İnsanlara hürriyət, millətlərə istiqlal!

Qlobal iqtisadiyyatda yeni düzən: dövlətlər necə davranır...

Elman Sadiqov: “Dünya tamamilə fərqli bir dövrə qədəm qoymaqdadır”

Dünya mərkəzi bankları hələ inflyasiya ilə mübarizəni başa çatdırmayıblar: əksər ölkələrin tənzimləyiciləri uçot dərəcələrini pik həddə qədər artırmayıblar. Lakin "Bloomberg Economics" analitiklərinin proqnozuna əsasən, 2023-cü ildə onlar monetar siyasəti sərtləşdirmək siyasətlərinə fasilə verə, hətta onun yumşaldılmasına da gedə bilərlər.

23 ən böyük iqtisadiyyata malik ölkənin monetar siyasətini analiz edən ekspertlərin gözləntilərinə görə, onlardan çoxu - 12-si uçot dərəcələrini artırmağa davam edəcək, 9-u aşağı salmağa başlayacaq, 2-si isə indiki səviyyədə saxlayacaq. Beləliklə, dünya üzrə uçot dərəcələrinin ümumi səviyyəsi 2023-cü ilin 3-cü rübünə doğru 6 faizlik pik həddə çatıb, ilsonuna qədər 5,8 faizə endiriləcək. Beləliklə, hazırda 5,2 faiz olan bu göstərici 2001-ci ildən bəri ən yüksək səviyyəsinə çatacaq.

"Bloomberg Economics" analitiklərinə görə, yeni başlanan ilin ilk aylarında ABŞ Federal Ehtiyatlar Sistemi (FED) və Avropa Mərkəzi Bankı(AMB) monetar siyasəti sərtləşdirməyə davam edəcəklər. Bu il uçot dərəcəsini 5,1 faizlik pik həddinə çatdırmağı hədəfləyən FED 2024-cü ilədək pul-kredit siyasətinin yumşaldılmasına başlamaq niyyətində deyil. İnvestorlar qurumun yanvarın 31-dəki iclasında uçot dərəcəsinin minimum 0,25 baza bəndi artırılacağını gözləyirlər.

AMB isə birinci rüb ərzində uçot dərəcəsini hər dəfə 0,5 faiz olmaqla iki dəfə artırmağı nəzərdə tutur. Uçot dərəcəsinin artırılmasına baxmayaraq, Avrozonada inflyasiyanın 2025-ci ilədək hədəf göstəricisi olan 2 faizdən yuxarı qalacağı proqnozlaşdırılır. AMB rəhbərliyinin fikrincə, bu qış uçot dərəcəsini azaltmağa məcbur edəcək resessiya olmayacaq.

Böyük Britaniya Bankı da pul-kredit siyasətini sərtləşdirməyə davam edəcək, lakin yaxın aylarda uçot dərəcəsinin artım sürətini azaldacaq. İlin ortalarına doğru bu göstəricinin 4,25 faizə çatdırılacağı gözlənilir.

"Bloomberg" iqtisadçıları bu ilin sonunadək həmçinin Hindistan, Cənubi Afrika Respublikasın, Türkiyə, Cənubi Koreya, İsveçrə, İsveç, Norveç və Yeni Zelandiyada uçot dərəcələrinin artırılacağını proqnozlaşdırırlar. Yaponiya və Polşa bankları isə monetar siyasətinə korrektə etməkdən çəkinəcəklər.

Kanada, Çin, Braziliya, Rusiya, İndoneziya, Nigeriya, Avstraliya, Argentina və Çexiyada ilin sonuna doğru uçot dərəcələri azaldılacaq. Göründüyü kimi, yeni başladığımız 2023-cü ildə qlobal iqtisadiyyatın vəziyyətinə dair proqnozlar heç də ürəkaçan deyil. Belə bədbinliyə hansı amillər səbəb olur? Bu il blobal iqtisadiyyatı və Azərbaycan iqtisadiyyatını daha dərindən silkələyəcək hadisələr gözlənilirmi?

Sualları cavablandıran iqtisadçı-ekspert Elman Sadiqovun fikrincə, dünya tamamilə fərqli bir dövrə qədəm qoymaqdadır: “2020-ci ilə qədər dövlətlər özlərinin monetar, fiskal, proteksionist, əmək bazarı və digər iqtisadi siyasətlərində bir-birlərini izləyir və oxşar addımlar atırdılar. Qlobal bazarları indi daha çox izləməyə məhkumuq (baxmayaraq ki, bu məsələ hazırda kifayət qədər diqqətdən kənarda qalıb!) Amma bu dəfə müəyyən ölkələrin atdıqları addımları təkrarlamaq, onların yürütdükləri siyasətlərə oxşar siyasətlər yürütmək üçün deyil, onların siyasətlərinin nəticələrinin iqtisadiyyata mümkün təsirlərini ölçmək, müəyyən etmək, müsbət təsirlərdən daha çox faydalanmaq, mənfi təsirləri isə zərərsizləşdirmək bundan sonrakı dövrdə hər bir ölkənin iqtisadi siyasətində əsas istiqamət olacaq.

Ölkələrin iqtisadi inkişaf səviyyələri, sürətləri, strategiyaları, reseptləri, gördükləri tədbirlər bir-birilərindən ciddi şəkildə fərqlənməyə başladı. Bu çox ciddi siqnaldır".

Ekspert bildirir ki, ABŞ-da işsizlik səviyyəsi 3.5 faiz, inflyasiya 6,5 faiz, faiz dərəcəsi 4.25 faiz-4.5 faizdir: “İnflyasiyanı 2 faizlik hədəf həddinə çatdırmaq üçün faiz dərəcələrinin artırılmasına davam ediləcək. Buna işsizlik səviyyəsi də imkan verir. Lakin faiz dərəcəsinin 2023-cü ildə 6 faiz həddini aşacağı və 6 faizin üzərində qalacağı ehtimalını çox aşağı hesab edirəm. Çünki qlobal iqtisadiyyat dolların faiz dərəcəsinin 6 faizdən yuxarı həddinə uzun müddət dözə bilməz. 5-6 faiz dərəcəsi aralığı da FES-in nəticələrini diqqətlə izləyəcəyi səviyyədir. Deməli, 5.5 faiz-6 faiz aralığında da inflyasiya 4 faizin altına enməsə, FES-in faiz siyasətini daha sərt şəkildə alternativ siyasətlərlə əvəz edəcəyi ehtimalı yüksəlir.

ABA-nın eksperti Elman Sadıqov “Bu gün, İndi” verilişinin qonağı olub –  VİDEO - BBN.az

Elman Sadiqov

Dünyanın 2-ci ən böyük iqtisadiyyatı olan Çinin özünün ciddi iqtisadi qayğıları və çağırışları mövcuddur. Çindən çox böyük kapital çıxışlarının şahidi olmaqdayıq və bu proses davam edəcək. Çinin nisbətən optimist statistik göstəricilərinin altında çox ciddi iqtisadi qayğı və problemləri formalaşmaqdadır.

Avropa Birliyi ciddi iqtisadi qayğılarla yanaşı, çox ciddi siyasi problem və ziddiyyətlərlə üz-üzədir. Avropa Birliyinin iqtisadi inkişafı II Dünya müharibəsindən sonrakı dövrdə olduğu kimi ABŞ-dan və Britaniyadan (Britaniyanın özündə də iqtisadi qayğılar (o cümlədən yüksək inflyasiya) çoxdur) asılı olacaq.

Bizim üçün əhəmiyyətli olan Türkiyədə minimum əmək haqqının artırılması qərarının ardından açıqlanan qərar və görüləcək tədbirlərin əsas bir məqsədi var. Artan maaşlar fonunda inflyasiya təzyiqinin yumşaldılması (bu təzyiq qaçılmazıdır) üçün inflyasiya tətikləyici bir sıra qiymət artımlarına gedilməyəcəyinin anonsunun verilməsi önəmli idi. Bu isə inflyasiya gözləntilərini müəyyən dərəcədə azaldan amildir. Hazırda Türkiyədə inflyasiya gözləntiləri çox olduğu üçün istehlak özünün ən pik həddini yaşayır. Bu amil yerli istehsalı dəstəkləsə də, yerli istehsalda idxalın payını nəzərə aldıqda idxalı da artıran amillərdəndir. Valyuta ehtiyatlarındakı gərginlik, mövcud monetar siyasət manevr imkanlarını daraldır, dolların kursuna təzyiqi artırır. Tədiyə balansında mənfi saldonun azalmasına imkan vermir. Hər bir halda Türkiyə iqtisadiyyatı 2023-cü ildə 2 fərqli dövr yaşayacaq. İlin 1-ci yarısı və ilin 2-ci yarısı. Türkiyə ilə bağlı önəmli əlavə bir faktı da qeyd edim. Suriyanın parçalanması və qaz kəmərlərinin Suriyanın şimalından keçərək Avropaya çəkilməsi planı böyük ehtimalla həyata keçməyəcək. Əvəzində Türkiyə Avropa üçün qaz sahəsində ciddi bir haba (qovşağa) çevrilir. Burada Türkiyəni ciddi sınaq gözləyir. Çünki Suriya-Türkiyə yaxınlaşması Britaniya və müttəfiqləri tərəfindən dəstəklənsə də, ABŞ tərəfindən dəstəklənmir (bunu açıq şəkildə bəyan etdilər)".

E.Sadiqovun sözlərinə görə, dünyanın demək olar ki, hər bir ölkəsi öz iqtisadi inkişaf planını öz ölkəsinin gerçəklik və imkanlarına uyğun hazırlayır: “Ölkələrin qarşılaşdıqları problemlər, çağırışlar, iqtisadi göstəricilər, geosiyasi vəziyyət, əmək bazarı ciddi şəkildə fərqlənməkdədir. Məsələn, Birləşmiş Ərəb Əmirlikləri (o cümlədən konkret olaraq Dubay Əmirliyi) istedadlı gənclərə vizaların verilməsinin asanlaşdırılması siyasətinə başlayıb (konkret olaraq, immiqrasiya deyil, beyin ovu siyasəti). Eyni siyasəti ABŞ başda olmaqla bir çox ölkələrin apardığı və daha geniş şəkildə aparacağı açıq-aşkar görünməkdədir. Kor-koranə toplu immiqrasiya deyil, istedadlı gənclərin, alimlərin, peşəkarların ölkəyə cəlbi. Amma bunun əksinə olaraq, dünya ölkələrinin say olaraq ən azı 70 faizində işsizliyin artması, investisiya, yeni texnologiyaların tətbiqinin isə azalması müşahidə olunacaq.

Bu səbəbdən, ABŞ, Çin, Yaponiya, Avropa İttifaqı kimi güclü iqtisadi birliklərin hazırda kifayət etmədiyi, yeni bir neçə iqtisadi birliklərin formalaşdırılaraq iqtisadi potensialın (o cümlədən risklərin) həmin birliklərdə diversifikasiyası ehtimalı yüksəkdir. Əslində dünya buna doğru gedir. Yəni ayrı-ayrı ölkələrin iqtisadi cəhətdən güclənməsindən daha çox birliklər daxilində güclənərək iqtisadi birliklərin genişlənməsi ilə dünya bazarlarının böyüməsi planı daha rasionaldır. Əks halda, ABŞ və Avropanın bahalı və lüks mallarının bazarlarının daralması, bu bazarların Çin, Cənubi Koreya və digər ölkələr tərəfindən tutulması davam edəcək.

Yekun nəticə isə budur ki, iqtisadi məsələlərə, reseptlərə münasibət və yanaşmalar dəyişir, sürət artır, daha çevik və əsaslandırılmış iddialı planlar önə çıxır. Hər bir ölkə dünyanın qasırğalı iqtisadi okeanında tab gətirmək üçün yelkənli qayıq yox, güclü mühərrikli dayanıqlı gəmi olmağa çalışır və çalışacaq".

Bir çox ekspertlər qlobal iqtisadiyyatda baş verən bir neçə böhranın hərəkətverici qüvvəsi kimi qiymətli kağızlar bazarının çıxış etməsini əsas gətirməklə, onun tamamilə ləğvini təklif edirlər. Onların fikrincə, qiymətli kağızlar bazarı spekulyativ amillərə bağlı olduğuna görə böhranlara qarşı açıqdır.

E.Sadiqovun fikrincə, qiymətli kağızlardan imtina iqtisadiyyatların ciddi şəkildə daralması, kapital çatışmazlığı deməkdir: “Dünya əhalisinin artımı, resursların getdikcə tükənməsi fonunda investisiyalara ehtiyacın artması və sair amillər səbəbindən qiymətli kağızlar bazar iqtisadiyyatının ayrılmaz tərkib hissəsidir və belə qalmaqda davam edəcək. Əlavə olaraq, bazar dəyəri 100 trliyon dollarlarla ölçülən qiymətli kağızlardan imtina faktiki olaraq sistemin çökməsi deməkdir. Qiymətli kağızların olmadığı yeni bir sistem isə hələlik heç bir inkişaf etmiş və etməkdə olan ölkədə yoxdur, sınaqdan belə keçirilməyib. İnandırıcı və real deyil. Hazırda əsas qayğı borc qiymətli kağızları bazarının nəzarətdən çıxmaması, iqtisadiyyatlar üçün dağıdıcı amilə çevrilməməsidir. Söhbət borc qiymətli kağızlarından gedir”...

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR