İnsanlara hürriyət, millətlərə istiqlal!

Qlobal resessiya dərin böhrana keçəcəkmi? - təhlil

Bu, Azərbaycanın neft gəlirlərini vura bilər; ekspert: “Hərbi-siyasi gərginliklər aradan qaldırılmazsa, resessiya böyüyərək dərin qlobal böhrana da keçə bilər”

Qlobal iqtisadiyyat sürətlə resessiyaya doğru gedir. Yüksək inflyasiyanı cilovlamaq üçün mərkəz bankların yürütməyə başladığı sərt monetar siyasət, uçot dərəcələrinin sürətlə artırılması pandemiyanın təsirlərindən tam qurtulmayan iqtisadiyyatları özünübərpa üçün zəruri olan investisiyalardan məhrum edir. Eyni zamanda enerjidaşıyıcılarının hədsiz bahalığı, Ukraynadakı müharibə pandemiya dövründə qırılan çatdırılma zəncirlərinin bərpasını, yeni marşrutların işə salınması prosesini ləngidir. Bütün bunlar ötən ildən bəri işartıları hiss olunmağa başlayan iqtisadi resessiyanı getdikcə daha da yaxınlaşdırır.

Dünyanın bir saylı valyutası olan dolların məzənnəsindəki artım bütün dünya ölkələrinə, həmçinin qlobal xammal, əmtəə, qiymətli kağızlar bazarlarına kəskin mənfi təsirini göstərməkdədir. Belə ki, həftənin ilk iş günündə dünya neft bazarında Brent markalı neftin qiyməti 85 dollara qədər ucuzlaşıb. Nyu-Yorkun NYMEX  birjasında isə WTI nefti 78 dollar həddinə qədər ucuzlaşıb. Ucuzlaşma Azərbaycanın dünya bazarına çıxartdığı Azeri Light neftindən də yan ötməyib: ötən həftə (19- 23 sentyabr) neftimizin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 3,63 dollar azalmaqla 92,46 dollar təşkil edib. Qeyd olunan dövrdə Brent 5,7 faiz, WTI isə 7,1 faiz dəyər itirib. 

Analitiklər ucuzlaşmanın əsas səbəbi kimi dünya iqtisadiyyatında resessiya ehtimalının sürətlə artmasını göstərirlər. Bu perspektiv hətta Rusiya neftinə qiymət tavanının təyin olunması istiqamətində real addımların atılması faktından güclü rol oynamaqdadır. Rusiyanın Ukraynanın ərazilərinin ilhaqı, qismən səfərbərliyə getməsindən sonra G7 ölkələri ilə yanaşı, Avropa İttifaqında da Rusiya neftinə qiymət tavanının müəyyənləşdirilməsi ilə bağlı müzakirələr sürətlənib. "Bloomberg" agentliyinin mənbələrinə istinadən yaydığı məlumata görə, bu məsələ Rusiyaya qarşı gələn həftə açıqlanması gözlənilən növbəti sanksiya paketində əksini tapa bilər. Hazırda Avropa siyasətçiləri Aİ liderlərinin oktyabrın 6-da Praqada keçirilməsi gözlənilən qeyri-rəsmi görüşünədək neft qiymət tavanına dair detalları razılaşdırmağa çalışırlar.

ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo bildirib ki, müəyyən ediləcək tavandan yüksək qiymətə Rusiyadan neft alanlar bu əməlin nəticələrinə də hazır olmalı olacaqlar. Onun məsələ ilə bağlı fikirləri nazirliyin saytında yerləşdirilib. Adeyemo bəyan edib ki, sənədlərin saxtalaşdırılması və digər yollarla qoyulan həddən kənarlaşmaya yol verənlər barədə sanksiya rejimindən yayınmaq üçün nəzərdə tutulan cəzalar tətbiq olunacaq. 

Rusiya isə qiymət tavanı tətbiq olunacağı təqdirdə, neftini ona uyğun şərtlər tətbiq edən ölkələrə satmayacağını bəyan edib. Bu isə dekabr ayından etibarən dünya bazarında neft təklifinin azalmasını şərtləndirə bilər.

Avropa İttifaqı artıq dekabrdan etibarən dəniz yolu ilə daşınması dayanacaq Rusiya neftini böyük ölçüdə ABŞ məhsulu ilə əvəz edəcək. “Vitol Rassel” neft treyder şirkətinin rəhbəri Hardi bildirib ki, ölkəsindən Avropaya gündəlik 1 milyon barel neft çatdırılacaq. Əvəzində Rusiya nefti daha aşağı qiymət, daha yüksək xərclə Asiyaya yönləndiriləcək ki, bu da Moskvanın gəlirlərini kəskin azaldacaq.

Neft bazarı ilə yanaşı, dünya qiymətli kağızlar bazarında da eniş başlanıb. ABŞ fond bazarı ötən həftəni düşüşlə başa vurub. Dow Jones Industrial Average 2020-ci ilin noyabrından bəri ən aşağı həddə düşüb, Standard & Poor’s 500 isə bu ilin minimumundan azca yuxarıdır. Həftənin yekununda Dow Jones 4 faiz, S&P 500 4,6 faiz, Nasdaq isə 5,1 faiz dəyər itirib.

İnvestorlar Federal Ehtiyatlar Sisteminin (FED) sərt siyasəti nəticəsində ABŞ iqtisadiyyatının yumşaq eniş əvəzinə sərt dəyişikliklər yaşayacağından ehtiyat edirlər.

"Bloomberg"in yaydığı məlumata görə, "Bank of America" analitikləri bildiriblər ki, müxtəlif ölkələrdə dövlət istiqrazları 1949-cu ildəki ən pis göstəriciləri təkrarlamaq yolundadır. Bunun əsas səbəbi isə mərkəz bankların uçot dərəcələrini aqressiv şəkildə artırmalarıdır.

Elman Sadıqov - İqtisadçı-ekspert

Elman Sadiqov

İqtisadçı-ekspert Elman Sadiqovun fikrincə, artıq dünya iqtisadi resessiyanın içindədir: “Bu gün qlobal iqtisadiyyat resessiya içərisindədir, bu, birmənalıdır. Digər tərəfdən, dünyanın əksər ölkələri faktiki olaraq resessiya dövrünü yaşayırlar. Resessiya, texniki resessiya nədir  -  hər hansı bir ölkənin 2 il ardıcıl olaraq iqtisadi daralma yaşamasıdır. Yəni bu gün iqtisadiyyatlar ən çox iqtisadi statistika ilə, xüsusilə inflyasiya göstəricisi ilə manipulyasiya edirlər. İnflyasiya göstəricisi nəyə görə vacibdir: ümumi daxili məhsuldakı artımdan inflyasiya göstəricisini çıxdıqda yerdə qalan olur real ÜDM. Əgər ÜDM artımı rüb ərzində 5 faiz, inflyasiya isə 6 faizdirsə, demək, reallıqda ÜDM artmayıb, əksinə, 1 faiz azalıb. Demək olar ki, bütün ölkələrdə inflyasiya göstəricisini aşağı göstərməklə real vəziyyəti gizlətməyə çalışırlar. Amma son aylarda artıq inflyasiya templəri gizlədiləcək həddə deyil. Bütün dünyada inflyasiya ÜDM artımından daha çoxdur, bu isə o deməkdir ki, reallıqda iqtisadi azalma gedir. Bu isə faktiki olaraq, texniki resessiya deməkdir. İndi qarşıda duran əsas məsələ budur ki, texniki resessiya dərin böhrana keçəcəkmi? Ciddi təlatümlərə səbəb olacaqmı, yoxsa qarşısı alınacaqmı? Təcrübə göstərir ki, texniki resessiyaların qarşısını almaq çox çətindir. Bu gün ABŞ Federal Ehtiyatlar Sistemi sərt siyasətə keçməklə inflyasiyanın qarşısını almağa və real artıma nail olmağa çalışır. Amma nə üçün resessiyadan çıxma ehtimalı aşağıdır - çünki faiz artımı iqtisadiyyatı daraldacaq, investisiyalar azalacaq, inkişaf əngəllənəcək. Eyni zamanda işsizlik səviyyəsi artacaq, istehlak azalacaq. Yəni faizlərin sürətli artımı iqtisadiyyatın genişlənməsinin qarşısını alır, baxmayaraq ki, inflyasiyanı azaldır”.

Ekspert bildirir ki, dünyanın əksər ölkələrində milli valyutalar devalvasiyaya uğrayır: “Avro, funt və digər valyutalar sürətlə dollar qarşısında məzənnə itkisi yaşayır. Bu isə faktiki olaraq, devalvasiyadır. Ümumi götürdükdə, hazırda ABŞ-da vəziyyət digər inkişaf etmiş ölkələrə nisbətən daha yaxşıdır. Bundan əlavə, Yaponiya, Cənubi Koreya, Tayvanda da prosesləri təlatümlü hesab etmək mümkün deyil. Çinlə bağlı isə narahatlıqlar böyükdür.

Baxmayaraq ki, bütün növ siyasətlərin arxasında iqtisadiyyat dayanır, amma hazırda iqtisadiyyatdakı problemlərin kökündə həm də siyasi amillər dayanır. Çin-Tayvan, Rusiya-Ukrayna münaqişələrinin hazırkı şəraitdə  iqtisadi proseslərə təsiri böyükdür. Bu iki məsələ üzrə prosesləri proqnozlaşdırmaq da mümkünsüz hala gəlib: ən az gözlənilən müharibə idi ki, artıq dünya ölkələri bunun kimi kəskin addımlardan da çəkinmirlər. Bu baxımdan, yaxın aylarda, hətta həftələrdə baş verəcək proseslərin nizamını proqnozlaşdırmaq mümkün deyil. Bu gün baş verənlərin izahını tapmaq da çətindir: aydın görünür ki, avronun, funtun sürətlə dəyərsizləşməsi təsadüfi sayılmır. Yüksək qaz qiymətlərinin Avropada yaradacağı problemlərin dəqiq miqyasını müəyyənləşdirmək də mümkünsüz görünməkdədir. Yəni çox ciddi təlatümlü dövrə qədəm qoyuruq. Dünya iqtisadiyyatı üçün ən böyük problem böhranın bir neçə iqtisadi mərkəzdə eyni vaxtda baş verməsidir. Bu, çox təhlükəlidir. İkinci təhlükəli məsələ müxtəlif bölgələrdə hərbi münaqişələrin baş verməsidir. Bu iki təhlükəli faktorun ikisi də hazırda baş verir. Buna görə də proseslərin heç də yaxşı məcrada cərəyan etmədiyini söyləmək mümkündür. Hələlik sular durulmağa başlamayıb deyə bu proseslərdən kimlərin qalib ayrılacağını, dünyanın iqtisadi və siyasi xəritəsində hansı dəyişikliklərin olacağını proqnozlaşdırmaq mümkün deyil".

Natiq Cəfərli Əli Əliyevə ilişdi - Reportyor

Natiq Cəfərli

İqtisadçı-ekspert Natiq Cəfərlinin “Yeni Müsavat”a dediyinə görə, dünya iqtisadiyyatında baş verən dalğalanmaların əsası 2020-ci ildən qoyulub: “Əsas səbəb pandemiya dövründə biznesi, ev təsərrüfatlarını qorumaq üçün iqtisadiyyata axıdılan külli miqdarda vəsaitlərdir. Ukraynada başlayan müharibənin yaratdığı çətinliklər də üzərinə gəldi və indiki böyük problemlər yarandı. Bu gün həmin iqtisadiyyata axıdılan böyük vəsaitlərin nəticəsi olan inflyasiyanın qarşısını almaq üçün hökumətlər faiz dərəcələrini qaldırır, dövriyyədəki pul kütləsini məhdudlaşdırırlar. Bu, ola bilsin ki, ilkin mərhələdə inflyasiyaya azaldıcı təsir göstərsin. Amma bu addımlar eyni zamanda kreditləri bahalaşdırır, onlara çıxış imkanlarını məhdudlaşdırır, son nəticədə insanların alıcılıq qabiliyyəti azalır. Bu azalma tələbi də özü ilə aşağı dartır ki, bu da qiymətləri ucuzlaşdırır. Amma medalın ikinci üzü də var axı  - bu proses iqtisadiyyatın həcmini azaldır, inkişafını önləyir. Hazırda biz bu prosesi yaşayırıq - resessiyanı”.

Ekspertə görə, resessiyanın nə qədər davam edəcəyini proqnozlaşdırmaq çətin məsələdir: “Amma görünən budur ki, 2023-cü il dünya iqtisadiyyatı üçün resessiya ili kimi yadda qalacaq. Hərbi-siyasi gərginliklər aradan qaldırılmazsa, resessiya böyüyərək dərin qlobal böhrana da keçə bilər. Bu proseslərin Azərbaycana ən böyük təsiri neft qiymətləri ilə bağlı ola bilər. Azərbaycan iqtisadiyyatı neftə dayanıqlı olduğu üçün qlobal böhran neftə tələbi kəskin azaltmaqla onun qiymətini sürətlə aşağı sala, bu isə Azərbaycanın gəlirlərini azalda bilər. Neft gəlirlərinin azalması bütövlükdə ölkə iqtisadiyyatında böhranlı vəziyyət yaratmaq gücündədir. Digər bir təsir,  Neft Fondunun timsalında Azərbaycanın ehtiyatlarına ola bilər. Resessiya və iqtisadi böhran qlobal qiymətli kağızlar bazarında çöküşlərə gətirməklə Neft Fondu aktivlərinin dəyərsizləşməsinə səbəb olar. Artıq bu ilin əvvəlindən biz fondun xeyli itkiyə məruz qaldığını bilirik, bu itki daha da böyüyə bilər”.

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR