İnsanlara hürriyət, millətlərə istiqlal!

QMİ-nin “adamı”nın Fələstinə dəstəyi - Gürcüstandakı aksiyanın əks-sədası

Deputat: “Qonşu ölkədə yaşayan azərbaycanlılarla bağlı kompleks tədbirlərə çox ciddi ehtiyac var”

Oktyabrın 31-də Marneulidə (Gürcüstanda azərbaycanlı əhalinin yaşadığı rayon mərkəzi) Fələstinə dəstək mitinqi keçirilib. Gürcüstan KİV-in məlumatına görə, aksiyada “Qırmızı” məscidin (baş məscid) axundu Hacı Hacıyev və Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstandakı nümayəndəsi Əli Əliyev çıxış ediblər. Xəbəri “Turan” yayıb.

Axund Hacıyev “İsrailin Qəzza zolağına hücumu ilə bağlı susmağı İsrailə dəstəyin göstəricisi” adlandırıb. Onun sözlərinə görə, xalq “sionist İsrail rejiminə, "məzlum Fələstin əhalisinə işgəncəyə" qarşı səsini ucaltmaq üçün toplaşıb.

Öz növbəsində Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi kimi təqdim edilən Əli Əliyev İsrail, ABŞ, Almaniya, İtaliya, Fransa, Böyük Britaniya, NATO və Aİ üzvü dövlətləri “terrorçu dövlətlər” adlandırıb. “İsrailin Qəzzadakı cinayətlərinə dünyanın 1 nömrəli terror ölkəsi ABŞ, Avropa ölkələri, NATO, Almaniya, İtaliya, Fransa, İngiltərə himayədarlıq edir, onlar birlikdə bu cinayətləri təkcə Fələstində, Qəzzada yox, uzun illərdir İraq, Ərəbistan, Suriya, Yəmən, Liviyada törədiblər. Onlar dünyanın ən güclü terrorçularıdır”, - Əliyev deyib və ABŞ prezidentini “imperializmin başçısı” adlandırıb.

 “Əli Əliyev 2023-cü ilin yanvarın 1-dən Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstandakı nümayəndəsi deyil. Marneulidə mitinqdə onun söylədikləri şəxsi mövqeyidir və Qafqaz Müsəlmanları İdarəsinin mövqeyi ilə heç bir əlaqəsi yoxdur”. Bunu isə Allahşükür Paşazadənin nümayəndəsi  “Turan”a  bildirib. "Qafqaz Müsəlmanları İdarəsi Fələstin-İsrail münasibətləri məsələsində Azərbaycan hökumətinin mövqeyini dəstəkləyir. Axund Hacıyevə gəlincə, bu adamın Qafqaz Müsəlmanları İdarəsi ilə heç bir əlaqəsi yoxdur. Hazırda Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan üzrə nümayəndələri Məmməd Şamilov və Sabir Musayevdir", - idarədən bildiriblər.

Qeyd edək ki, Gürcüstanın İslam dini qurumları bu ölkənin dövlət qurumlarına tabedir. 

Gürcüstanın azərbaycanlılar yaşayan bölgəsində İranın təsirləri olduğu haqda məlumatlar yeni deyil.

Ceyhun Məmmədov - YouTube

Ceyhun Məmmədov

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov bu məsələdə olduqca diqqətli olmağı çox vacib sayır: “Hesab edirəm ki, Gürcüstanda, ümumiyyətlə, belə bir tədbirin keçirilməsi, İsrailin hədəfə alınması və burada belə radikal fikirlərin səsləndirilməsi orada azərbaycanlıların yaşadığı bölgədə çox ciddi proseslərin getdiyinin göstəricisidir. Təəssüflər olsun ki, bu gün Gürcüstanda yaşayan azərbaycanlıların mütləq əksəriyyəti ayrı-ayrı dövlətlərin nəzarətindədir. Onlar burada Azərbaycanla bir qopuqluq yaşayırlar. Müəyyən addımlar atılsa da, hesab edirəm ki, orada daha geniş işlərin görülməsinə ehtiyac var. Təəssüf ki, bu gün ayrı-ayrı ölkələr bu cür bəyanatlar və fəal təbliğat aparırlar. Eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin keçmiş nümayəndəsinin belə bir yanaşması, belə bir açıqlama verməsi əslində çox ciddi mətləblərdən və proseslərdən xəbər verir. Həmin şəxs o idarənin nümayəndəsi olub. Çox vaxt Azərbaycanda yaşayıb. Ölkəmizdə bir çox tədbirlərdə iştirak edib. Prosesləri yaxından bilir. Onun indi belə bir mövqe sərgiləməsi həqiqətən də düşündürücüdür. Əslində bu çox ciddi mətləblərin göstəcisidir. Düşünürəm ki, Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı kompleks tədbirlərin həyata keçirilməsinə çox ciddi ehtiyac var. Biz bu istiqamətdə çox ciddi şəkildə çalışmalı, səylər göstərməliyik. Eyni zamanda qeyd etmək lazımdır ki, bu gün Yaxın Şərqdə cərəyan edən hadisələr heç də kənardan göründüyü kimi deyil. Burada çox ciddi proseslər gedir. Bir çox dövlətlər burada öz maraqlarını həyata keçirməyə çalışırlar. Bizim vətəndaşlar, soydaşlarımız bu tipli məsələlərdə diqqətli olmalıdır. Çünki ayrı-ayrı ölkələr başqa ərazilərdəki müsəlmanlara təsir edə bilər. Prosesləri müxtəlif istiqamətlərə yönləndirməyə çalışırlar. Bu da həmin ölkələrdə, eləcə də digərlərində müxtəlif problemlər yaradır. Ona görə də hər kəsin diqqətli olmasına, açıqlamalar, bəyanatlar verərkən Azərbaycanın dövlət maraqlarını nəzərə almasına çox ciddi ehtiyac var. Bizim insanlar bu tipli məsələlərə xüsusi diqqət etməlidirlər. Hisslərə heç bir halda qapılmaq olmaz. Soyuqqanlı olub, işləri görmək lazımdır. Azərbaycan dövləti üzərinə düşəni edir. Dəfələrlə biz Fələstin xalqına diqqət göstərmişik, yardımlar etmişik. BMT-nin Yaxın Şərq fonduna 1.6 milyon vəsait köçürmüşük. İki dövlətin yaranması prinsipini dəstəkləmişik. Ona görə də bu məsələdə Azərbaycanı kiminsə günahlandırmasına, irad bildirməyə haqqı yoxdur. Biz İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində müsəlman ölkələri ilə münasibətlərimizi qururuq. Bu gün Azərbaycan İsraillə də yaxın münasibətlərə malikdir. İsrail Vətən müharibəsi dövründə Azərbaycanın yanında olub, ölkəmizə silah satıb. Ona görə balansı qorumaq, ədalətli mövqe sərgiləmək hesab edirəm ki, çox vacib və önəmlidir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR