Onlayn ictimai-siyasi qəzet
Guya 2020-2023-cü illərdə Qarabağda 429 erməni itkin düşüb; “Həmin dövrdə sülhməramlılar və xunta rejimi var idi, onlardan soruşsunlar...” - reaksiya
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Ermənistan nümayəndəliyi açıq-aşkar təxribatla və dezinformasiya ilə məşğul olur. Bakı-xeber.com-un məlumatına görə, təşkilat iddia edir ki, guya 2020-2023-cü illərdə Qarabağda 429 nəfər erməni “itkin düşüb”, hələ onlardan bir məlumat yoxdur.
Guya onlar münaqişənin gedişində “itkin düşüblər”. BQXK-nın Ermənistan nümayəndəliyinin yaydığı məlumata görə, 62 ailə itkin düşmüş qohumlarının taleyinin öyrənilməsi xahişi ilə BQXK-ya müraciət edib və axtarış sorğusu verib. Ailələrdən alınan ifadələrə görə, guya 2020-2023-cü illərdə “münaqişənin qızışması” nəticəsində bu qədər insan itkin düşüb və qurum da onların sorğusuna əsasən araşdırma aparır. BQXK-nın Ermənistan nümayəndəliyinin bu iddiası həqiqətən də özündə başqa mətləbləri, daha çox yalanı və dezinformasiyanı əks etdirir.
Birinci və İkinci Qarabağ müharibəsində Azərbaycandan itkin düşmüş hərbçilərimiz var. Amma bu illər ərzində “Qırmızı Xaç” ölkəmizə heç zaman ciddi yardım göstərməyib. Əksinə, Azərbaycana qarşı qanlı cinayətlərdə iştirak etmiş erməni separatçılarına hərtərəfli köməyə can atması ilə fərqlənib. BQXK Xankəndidə ofis açmışdı. Amma BQXK-nın Xankəndidəki nümayəndəliyi Bakıya deyil, Qızıl Xaç Cəmiyyətinin İrəvan nümayəndəliyinə tabe idi. BQXK-nın bu addımı atmaqla beynəlxalq hüquqa, Azərbaycan qanunlarına hörmətsizlik nümayiş etdirirdi. Lazımi mandata və itkin düşmüş vətəndaşların axtarışına kömək etmək üçün real imkanlara malik olmasına baxmayaraq, BQXK dörd minə yaxın azərbaycanlının taleyini müəyyən etmək üçün heç nə etməyib. İndiyə qədər “itkinlərin” sayı haqda danışmırdılar, indi niyə bu rəqəmi ortaya atırlar? BQXK-nın Ermənistan nümayəndəliyi bu əsassız iddianı hansı məqsədlə irəli sürür? Müharibə bitdiyi və Azərbaycan ərazi bütövlüyünü bərpa etdiyi üçün “Qırmızı Xaç”ın ölkə ərazisində fəaliyyətinə zərurət qalıbmı?
Yeri gəlmişkən, fevralın 7-də Azərbaycan-Ermənistan dövlət sərhədində Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Ermənistanın Əsir düşmüş, saxlanılmış və itkin (yeri məlum olmayan) şəxslər üzrə idarələrarası komissiyasının nümayəndələri arasında görüş baş tutub. Bildirilir ki, görüşdə itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsinə dair fikir mübadiləsi aparılıb və komissiyalar arasında ikitərəfli əsasda müzakirələrin davam etdirilməsi barədə razılıq əldə olunub. Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, Qarabağ müharibəsi zamanı Azərbaycanın 3983 vətəndaşı itkin düşüb. Beynəlxalq Qızıl Xaç Komitəsinin məlumatına görə, Birinci Qarabağ müharibəsi də daxil olmaqla, itkin düşən ermənilərin ümumi sayı min nəfərə yaxındır. Sadəcə, “Qırmızı Xaç” tez-tez ermənipərəst mövqedən çıxış edir. Onlar Qarabağda da min oyundan çıxırdılar, heç bir fövqəladə vəziyyət olmadığı halda panika görüntüsü yaradırdılar.
Aydın Mirzəzadə
Deputat Aydın Mirzəzadə “Yeni Müsavat”a bildirdi ki, nə Vətən müharibəsi, nə antiterror əməliyyatı dövründə ermənilərin itkin düşməsi haqda xəbər olmayıb: “Sonra bölgədən köçdülər və yenə də itkinlər haqda heç bir məlumat olmadı. Bu informasiyalar özlərini yenidən gündəmə gətirmək məqsədi güdür. Xatırladım ki, bir müddət əvvəl iki ölkə arasında görüş oldu, orada da həmin itkin düşənlər barəsində bu rəqəmlər səslənmədi. Deməli, belə bir fakt yoxdur. Sadəcə, yayılan bu informasiyalar təbliğat şousunun bir hissəsi sayılmalıdır”. Deputat əlavə etdi ki, Azərbaycan həmişə humanizmi üstün tutub və beynəlxalq konvensiyalara riayət edib: “Ermənilər nümunə gətirsinlər ki, bizim əsir düşən və ya yaralı hərbçimizə kömək ediblər. Amma Azərbaycan yaralı erməni hərbçilərlə hər zaman humanist davranıb. Ona görə də əsir düşənlər barədə fakt varsa, ortaya qoysunlar. Məncə, onlarda hər hansı dəlil yoxdur və heç nə alınmayacaq”.
“Həmin illərdə Qarabağın dağlıq hissəsi sülhməramlı adlanan rus hərbi kontingentin məsuliyyət zonası olub. Onlarla yanaşı, həmin ərazilərə nəzarət separatçı rejimdə idi. O dövrdə qondarma rejimin öz polisi, təhlükəsizlik orqanı fəaliyyət göstərirdi. Əgər doğrudan da itkin düşənlər olubsa, onlar cavabdehdirlər. Burada söhbət həmin 3 illik müddətdən gedir. Yox, təkcə 2023-cü il vurğulansaydı, onda antiterror əməliyyatına bağlamaq, çirkab atmaq cəhdləri ola bilərdi. Odur ki, gedib qondarma rejimin İrəvandakı tullantılarından hesabat tələb etsinlər”, - təhlilçi Ramiyə Məmmədova “Yeni Müsavat”a belə şərh etdi. Onun fikrincə, söhbət “Qırmızı Xaç”ın Ermənistan bürosundan gedirsə, onda ümumiyyətlə, deyilənlərə inanmağa dəyməz. Ekspert hesab edir ki, 400-dən çox itkin varsa, ad-soyadları açıqlansın: “Azərbaycanın 4 mindən çox itkin düşən vətəndaşı var. Bu illər ərzində heç bir nəticəsi olmayıb. Son görüşlərdə razılıq əldə olunub ki, tərəflər itkin düşənlərlə bağlı araşdırma aparsın. Biz ümid edirik ki, Paşinyan hökuməti bunu da mina xəritələri kimi eləməz”.
Xəzər Teyyublu
Hüquq müdafiəçisi Xəzər Teyyublu isə “Qırmızı Xaç”ın bu məlumatını feyk və təxribat xarakterli adlandırıb. Onun sözlərinə görə, üstəlik, həmin illərdə sözügedən ərazilər rus hərbçilərin məsuliyyət zonası olub və onlar cavabdehdir: “Həmin üç ildə erməni separatizmi mövcud idi. Ona görə də Azərbaycanın həmin bölgəyə nəzarəti olmadığı üçün bizi günahkar çıxarmaq mümkün deyil. Məlumatda deyilir ki, guya münaqişə dövründə itkin düşüblər. Amma həmin 3 il ərzində, yəni sülhməramlılar olduğu dövrdə hər hansı genişmiqyaslı münaqişə olmayıb, vaxtaşırı qanunsuz erməni silahlı birləşmələri atəş açırdılar. Yəni yalnız bir sutkalıq antiterror əməliyyatı keçirilib ki, o zaman da bir dinc erməni xəsarət almayıb, nəinki itkin düşsün. Bu baxımdan, "Qırmızı Xaç"ın İrəvan ofisi yenidən təxribatla məşğuldur və erməni barmağından sovrulan saxta informasiyalara əsaslanır. Ən vacib məqam isə odur ki, 4 mindən çox azərbaycanlı itkin düşüb, bundan danışsınlar".
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
28 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ