İnsanlara hürriyət, millətlərə istiqlal!

Qoca Baydenin yeni sayıqlaması - “Dağlıq Qarabağ xalqı”...

ABŞ prezidenti Co Baydenin Ermənistanın müstəqillik günü münasibətilə Nikol Paşinyana ünvanladığı təbrik məktubunda “Dağlıq Qarabağ xalqı” qeydi diqqət çəkib.

“Biz Dağlıq Qarabağ xalqı da daxil olmaqla münaqişənin sülh yolu ilə həllini təşviq etmək üçün sizinlə və qarşı tərəflə işləməyə davam edəcəyik”, - Bayden deyib.

Onun bu ifadəsi Azərbaycan ictimaiyyətində də sərt etirazla qarşılanıb. Ağ Ev sahibi bu ifadə ilə açıq şəkildə üçüncü tərəf yaradır, yəni Azərbaycan, Ermənistan və  “Dağlıq Qarabağ xalqı”...

Ayağımız altındakı “ölüm tələləri” - Ərazimiz minalardan neçə ilə  təmizlənəcək?

Şəhla Cəlilzadə: “ABŞ hər vəchlə Qarabağ ermənilərini tərəf olaraq gündəmə gətirməyə çalışır”

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə “Yeni Müsavat”a bildirdi ki, bütün dünya erməniçiliyinin və onların Avropa və ABŞ-dakı müttəfiqlərinin dəstəyi ilə 1980-ci illərdə “miatsum”, yəni “birləşmə” iddiası qaldıran və Qarabağın və ətraf rayonların işğalı ilə nəticələnən I Qarabağ müharibəsini özü üçün uğurla başa vuran Ermənistan uzun illər işğalını rəsmiləşdirə, hüquqi olaraq aktlaşdıra bilməyib: “Yəni nə Azərbaycan, nə də dünya birliyi nəinki bu işğalı, hətta qondarma qurumun ”müstəqilliyini" tanımayıb. Bununla belə, dünya münaqişənin tərəfi olaraq Qarabağ ermənilərinin varlığını qəbul edirdi. I Qarabağ müharibəsini hüquqi olaraq sonlandıran 4-5 may 1994-cü il tarixli Bişkek Protokolunun qəbulu prosesində Azərbaycandan Afiyəddin Cəlilov (Dağlıq Qarabağ nümayəndəsi qol çəkdiyi üçün Cəlilov protokola qol çəkməyib), Ermənistandan Babken Ararktsyan iştirak etməklə yanaşı, Dağlıq Qarabağ erməniləri adından Karen Baburyan iştirak etmişdi (qol çəkib). Protokol 1994-cü ilin 12 mayında Azərbaycan tərəfindən ratifikasiya olunmuş və hüquqi qüvvəyə minib. Bununla belə Azərbaycan heç bir zaman danışıqların tərəfi olaraq Qarabağın qondarma qurumunu və onun nümayəndələrini tanımayıb. II Qarabağ müharibəsi də göstərdi ki, münaqişənin əsl tərəfi Ermənistandır. 2020-ci il atəşkəs bəyanatını imzalayan da məhz Ermənistan baş naziri idi, uydurma “prezident” Arayik yox. Lakin ABŞ, hər vəchlə Qarabağ ermənilərini tərəf olaraq gündəmə gətirməyə çalışır. Onların 2020-ci ilə qədərki ritorikası status-kvonun qorunub saxlanmasına hesablandığı üçün daha aşağı tonda idi, Azərbaycan işğal faktına son qoyduqdan sonra isə ABŞ rəsmilərinin bəyanatlarının tonu da yüksəlməyə başlayıb. Artıq 7 rayonun işğaldan azad edilməsi gündəmdən çıxdığı üçün, yalnız Qarabağ ermənilərinin hüquqları və ya “status” məsələsi gündəmdə saxlanmağa çalışılır. Azərbaycan Prezidenti isə “statusun” hansı ünvanda olduğunu bildirib. Qondarma rejimin “xarici işlər naziri” David Babayanın bu yaxınlarda ABŞ Konqresində çıxışının təşkil olunması, Konqres spikeri Nensi Pelosinin İrəvana gəlişi, qondarma “erməni soyqırımı” üçün göz yaşı tökməsi, bir çox deputatların Ermənistanı və qondarma rejimi dəstəkləyən mövqeləri və ən son Prezident Baydenin “Dağlıq Qarabağ xalqı” ifadəsini səsləndirməsi, bütün bunlar regionda Azərbaycanın dəstəklədiyi sülhün əldə olunmasının əleyhinə yönəlib, vəziyyətin ermənilər lehinə dəyişdirilməsinə hesablanıb.

Bir sözlə, hazırda dünyanın diqqət mərkəzində olan, qlobal nəqliyyat və enerji koridorunun “birləşdirici şəbəkəsi” rolunu oynayan və qaynar proseslərin getdiyi, regional güclərin hər birinin özünə yer etməyə çalışdığı Cənubi Qafqazda ABŞ da özünə forpost axtarışındadır. Azərbaycanın neytral xarici siyasəti və qonşularla, xüsusilə Rusiya ilə müttəfiqlik münasibətləri ABŞ-ı qane etmir. O cümlədən Gürcüstan da vaxtilə NATO üzvlüyünə can atsa da, hazırkı mövqeyi kifayət qədər balanslıdır. ABŞ Ermənistana, Ermənistanın hazırkı hakimiyyəti isə ABŞ-a ümid bəsləyir. Lakin görünür ermənilər Gürcüstan və Ukraynadakı hadisələrdən çıxarılan tarixi dərsləri yaxşı qavramayıblar. Həmçinin gələcək üçün Azərbaycanın qarşısında yeni bir çağırış dayanır: dünya erməniçiliyinə və qondarma rejimin “müstəqilliyi”nin tanıdılması cəhdləri əleyhinə erməni lobbiçiliyi ilə mübarizə. Bu mübarizənin hazırda rus sülhməramlıların nəzarəti altındakı ərazilərdə, xüsusilə Xankəndidə Azərbaycanın üçrəngli bayrağını qaldıracağı günədək davam edəcəyini təxmin etmək olar".

ABŞ-ın yeni “canişini” regiona niyə və hansı təkliflərlə gəlib? - ilginc  rəylər

Kamran Məmmədli: “Bu cür ifadələr beynəlxalq hüquqa ziddir”

AĞ Partiya Mərkəzi Aparatının rəhbəri, siyasi şərhçi Kamran Məmmədli bu ifadəni beynəlxalq hüquqa zidd sayır: “Düşünürəm ki , Baydenin bu bəyanatı Pelosinin Ermənistan səfərinin seçkilərə hesablandığını və erməni lobbisinin dəstəyini almaq üçün edildiyi iddiasının üstündən xətt çəkir. Pelosinin səfəri və daha sonra Baydenin bu açıqlaması ABŞ-ın regionla bağlı yeni siyasətinin nümayişidir. Bu cür ifadələr beynəlxalq hüquqa ziddir və Azərbaycan üçün qəbuledilməzdir. Görünən odur ki , dünyaya ən çox beynəlxalq hüquqdan danışan bir ölkənin başçısı lazım olduqda rahatlıqla öz maraqları üçün həmin hüququ tapdalamağa belə hazırdır. Həmçinin bu bəyanatı ABŞ-nın Azərbaycana qarşı ”ikili standartlar"ın növbəti təzahürü , son zamanlar bölgədə gərginliyin artmasına xidmət edən addımlarının davamı və regionda sülhə qarşı yönəlmiş növbəti addım kimi qiymətləndirirəm".

Niyaməddin Orduxanlı AXC TV-nin baş redaktoru təyin olunub

Niyaməddin Orduxanlı: “Onlar belə addımları ilə...”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Niyaməddin Orduxanlı mətbuata açıqlamasında bildirib ki, ABŞ dünyanın böyük və güclü dövləti olsa da, cılız addımlar atır. Onun sözlərinə görə, Azərbaycan dövləti Amerika kimi güclü dövlətlərdən daha ədalətli və beynəlxalq hüquqa söykənən yanaşma sərgiləməsini gözləyir: “Onlar belə addımları ilə həddindən artıq cılız olduqlarını açıq-aydın şəkildə ortaya qoyurlar. Baydenin təbrik məktubundan qabaq isə ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfərində buna şahid olduq. Bir sözlə, ABŞ bir daha sübut etdi ki, əslində haqq və ədalətin yanında deyil. Özlərinin beynəlxalq qurumu olan BMT-nin qəbul etdiyi qərarlar var, 1991-ci ildə Qarabağ Azərbaycanın tərkib hissəsi kimi qəbul edilib. Buna həm Amerika, həm də digər dünya ölkələri səs verib. Eyni zamanda, 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi qəbul edilib və Amerika da bu qətnaməyə səs verən ölkələrdəndir. Amerika BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri kimi Ermənistanın təcavüzkar olduğuna, Qarabağ ərazisindən şərtsiz çıxmasına dair səs vermişdi. Bu gün isə Amerikanın həm dövlət səviyyəsində rəsmi formada, həm də qeyri-rəsmi formada ermənilərə açıq-aşkar dəstək olduqlarını görürük. Bir sözlə, heç bir hüquq tanımayaraq ermənipərəst mövqe sərgiləyirlər. Bütün bunlar isə qəbuledilməz faktlardır. Bu gün Amerika Ukrayna məsələsində Rusiyanı təcavüzkar bir dövlət kimi qəbul edir və Rusiyaya sanksiyalar tətbiq edir. Ancaq Ermənistan eynilə bu formada Azərbaycan ərazisini işğal etsə də, onları təcavüzkar və separatçı kimi görmürlər, hansısa sanksiya tətbiq etmirlər. Yəni ki, Ukraynadakı proseslər eynilə Azərbaycanın ərazisi olan Qarabağda baş verib. ABŞ həmçinin Moldovada baş verən Dnestryanı proseslərə, Gürcüstanın Abxaziya bölgəsində baş verənlərə fərqli mövqe sərgiləyir, lakin Qarabağdakı erməni separatçılarına dəstək nümayiş etdirirlər. Sadəcə, Ukrayna məsələsində Rusiyanı təcavüzkar adlandırırlar. Bu da ABŞ-ın qərəzli mövqeyini bir daha ortaya qoyur. Amerika kimi dövlət bu prinsiplərdən kənarda durmalı və özünü həqiqətən də güclü və böyük dövlət kimi aparmalı idi, məsələlərə cılız hislərlə yanaşmalı deyildi...”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR