İnsanlara hürriyət, millətlərə istiqlal!

QMİ-dən Komitəyə sərt cavab: “Erkən yaşda olanların nikaha cəlb olunması səbəblərinin başında...”

Ekspertlər hesab edir ki, bu məsələdə yalnız bir tərəfi günahlandırmaq olmaz; deputat: “Burada hüquq-mühafizə orqanları öz üzərinə düşəni etməlidir”

“Bu gün erkən nikahların əksəriyyətini axundlar həyata keçirirlər”. Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentdə “Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

“Selektiv abortlara görə dünyada lider olmağımız ürəkağrıdıcı bir faktdır. Erkən nikahların qırmızı xətt olduğunu deyirsiniz. Bu gün erkən nikahların əksəriyyətini də axundlar həyata keçirir. İndiyə qədər bununla bağlı bir nəfərin cəzalandırıldığını və ya bu istiqamətdə iş görüldüyünü eşitməmişik”, - deyə komitə sədri bildirib. Aydın məsələdir ki, burada söhbət kəbindən gedir. Deputat haqlıdırmı? Bəs valideynin günahı necə?

Qeyd edək ki, Azərbaycanda evlilik yaşı Ailə Məcəlləsi ilə müəyyən olunur. 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq-yeniyetmə hesab olunur. Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunub. Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin xahişi ilə onların yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanı nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Digər hallarda nikaha daxilolma erkən nikah hesab edilir və müvafiq qanunvericiliyə əsasən belə nikahlar etibarsız sayılır. 18 yaş 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasında müəyyənləşmiş son həddir, uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. 2021-2022-ci tədris ilində 11 erkən nikah qeydə alınıb. Erkən nikah qızlar arasında təhsildən yayınmaya ciddi təsir göstərir. Belə görünür ki, 1 yaş güzəştlə bağlı bənd lazımi effekt verməyib, yəni sui-istifadə halları artıb ki, hökumət onu aradan qaldırır.

Qiyamət gününün dəqiq tarixi - Allahın yazısını bəndə necə oxuya bilər?

Fərid Abdulla

İlahiyyatçı Fərid Abdulla mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, bəzi cəmiyyətlərdə belə formalaşır ki, insan yetkinlik yaşa çatdıqda mütləq ailə qura bilər: “Maraqlı bir məqam var ki, ailə qurmaq üçün qız axtardıqda az yaşa malik olmasını öndə tuturlar. Amma heç kim öz qızını 15-16 yaşlı oğlanla evlənməsinə razı olmaz. Nəyə görə? Çünki oğlanın həyat təcrübəsi olmalıdır, ailəsini saxlaya bilməlidir. Təəssüflər olsun ki, oğlan haqqında belə düşünərkən, qız haqqında bunu fikirləşmirlər. Qız uşağı bir az yetkinləşdisə, onun ailə qurmağa ixtiyarı var. İnsanın ailə qurma, valideyn olma potensialına malik olma mərhələsi tamamilə ayrıdır. Bütün ruhanilər, ilahiyyatçılar, axundlar bu məqamda deyillər. Bunun ən optimal yolu odur ki, dövlət nikahı ilə paralel  dini kəbin də oxunsun. Bəli, selektiv abortlarla bağlı öndə olmağımız çox kədərli bir haldır. Bunun qarşısı alınmasa, gələcəkdə bizi qızqaçırma, göbəkkəsmə və bu kimi həm dini ziddiyyətli, həm də qanunazidd olan bir məsələlər ortaya çıxa bilər. Bu fəsadların aradam qaldırılmasında din xadimlərinin də xüsusi rolu olmalıdır. Onlar azyaşlı, hüquqi baxımdan ailə qurmağa cinsi baxımdan yetkin olmayan, (burada cinsi baxımdan yetkinlik nəzərdə tutulmur), qanunla ailə qurmağa hazır olmayan, yaşı çatmayan xanımlara da, bəylərə də nikah qurmamaqları tövsiyə olunur. Yaxşı olar ki, bu nikah dövlət nikahı ilə paralel qurulsun. Erkən nikahların əksəriyyətini axundlar həyata keçirirlər sözləri hamıya aid edilməməlidir. İstər talaq-boşanma, istərsə də kəbin oxuyanlar, bəzən dövlət qanunları daxilində tənzimləmələri gözləyirlər. Bu daha da məsləhətlidir”.

Ceyhun Məmmədov: “Ermənistan sülh barəsində yox, daha çox müharibə  barəsində düşünür” | 1news.az | Xəbərlər

Ceyhun Məmmədov 

Milli Məclisin deputatı Ceyhun Məmmədov da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı: “Hesab edirəm ki, burada məsuliyyəti bir nəfərin üstünə atmaq doğru olmazdı. Burada bir çox ciddi məsələlər var. Burada hüquq mühafizə orqanları öz üzərinə düşəni etməlidir. Mərkəzi icra hakimiyyətləri geniş maarifləndirmə işləri aparmalıdır. Rayon icra hakimiyyətlərinin yanındakı komissiyalar çox fəal şəkildə bu addımları atmalıdırlar. Bildiyim qədərilə, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bütün axundlara bu barədə tapşırıq verib. Rəsmən axundlara ciddi göstərişlər verib. Hesab edirəm ki, biz vəziyyəti təhlil etməliyik. Statistika aparmalıyıq və günahkarları cəzalandırmalıyıq. Məsələnin kökündə duran əsas məqam ondan ibarətdir ki, bəzən bu əməlləri törədən insanlar diqqətdən kənarda qalır, ona görə bu kimi addımlar davam edir. Burada konkret bir tərəf yox, bütün tərəflər məsuliyyət daşıyır. Düşünürəm ki, biz bu məsələlərə diqqətli olmalıyıq. Digər məsələyə gəlincə, həqiqətən Azərbaycanın selektiv abortlarda lider olması çox utancvericidr. Biz müsəlman ölkəsiyik, ailə dəyərləri güclü olan ölkəyik. Amma bizim ölkəmizdə bu cür hadisələrin baş verməsi həqiqətən utandırıcıdır. Ən önəmli işlərdən biri maarifləndirmə və cəzalandırma sistemidir ki, bununla bağlı addımlar atmalıyıq. Əks halda ildən-ilə vəziyyət daha da artacaq, vəziyyət daha da ağırlaşacaq”. 

Qəmər Cavadlı gəlinini məhkəməyə verib - Press.az

Qəmər Cavadlı

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Qəmər Cavadlı mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı. O dedi ki, mütəmadi olaraq bu mövzunu gündəmə gətirmək cəhdləri var: “Biz bunu bilirik. Erkən nikahların baiskarı din xadimləridir və yaxud bizim qazilərimiz, axundlarımızdır deyə səsləndirilir. Məsələ burasındadır ki, 2002-ci il, noyabrın 23-də QMİ Qazilər Şurasının fətvası olub. O vaxtadək bizə çox sayda müraciətlər olurdu, bütün bunları nəzərə alaraq Qazilər Şurası xüsusi fətva hazırlayıb. O fətvadan bu günə qədər hələ ki, bizim əlimizdə heç bir fakt yoxdur ki, QMİ-nin tabeliyində olan məscidlərin din xadimlərindən kimsə gizlicə kiməsə kəbin kəsib, özəlliklə erkən yaşda olanlar arasında. Belə fakt yoxdur. Olmayan bir fakt haqqında nəyi danışaq?! Belə bir müraciət, ya da şikayət olsaydı,  QMİ Qazilər Şurası tədbirlər görərdi. Belə bir faktın olmadığı, xüsusilə də 21 ildə bu mövzu ətrafında daim bizim müzakirələrimiz olub. Həm Ailə, Qadın, Uşaq Problemləri üzrə Komitə də, əvvəllər Hicran xanım sədrlik edirdi, digər konfranslarda da bu məsələni qaldırmışıq, təbliğat aparmışıq. Bütün bunları dinin üzərinə yıxmaq ən azı ”nonsens"dir. Çünki erkən yaşda olanların nikaha cəlb olunması səbəblərinin başında sosial və iqtisadi, təhsil problemləri durur. Başqa problemlərdən sonra din xadimi onların kəbinini kəsirsə, günahkar niyə din xadimi olur, onu anlamıram" . 

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının 2002-ci ildə verdiyi fətvasında bildirilir ki, Azərbaycanda evlənmək üçün yuxarı yaş həddi həm oğlanlar, həm də qızlar üçün 18 yaşdır ki, (müstəsna hallarda 17) bu da dövlətimizin qanunlarına müvafiqdir. Qazilər Şurası həmçinin bildirir ki, çoxarvadlılıq, müvəqqəti nikah (siğə) və irslə bağlı bəzi hökmlər verilib ki, bunlar Azərbaycanda qüvvədə olan qanunlarla uzlaşmadığı üçün qəbul olunmur və hökmü dayandırılır. Dini nikah mərasimi vətəndaşlıq vəziyyəti aktları qeydiyyatı idarələrində rəsmi qeydiyyat aparıldıqdan sonra icra edilməlidir.

Afaq MİRAYİQ,
“Yeni Müsavat” 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR