Onlayn ictimai-siyasi qəzet
Son 3 ildə ölkədə qiymətli kağızlar bazarının inkişafına nail olmaq üçün müəyyən addımlar atılır, amma...
Bu ilin I yarısında Azərbaycanın qiymətli kağızlar bazarında 18 milyard 616,9 milyon manatlıq əməliyyat aparılıb. Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu, ötən ilin eyni dövrünə nisbətən 2,2 dəfə çoxdur.
Yarımillik göstəricinin 4 milyard 280,6 milyon manatlıq hissəsi ilkin bazarda (22,8 faiz çox), 14 milyard 336,3 milyon manatlıq hissəsi təkrar bazarda (2,9 dəfə çox) formalaşıb.
Hesabat dövründə qiymətli kağızlar bazarında 7 354 əqd bağlanılıb. Bu, illik müqayisədə 31,7 faiz çoxdur. Əqdlərin 1 182-si ilkin bazarın (1,8 faiz az), 6 172-si isə təkrar bazarın (41 faiz çox) payına düşüb.
Yanvar-iyun aylarında qiymətli kağızlar bazarında aparılmış əməliyyatların 3 milyard 653,5 milyon manatlıq hissəsi və yaxud 19,6 faizi dövlət qiymətli kağızlarının, 2 milyard 138,3 milyon manatlıq hissəsi və yaxud 11,5 faizi korporativ qiymətli kağızların, 12 milyard 825,1 milyon manatlıq hissəsi və yaxud 68,9 faizi isə repo əməliyyatlarının payına düşüb. Bunlar, əvvəlki ilə nisbətən müvafiq olaraq 14,7 faiz, 53 faiz və 3,3 dəfə çoxdur.
Altı ay ərzində bu bazarda bağlanmış əqdlərin isə 1 450-si və yaxud 19,7 faizi dövlət qiymətli kağızlarının, 2 018-i və yaxud 27,45 faizi korporativ qiymətli kağızların, 3 886-sı və yaxud 52,85 faizi isə repo əməliyyatlarının payına düşüb. Bunlar isə illik müqayisədə müvafiq olaraq 3,1 faiz, 10,6 faiz və 65,4 faiz çoxdur.
Bakı Fond Birjasında (BFB) 2024-cü ilin yanvar-iyun ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 17 milyard 651 mln. 527.2 min manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.3 dəfə çoxdur. Birjadan verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızların ticarət həcmində 64 faiz, dövlət qiymətli kağızların ticarət həcmində isə 15 faiz böyümə qeydə alınıb, repo əməliyyatları üzrə 226 faiz artım olub. O cümlədən ötən illə müqayisədə korporativ qiymətli kağızların repo əməliyyatlarının bazarı üzrə 144 faiz artım qeydə alınıb.
Daha bir statistikaya əsasən, 2024-cü ilin II rübündə Milli Depozit Mərkəzi tərəfindən həyata keçirilən qiymətli kağızlar üzrə ödənişlərin ümumi məbləği 1 milyard 438,7 milyon manat və 32 milyon 682,3 min ABŞ dolları təşkil edib. Bu dövrdə Milli Depozit Mərkəzi Azərbaycan Mərkəzi Bankının notları üçün 798,7 min manat, dövlət istiqrazları üçün əsas məbləğ üzrə 492,5 min manat, kupon üzrə isə 95,9 milyon manat ödəniş həyata keçirilib. Mərkəzi depozitar investorlara korporativ istiqrazlar üçün əsas məbləğ üzrə 48,25 milyon manat, 30 min ABŞ dolları, kupon üzrə isə 3,3 milyon manat, 2,68 milyon dollar ödəniş edib.
Qeyd edək ki, qiymətli kağızlar bazarı iqtisadiyyatın mühüm sahələrindən biridir. Onun inkişaf tarixi 16-cı əsr Avropasından başlayır. İnkişaf etmiş ölkələrdə bu, bazar iqtisadiyyatının əsas göstəricisi rolunu oynamaqla, maliyyə-investisiya siyasətində mühüm təsiredici qüvvəyə malikdir. Azərbaycanda qiymətli kağızlar bazarının inkişafı müstəqillik əldə olunan ilk illərdən qarşıya prioritet kimi qoyulsa da, indiyədək bu sahədə ciddi nəticələrin əldə olunduğunu söyləmək mümkün deyil. Bazar həcmləri çox cüzi rəqəmlərlə ifadə olunub, qiymətli kağızlar investisiya və reinvestisiya aləti kimi demək olar ki, iqtisadiyyatda əhəmiyyətli bir paya malik olmayıb, öz klassik rolunu oynaya bilməyib. Bunun əsas səbəbi kimi ekspertlər ölkədə inhisarçılığın yüksək həddini, məmur biznesinin təşəkkülünü, azad biznes və investisiya mühitinin olmamasını göstərirlər.
Son 3 ildə ölkədə qiymətli kağızlar bazarının inkişafına nail olmaq üçün müəyyən addımlar atılır. Bunlar arasında Maliyyə Nazirliyinin irihəcmli qiymətli kağızlarının emissiyası, Mərkəzi Bankın repo əməliyyatlarını bərpa etməsi, bir sıra iri dövlət şirkətlərinin qiymətli kağızlarının emissiyası və sairi göstərmək olar.
Azərbaycan Milli Depozit Mərkəzinin məlumatına əsasən, hazırda Azərbaycanın kapital bazarında dövlət istiqrazları, korporativ istiqrazlar və Mərkəzi Bankın qısamüddətli notları mövcuddur. Dövlət istiqrazı dövlət tərəfindən emissiya edilən istiqrazdır. Dövlət istiqrazları dövlətin əsas borclanma mexanizmlərindən biri olub, hər hansı bir fövqəladə hadisə ilə əlaqədar tələb olunan xərclərin qarşılanması və ya digər tədbirlərin həyata keçirilməsi üçün çatışmayan vəsaitin əldə olunması məqsədi güdür.
Korporativ istiqraz özəl müəssisə tərəfindən əlavə vəsait cəlb etmək məqsədilə emissiya edilən borc qiymətli kağızıdır.
Mərkəzi Bankın notları isə Mərkəzi Bank tərəfindən bir ilədək müddətə buraxılan adlı sənədsiz dövlət güzəştli qiymətli kağızlarıdır. Qısamüddətli notlar dövriyyədə olan pül kütləsinin tənzimlənməsi üçün nəzərdə tutulmuş pul siyasəti vasitəsidir. “Qiymətli kağızlar bazarı haqqında” Qanuna müvafiq olaraq istiqrazların nominalı milli və ya xarici valyutada ifadə oluna bilər.
Açıqlanan rəsmi statistikadan aydın olur ki, Azərbaycan qiymətli kağızlar bazarının həcmində repo əməliyyatlarının payı çox yüksəkdir. Bu əməliyyatlar Mərkəzi Bank tərəfindən həyata keçirilir. Klassik anlamda repo müqaviləsi kapital bazarlarında istifadə edilən qısamüddətli borc forması olmaqla, öz maliyyə ehtiyaclarını ödəmək məqsədilə bazar iştirakçılarını müvəqqəti borc cəlb etmə imkanları ilə təmin edir. Başqa sözlə, repo müqaviləsi qiymətli kağızların müqabilində vəsaitlərin cəlb olunması deməkdir.
“Qiymətli kağızlar bazarı haqqında” Qanuna görə, repo müqaviləsi investisiya qiymətli kağızlarının əvvəlcədən müəyyən edilmiş şərtlərlə geri satın alınması (satılması) öhdəliyi ilə satılması (alınması) kimi təsbit edilmişdir. Repo əməliyyatı repo açılış əqdi və repo bağlanış əqdi olmaqla iki hissədən ibarətdir. Repo açılış əqdi repo əməliyyatının birinci hissəsi olmaqla, investisiya qiymətli kağızların satılması (alınması) üzrə əqddir, repo bağlanış əqdi isə ikinci hissəni təşkil etməklə, investisiya qiymətli kağızlarının geri satın alınması (satılması) üzrə əqddir. Repo əqdinə müvafiq olaraq qiymətli kağızları satan tərəf müəyyən edilmiş müddətin sonunda qiymətli kağızı alıcıdan yenidən geri almaq öhdəliyini daşıyır. Repo açılış əqdi tarixi ilə Repo bağlanış əqdi tarixi arasındakı müddət repo müddətini təşkil edir.
Azərbaycanda repo əməliyyatları Bakı Fond Birjası (BFB) və onun üzvü olan investisiya şirkətləri arasında və klirinq təşkilatı qismində Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin iştirakı ilə bağlanan Baş Razılaşma əsasında birjanın qaydalarına uyğun olaraq həyata keçirilir. Repo Baş Razılaşması repo əməliyyatlarının aparılmasının əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini, məsuliyyətini müəyyənləşdirən çərçivə sənədidir.
Bir qayda olaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının Repo/Əks repo əməliyyatları investorlar arasında Repo Baş Razılaşmasına uyğun olaraq BFB-də keçilir. Bu zaman predmeti olaraq Mərkəzi Bankın qısamüddətli notları, dövlət istiqrazları və Baş Repo razılaşmasında qeyd olunan likvid qiymətli kağızlar çıxış edir.
Repo əməliyyatlarının həyata keçirilməsinin müddəti və repo faiz dərəcəsi investorlar tərəfindən müəyyən olunur. Repo əməliyyatı üzrə gəlirlilik dərəcəsi repo açılış əqdi qiyməti ilə repo bağlanış əqdi qiyməti arasındakı fərqdən formalaşır. Repo ticarəti birjanın ticarət reqlamentinə uyğun olaraq həyata keçirilir.
Rəşad Həsənov
İqtisadçı-ekspert Rəşad Həsənovun “Yeni Müsavat”a dediyinə görə, Azərbaycanda qiymətli kağızlar bazarının inkişafı məqsədilə qəbul edilən, həyata keçirilən strategiyalar və qarşıya qoyulan hədəflər bir qayda olaraq özünü doğrultmur: “Bu da daha çox bazarın strukturu, iqtisadi subyektlərin bu istiqamətdəki meylliyi kimi mənfi trendlər fonunda ortaya çıxır. Hazırda bu bazarda müşahidə edilən artımın əsasında Mərkəzi Bankın apardığı əməliyyatların dayanması indiki şərtlər daxilində təbiidir. Qiymətli kağızlar bazarındakı artım son iki ildə Mərkəzi Bankın bazar müdaxilə alətlərini təkmilləşdirməsi, pul siyasəti çərçivəsini yeniləməsindən qaynaqlanır. Xüsusilə də hazırda bazarda likvidliyin böyük olması, inflyasiya təzyiqlərinə qarşı mübarizə zərurəti, eyni zamanda fiskal genişlənmənin neytrallaşdırılması istiqamətində pul bazarının tənzimlənməsi ilə bağlı yaranmış çağırışlar Mərkəzi Bankı daha intensiv şəkildə, daha böyük həcmdə repo və əks-repo əməliyyatlarını həyata keçirməyə sövq edir. Hətta uzunmüddətli bazarda pulun realizasiyası da bu siyasəti dəstəkləyir”.
Ekspert bildirir ki, qiymətli kağızlar bazarında son 2 ildə müşahidə olunan yüksək artım dayanıqlı inkişafdan xəbər vermir və çox kövrəkdir: “Sabah-birigün Mərkəzi Bankın belə böyük həcmli repo əməliyyatlarına ehtiyac olmayacaqsa, yəni monetar siyasətin bu istiqamətdə çağırışları yaranmayacaqsa, onda qiymətli kağızlar bazarının həcmində kəskin azalma baş verəcək. Biz indiyədək bir neçə dəfə belə azalmanı müşahidə etmişik. Qısa formada desək, qiymətli kağızlar bazarında Mərkəzi Bankın qısamüddətli notlarına əsaslanan böyümə klassik anlamda qəbul edilən inkişafa uyğun gəlməyən, müvəqqəti xarakterli prosesdir. Bu bazarda dayanıqlı inkişafın təmin olunması üçün çoxsaylı və kompleks addımların atılmasına ehtiyac var. Onların əsasında azad biznes və investisiya mühitinin təmin olunması ilk yerdə gəlir”.
Dünya SAKİT,
“Yeni Müsavat”
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ