Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Serbiya prezidenti Aleksandar Vuçiç ölkənin mümkün nüvə hücumlarına qarşı hazırlıqlara başladığını açıqlayıb. Vuçiç bu qərarı Ukraynada vəziyyətin gərginləşməsi ilə əlaqələndirərək, beynəlxalq arenada hadisələrin nəzarətdən çıxa biləcəyini qeyd edib.
Vuçiç bildirib: “Mənim proqnozlarım belədir: baş verənlər getdikcə daha çox nəzarətdən çıxacaq. Bu, yalnız yeni münaqişələrə, daha ciddi problemlərə və hər vəchlə qarşısını almaq istədiyimiz şeyə - daha geniş və miqyaslı qarşıdurmaya aparır”.
Vuçiç hazırda dünyanın “düzgün istiqamətdə hərəkət etmədiyini” və gərginliyin daha da artacağını düşündüyünü vurğulayıb.
Musavat.com bildirir ki, bu məlumatlar beynəlxalq KİV-lər, o cümlədən RT Balkan və Reuters mənbələrində yer alıb. Serbiya rəhbərliyi hazırda ölkə daxilində sığınacaqların yenidən qurulması və digər müdafiə tədbirlərini planlaşdırır.
Musavat.com xatırladır ki, bu mövzuda dünyanın digər böyük dövlətlərinin rəhbərləri və mediası da həyəcanlı mesajlar veriblər.
Bir sıra ölkələrin rəhbərləri və yüksək səviyyəli rəsmiləri bu təhlükəyə qarşı hazırlıqlı olmağın vacibliyini vurğulamaqdadırlar.
Skandinaviya ölkələri, o cümlədən Norveç, Üçüncü Dünya Müharibəsi riski ilə bağlı hazırlıqlara başlayıblar. Onlar potensial təhlükə ilə bağlı vətəndaşlarına ağır döyüş şəraitində sağ qalmaq üçün təlimatlar təqdim ediblər.
NATO-nun sabiq baş katibi Yens Stoltenberq Böyük Britaniyanın “The Telegraph” qəzetinə müsahibəsində rəhbərlik etdiyi alyansın nüvə savaşına hazırlıq planlarından danışıb. O, ABŞ-ın Avropada yerləşdirdiyi B61 nüvə bombalarını modernləşdirdiyini və bu istiqamətdə hazırlıqların davam etdiyini bildirib.
Almaniya hakimiyyəti ictimai binaları və şəxsi tikililəri yenidən quraraq mülki insanlar üçün bomba sığınacaqlarının sayını artırmağı hədəfləyir. Hazırda 83 milyonluq ölkədə mövcud olan 579 sığınacaq yalnız 500 minə yaxın insan üçün nəzərdə tutulub. Plana əsasən, metro stansiyaları, xidmət mərkəzləri və inzibati binalar sığınacaq kimi istifadə olunacaq.
Türkiyənin “Türkiye Gazetesi” nəşrinin məlumatına görə, NATO-nun nüvə silahlarının qarşısının alınması siyasəti çərçivəsində ABŞ istehsalı olan B61 taktiki termonüvə bombaları Almaniya, İtaliya, Hollandiya, Belçika və Türkiyədə yerləşdirilib. Bu bombalar Türkiyənin İncirlik bazasında saxlanılır və müharibə vəziyyətində onların istifadəsi yerləşdiyi ölkənin səlahiyyətinə verilir.
Bundan əlavə, Türkiyə mediasında nüvə qışına hazırlıqla bağlı davamlı yazılar dərc olunur. Dünyanın bir sıra ölkələrində isə nüvə müharibəsi zamanı həyatda qalmaqla bağlı təlimlər və kurslar keçirilir. Avropa ölkələrində, xüsusən də Böyük Britaniyada yeraltı sığınacaqların yenidən təmiri və satışı ilə bağlı artım müşahidə olunur.
Bu tədbirlər və açıqlamalar göstərir ki, dünya liderləri və hökumətləri mümkün nüvə müharibəsi təhlükəsinə qarşı hazırlıqlı olmağın vacibliyini qəbul edir və bu istiqamətdə addımlar atırlar.
Musavat.com
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ