar mediada məlumat yayıldı ki, guya Barak Obamanın Nobel Sülh Mükafatının əlindən alınması ilə bağlı presedent var. Amma bu məlumatın yalan olduğu ortaya çıxdı . Bununla belə, müxtəlif ölkələrin ictimaiyyətində Nobel Sülh Mükafatını alan şəxslərin seçilməsi ilə bağlı çoxlu şikayətlər yığılıb və bu şikayətlər müntəzəm olaraq Norveç Komitəsinin diqqətinə çatdırılır.
Qorbaçovun Sülh Mükafatından məhrum edilməsi məsələsi 2021-ci ildə qaldırılıb. Daha sonra Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, Sülh Mükafatının ləğvi prosedurunun olmaması onu nüfuzdan sala bilər. Siyasətçi daha sonra öz Telegram kanalında yazıb ki, belə bir prosedur bu mükafata inamı bərpa edə bilər. Volodin deyib ki, Nobel Sülh Mükafatı məsələsində dəqiq meyarlar və qiymətləndirmələr yoxdur. Beləliklə, SSRİ-nin ilk və yeganə prezidenti Mixail Qorbaçovun törətdiyi əməllərə baxmayaraq, “Nobel”ini geri almaq hələ ki mümkün kimi görünmür. Amma heç olmasa, Nobel Komitəsi bundan sonra sülh üzrə nominantını müəyyənləşdirərkən bu kimi faktları nəzərə alar.
Novella Cəfəroğlu
Müraciətə imza atan Dilarə Əliyeva adına İnsan Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu “Yeni Müsavat”a dedi ki, müraciət müəllifləri şəxsin Nobel Sülh Mükafatından məhrum edilməsi prosedurunun nə Alfred Nobelin vəsiyyətində, nə də Nobel Fondunun nizamnaməsində nəzərdə tutulmadığını öncədən bilirlər. Lakin nəzərdə tutulmayıbsa, bu heç də o demək deyil ki, belə bir müraciəti etmək olmaz: “Biz də bilirik ki, Mixail Qorbaçovu Nobel Sülh Mükafatından məhrum etməyəcəklər. Biz Azərbaycan cəmiyyətinin 35 il keçməsinə baxmayaraq, bu gün də vahid mövqedə olduğunu, milli ləyaqətini qorumaq uğrunda mübarizə apardığını, Azərbaycan xalqına qarşı 1990-cı ilin yanvarında SSRİ rəhbəri Mixail Qorbaçovun əmri ilə qətliam həyata keçirildiyini dünyaya həm də bu cür müraciətlə, məktubla bir daha çatdırmaq istəyirik. Başımıza gətirilən müsibətləri, qətliamları daim dünyanın diqqətinə gətirməliyik, haqlı mövqeyimizi ortaya qoymalıyıq. Mixail Qorbaçov kimi Azərbaycan xalqına qarşı qanlı cinayətlər həyata keçirmiş adamların cinayətlərini, əsl mahiyyətinin nədən ibarət olduğunu davamlı olaraq müxtəlif addımlarımızla dünya dövlətlərinə və xalqlarına çatdırmalıyıq. Bununla biz Mixail Qorbaçova Nobel Sülh Mükafatının verilməsinin əslində absurd olduğunu, həmin mükafatla onun əməllərinin tamamilə ziddiyyət təşkil etdiyini faktlarla ortaya qoymuş oluruq. Şübhəsiz ki, bütün bu kimi fəaliyyətlərimiz Mixail Qorbaçovun sülh adamı deyil, insanlıq düşməni olduğu haqda müəyyən rəy yarada bilər. Ən azından dünyada Mixail Qorbaçova verilmiş Nobel Sülh Mükafatının mübahisəli olduğu rəyinin formalaşmasına da nail olmaq mümkündür”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
22 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ