Onlayn ictimai-siyasi qəzet
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın may sayını təqdim edib. İcmala əsasən, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 18% artaraq 1,1 milyard ABŞ dolları təşkil edib. 2025-ci ilin yanvar-aprel aylarında yeyinti məhsullarının ixracı 12,1% artaraq 300,8 milyon ABŞ dollarına bərabər olub.
Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (95,4 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (74,7 milyon ABŞ dolları) ikinci, karbamid (63,5 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2025-ci ilin aprel ayı ərzində isə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (30,2 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (30,16 milyon ABŞ dolları) ikinci, pambıq (22,1 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
Cari ilin ilk dörd ayında Rusiya Federasiyasına 321,4 milyon ABŞ dolları, Türkiyəyə 187,7 milyon ABŞ dolları, Gürcüstana 105,8 milyon ABŞ dolları, İsveçrəyə 100,5 milyon ABŞ dolları, Ukraynaya isə 63 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
Xalid Kərimli
İqtisadçı Xalid Kərimli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, qeyri-neft sektorunun yerli istehsal hesabına artması yaxşı haldır. X.Kərimlinin sözlərinə görə, ölkənin əsas məqsədi qeyri-neft sektorunun ixracının artmasıdır çünki bunun alternativi yoxdur: “Ötən il qeyri-neft sektorunun ixrac həcmi 3 milyard 345 milyon dollar, idxal isə 21 milyard dollar olub. Təsəvvür edin, neft-qaz olmasa, ölkə 3,4 milyardlıq məhsul ixrac edir, 21 milyardlıq məhsul isə idxal edir. Tədiyyə balansında, cari əməliyyatlar balansındakı vəziyyəti təsəvvür etmək çətindir. Qeyri-neft sektorunun potensialı böyükdür. Azərbaycandakı rəqəmlər Gürcüstandakından dəfələrlə, Ermənistandan isə 2 dəfə azdır. Onların coğrafi mövqeyi bizimkindən heç də yaxşı deyil, iki ölkə ilə əlaqəsi yoxdur. Bu baxımdan qeyri-neft sektorunun istənilən artımına sevinmək lazımdır. Artım keyfiyyətlidirsə, buna daha çox sevinmək lazımdır. 4 aylıq statistikada 18% artım qeydə alınıb. İxrac siyahısında qızıl, pomidor və karbamid ilk üçlüyü tutur. Qızılın ixracı keçən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə artıb. Pomidorun ixracı isə 3.5 milyon dollar həcmində artıb. Karbamid isə 2 dəfəyə qədər artıb. Qızıl xammal olduğu üçün həm qiyməti qalxıb, həm də hasilatı artıb. Qızıl hasilatı ilə ölkədə 2 şirkət məşğul olur. Keçən illə müqayisədə qiymətdə 35%-ə qədər artım var. Eyni zamanda hasilat və ixracat artıb. Pomidor Rusiyaya çox satılır. Yerli bazarlarda pomidorun baha olmasının əsas səbəbi ixracatın yaxşı olmasıdır. Ölkə iqtisadiyyatının vəziyyəti budur- 88 faiz neft-qaz məhsulları, yerdə qalan hissə isə kənd təsərrüfatı və qızılın payına düşür. Qızıl xammal şəklində İsveçrəyə göndərilir, pambığı isə mahud formasında göndəririk. Sözügedən məhsullar hasilat sənayesi məhsulları olduğu üçün əlavə dəyər yaratmırlar. Təəssüf ki, hələ ki, nə texnoloji məhsullar, nə də digər əhəmiyyətli xidmətlər ixrac edə bilmirik. Qeyri-neft sektoru pis inkişaf etdiyi üçün ixracımız da ona uyğundur”.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
01 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ