İnsanlara hürriyət, millətlərə istiqlal!

Qış sərt keçəcək - Bakı rəhbərliyi “bacararıq” havasında

Ekspert: “Vəzifəli şəxslərin keçdiyi küçələr təmizlənir, digərləri qarın içində qalır”

Azərbaycana qış gələr-gəlməz özündən əvvəl problemlərini də gətirir. Hər il güclü yağış, yaxud qar yağdığında ilk olaraq yollar bərbad vəziyyətə düşür, insanlar saatlarla tıxaclarda qalır. Bakı sanki Venesuelanı xatırladır. Avtomobillər suyun altında qalmış vəziyyətdə, şəhərdə həyat dayanmış şəkildə olur. Yalnız yollarmı?  Ötən il şahidi olduq ki, ucqar rayonlarda evlərə istiliyin verilməsi ilə bağlı bir sıra problemlər yaşanıb. Valideynlər şaxta səbəbindən məktəblərə övladlarını buraxmadılar. Paytaxt məktəblərindən də istilik sistemi ilə bağlı şikayətlər var idi. Eləcə də Bakıda qazla təmin olunmayan bəzi yeni tikilən  binalarda da olduqca soyuq havalarda elektrik enerjisinin kəsilməsindən şikayətlənənlər var idi. Bəs bu il necə, yenə də həmin problemlər yaşanacaqmı?  

Yeri gəlmişkən, paytaxtda qışa hazırlığın vəziyyəti ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə verilən tapşırıqlara uyğun olaraq şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən “Yeni Müsavat”a verilən xəbərə görə, müşavirələrin əsas məqsədi rayon xidmətlərinin soyuq qışa, xüsusilə güclü qar yağmasına hazırlığın vəziyyətinin araşdırılması, bu zaman görülməsi zəruri olan işlər müzakirə edilib. İlk müşavirələr paytaxtın Xətai, Nizami və Binəqədi rayonlarında keçirilib. Müşavirələrdə Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdirləri, şəhərin kommunal və digər xidmətlərinin rəhbərləri də iştirak ediblər. Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər bir rayona cavabdeh şəxs təyin edilib, həmin şəxslər yerli icra hakimiyyətlərinin nümayəndələri ilə birgə rayonlarda qış mövsümünə hazırlığı, verilən tapşırıqların və görülən işlərin icra vəziyyətini yoxlayıblar.

Bildirilib ki, son günlərdə ölkənin dağ rayonlarına əvvəlki illərlə müqayisədə daha çox qar yağması qışın sərt və yağmurlu keçəcəyindən xəbər verir. Bununla əlaqədar rayon icra hakimiyyətlərində qışa hazırlıqla bağlı yaradılan qərargahlar, kommunal və təsərrüfat xidmətləri və aidiyyəti təşkilatların rəhbərləri həmin günlərdə üzərlərinə düşən vəzifələrin tam şəkildə yerinə yetirilməsi üçün hazır olmalıdır. Hər bir quruma qarın təmizlənməsi üçün lazımi qədər alət, inventarın (bel, kürək, ling və s.) toplanması, duz ehtiyatı yaradılması, xüsusi texnikaların vəziyyətinin yoxlanılması ilə bağlı tapşırıqlar verilib. Rayondakı küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb, bu işlərə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi qərara alınıb.

Həmçinin rayonlardakı idarə, təşkilat və özəl qurumlar, bələdiyyələr, o cümlədən ictimai iaşə müəssisələrinin rəhbərlərinə, ictimaiyyət nümayəndələrinə qarlı günlərdə Avropa ölkələrində də qəbul edilən qaydalara uyğun özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etməyə çağırış edilib. Qar yağanda əsas problemlər nədir?

Elməddin Muradlı - Turkic World

Elməddin Muradlı

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, qış aylarında güclü qar, yağış yol hərəkəti təhlükəsizliyinə çox böyük təsir edir: “Dumanlı hava şəraiti, digər səbəblər yollarda qəzalara səbəb olur, sıxlıq, tıxac yaradır. Deyək ki, qar yağır, qarın təmizlənməsi yalnız bəzi küçə və prospektlərdə sürətli şəkildə aparılır. Digər küçə və prospektlər də qalır Allah ümidinə, nə vaxt havalar düzələr, buz əriyər yollar düzələr. Ya da kommunal təsərrüfat birliyinin işçiləri balaca bir təmizlik işi aparırlar, ya da ərazidə sahibkarlıq subyektləri, ticarət obyektləri varsa, onlar müdaxilə edirlər ki, ərazini təmizləsinlər. Bu, sadəcə, biabırçılıqdır. 99-cu ildən bəri mətbuatdayam, hər il eyni sözü eşidirəm. Qışa hazırlıq. Hər dəfə qışda qara da təslim olurlar, yağışa da, uduzurlar. Düzdür, təbiətlə heç kim mübarizə apara bilməz. Amma pafosla danışmağa da ehtiyac yoxdur. Biz qışa tam hazırıq. Qışa tam hazır olmaq ifadəsinin arxasında o durur ki, bütün küçə və prospektlər eyni vaxtda texnika, canlı qüvvə ilə təmizlənsin. Amma bilirik ki, bəzi küçə və prospektlər var ki, ölkə rəhbərliyi, vəzifəli şəxslər o küçələrdən keçir və onlar təmizlənir, digər küçələr isə qarın içində qalır”.

Ekspert əlavə edib ki, ölkədə yağış suları düzgün idarə olunmur: “Yağış suları bu gün təəssüflər olsun ki, kanalizasiya sisteminə birləşdirilir, bu da qanunsuzdur. İkincisi də, kanalizasiya xətlərinin yüklənməsinə gətirib çıxarır. Nəticədə su daşır, küçələri su basır, çirkab suları küçələrə axıdılır. Birincisi təhlükəsizliklə bağlı olan problemdir, ikincisi də müxtəlif xəstəliklərin yaranmasına səbəb olur.

Deyək ki, Bakı Şəhər İcra Hakimiyyətinin texnikaları, yaxud da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnikaları yoldan qarı təmizləyir, qar tökülür səkilərin üzərinə,  kommunal təsərrüfat birliyinin işçiləri də süpürüb onu tökür yola. Yəni ora-bura atırlar ki, nə vaxtsa gün vurub əridəcək. Amma necə olur ki, digər küçələri, yolları dərhal təmizləyirlər. Düzdür, əvvəlki illərə baxanda son dövrlər azca inkişaf var. Misal üçün, biz respublika əhəmiyyətli yollara baxırıq, görürük ki, vaxtında müdaxilə edirlər. Bakı-Şamaxı yolunda gecənin bir aləmində qar yağmağa başlayır, dərhal da yolu buz bağlayır. Az da olsa texnika çıxarırlar. İndi deyirlər hazırıq. Mən Şamaxı istiqamətində müntəzəm gedib-gələn sürücülərlə söhbət etmişəm, qar yağanda səhərə yaxın ora texnika göndəriblər. Gecə yarısından başlayan qarlı havada adamlar yolda qalıblar. Bizim problemli nöqtələrimizdən biri Ağsu aşırımıdır. Ora müəyyən mənada operativ texnika çıxara bilirlər. Xınalıq yolu böyük bir qəsəbədir, tarixi bir yerdir, qar yağması nəticəsində əlaqə itir. Amma görürsən ki, qısa müddətdə yolu qardan təmizləyirlər, yol işlək vəziyyətdə olur. Ən vacib məsələ Müdafiə Nazirliyi tərəfindən işğaldan azad olunan ərazilərdə operativ iş qurulmasıdır. Bunlar yaxşı işlərdir. Amma yalnız şəhər mərkəzində başdansovdu yanaşmalar var".

Elvin Basqallıya bu qurumda vəzifə verildi

Elvin Basqallı 

“Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı “Yeni Müsavat”a deyib ki, yalnız Bakı üzrə yox, bütün Azərbaycanda mərkəzləşdirilmiş istilik xidməti və istisu təchizatı xidməti göstərilir: “Ona görə də ümumi deyim ki, 180 mindən artıq mənzil mərkəzləşdirilmiş qaydada isidilir. Bu müqavilə ilk növbədə əhalinin istehlakçı hüquqlarının öz maraqlarına uyğundur. Çünki burada onların hüquq və öhdəlikləri tam şəkildə izah olunur.

Bağçaların 6, məktəblərin isə 8 faizi “Azəristiliktəchizat” ASC tərəfindən istilik xidməti ilə təmin olunur. Digərləri isə həmin məktəblərin öz qazanxanaları vasitəsilə isidilir.

Oxu.az - Anar Cəbrayıllı: “İşğaldan azad olunan ərazilərdə su ehtiyatları  ilə bağlı layihəmiz yoxdur”

Anar Cəbrayıllı 

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə deyib ki,  payız-qış mövsümündə yağış-kanalizasiya şəbəkələrində yarana biləcək fəsadların qarşısını almaq məqsədilə kompleks tədbirlər icra olunur: “Qışa hazırlıq çərçivəsində "Azərsu" ASC avqust ayından tədbirlər planını təsdiq edib. Tədbirlər Planına uyğun olaraq, payız və qış aylarında yağıntıların intensivləşəcəyi nəzərə alınaraq tullantı su infrastrukturunun istismar vəziyyəti yoxlanılır, şəbəkə və kollektorların, yağış barmaqlıqları və baxış quyularında monitorinq aparılır, istismar vəziyyəti öyrənilir".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR