Onlayn ictimai-siyasi qəzet
“Dərd adamı dingildədər”
(Azərbaycan ata sözü)
Ölkədə qızılca xəstəliyi yayılıb. Hökumətdən gələn informasiyaya görə, bu ilin aprelindən yoluxma sayı 284 nəfərdir. 1 nəfər ölüb. Bəzi məktəblərdə, universitetlərdə müəyyən qruplarda dərsləri dayandırmağa məcbur olmuşlar. Səhiyyə Nazirliyinin məlumatına inansaq, xəstəlik “həmsərhəd ölkələrdən gətirilmə”dir.
Qızılca xəstəliyinin peyvəndi var və ən effektli peyvəndlərdən sayılır. Lakin dünyada, o cümlədən bizim ölkədə də antipeyvənd hərəkatı yayılıb. Bəzi cahillərin üzündən uşaqlar pevəndləmədən qıraqda qalır, yoluxucu xəstəliklərə düçar olur. Özü də bu cahillərin vətəni-milliyyəti yoxdur, dünyanın hər yerində var. Məsələn, son onilliklərdə Azərbaycanda da qızılca yayılan illər olub, Almaniyada da. Ermənistanda yoluxanlar sağalmamış, Niderlandda uşaqlar qızılcadan səpiblər və sairə.
Bu andıra qalmış xəstəliyin ən pis cəhətlərindən biri olduqca sürətli yoluxma qabiliyyətidir. Hansısa çoxmənzilli binada 1 uşaq qızılcadırsa, 3-4 günə az qala bütün blokdakı uşaqların qızılca olmaq ehtimalı yaranır.
Bizdə qızılcaya qarşı, ümumiyyətlə, uşaqların yoluxucu xəstəliklərdən peyvəndlənməsi məcburidirmi? Axı hər şeyi cahil valideynlərin ixtiyarına buraxmaq da olmaz. Dövlətin üzərinə uşaqları qorumaq üçün müəyyən funksiya düşür. Necə ki, “uşaq mənimdir, döyürəm” desəniz, sizi aparıb ən azı cərimə etməlidirlər. Amma qəribədir, bizdə uşaq peyvəndləmə işi qanunla yarıməcburi bir şeydir. Valideyn istəsə, uşağı peyvənd etdirməyə bilər (söhbət bu xəstəliklərdən gedir: Hepatit B, difteriya, göy öskürək, tetanus, vərəm, poliomielit, B tipli hemofil infeksiya, parotit, qızılca, məxmərək). Lakin valideyn bunun üçün notariusdan sənəd almalı, məsuliyyəti özünün daşıdığını təsdiqlətməlidir.
O qədər gülünc tələbdir... Belə kimsə tanıyırsınızmı? Lap bəzi dinlərdəki “filan şey haram deyil, ancaq məsləhət də sayılmır” tipli qaydaları xatırladır. Yaxşı olar yuxarıda siyahısını verdiyimiz bütün peyvəndlər məcburi olsun. Uşağı peyvənd etdirməyən ata-ana cərimə edilsin. Əlbəttə, hansısa nadir allergik reaksiyalı uşaqları nəzərə almaq şərtilə.
Əlaqədar orqanlar qızılcanın yayılmasını qızıl fürsət saya bilər. Nəyə görə? Çünki koronavirusla bağlı qapanma gələn ilin yanvarın 4-də bitməlidir. Məcburuq o gün sərhədi açaq, camaatın hərəsi dağılışsın bir tərəfə. Bu isə mənfi haldır, dövlətçiliyə təhlükədir. Ən azı, seçicilər qaçsalar, Razi müəllimi bir daha deputat seçməyə kimi dəvət edəcəyik? Bax, karantin vəziyyəti bu dəfə qızılcaya görə davam etməlidir. Yuxarıda SN-in məlumatındakı “həmsərhəd ölkələr” ifadəsi, məncə, təsadüfi deyil, xalqı hazırlamaqdır.
Əlbəttə, hökumətə heç kim mane olmur, ola da bilməz, istəsələr gələn ildən korona qapanmasının müddətini növbəti dəfə uzatmaq mümkündür. Ancaq sərhədi 1 virusa görə 4 il bağlı saxlamaq, gəlin etiraf edək, müəyyən dərəcədə bizə yaraşmır. İstər-istəməz camaatda hökumətimizin qüdrətinə şübhələr yaranır: “Bir virusun əlində yesir qalıblar”. Halbuki elə olmadığını bilirik. Ancaq belə olmadığını da bilirik axı. Elə-belə olmadığını necə, bilirikmi? Bunlar vacib, həllini gözləyən problemlərdir. Əgər təyyarə şirkətinin müdirini, hətta Naxçıvanın xanını dəyişdirmişiksə, hökumətimizin bu cür fantastik, cahanşümul, haqqında “Marvel”də kino çəkiləsi işlərə gücü çatmışsa, qotur koronavirusa niyə çatmasın?
Uzun sözün qısası, bizə epidemioloji müstəvidə yeni virus lazımdır. Bunu da təbiət özü göndərib. Qızılca göydən düşmə fürsətdir. Təklif edirəm gələn ildən sərhədi qızılcaya görə bağlayaq. Ən azı 3-4 aylıq. Hava qızanda da (bu qızılca yayda demək olar olmur - Günəşə dözümsüz virusdur) nəsə təzə virus taparıq. Eboladan-zaddan.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ