İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qırmızı Xaç”ın kirli reputasiyası – Qurum Şuşanın azad edilməsinə necə mane olmaq istəyib? – ŞOK faktlar

Artıq məlumdur ki, Beynəlxalq “Qırmızı Xaç” Komıtəsinin (BQXK) avtomobilləri Laçın-Şuşa-Xankəndi yolundan - azərbaycanlı ekoloji fəalların aksiyası olan yerdən mütəmadi və rahat şəkildə keçir. Belə fikir var ki, bu dünyanın ən qədim və həqiqətən hörmətli humanitar təşkilatıdır.

Qeyd edək ki, “Qırmızı Xaç” de-yure QHT olsa da, BQXK əməkdaşları diplomatik toxunulmazlıqdan istifadə edirlər. Qurumun münaqişə zonalarında fəaliyyəti haqda yalnız heyranlıq və minnətdarlıq dolu fikirlər söyləmək bir dəb halını alıb. Bəs onun əməkdaşları həmişəmi belə yüksək standartlara cavab verir?

Xatırladaq ki, BQXK Azərbaycanda 1990-cı illərdən fəaliyyət göstərir. Təşkilata çox əlverişli bir ərazimizdə ofis verilməsindən tutmuş, konkret aspektlər üzrə əməkdaşlığa qədər hər zaman bizdə hörmətli münasibət bəslənib. Bəs qarşılığı?

Öncə belə bir şokedici faktdan başlayaq. Məsələ ondadır ki, BQXK Xankəndidə də fəaliyyət göstərir. Erməni işğalı zamanı da fəaliyyət göstərib. Yəni sanki bu quruma lokal münaqişə zonalarında, qanuni hakimiyyətlərin nəzarətindən kənar ərazilərdə də fəaliyyət göstərmək hüququ tanınıb. Bəs BQXK-nın Xankəndi ofisinin Bakıya deyil, qurumun İrəvan nümayəndəliyinə tabe olmasını necə başa düşək? BQXK üçün belə “işləmək” daha asandır, ona görəmi? Bəlkə də.

Amma əvvəla, heç kim dünya tərəfindən tanınmış sərhədləri, ərazi bütövlüyü prinsipini və beynəlxalq hüququ ləğv etməyib.

İkincisi, BQXK-nın Ukraynanın Donetsk və Luqansk vilayətlərindəki ofisləri nədənsə “Qırmızı Xaç”ın Kiyev nümayəndəliyinə tabedir. Bəli, Ukraynanın “Qırmızı Xaç”a qarşı özünün və daha ciddi iddiaları var. Söhbət BQXK-nın Rostovdakı ofisi vasitəsi ilə Ukrayna vətəndaşlarının Mariupoldan Rusiya Federasiyasına zorla çıxarılmasında iştirakçı olmasından gedir. Amma yenə qurum əməkdaşları orada ərazi bütövlüyünün birbaşa pozulmasına getməmişdilər. Azərbaycanda isə bu qurum sərhədlərə hörməti sanki lüzumsuz hesab edir. Yəni ki, “biz humanitar təşkilatıq, bizə olar” məntiqi.

E05BA45D-0D44-46D9-B536-5BF2C7265BAF.jpeg (65 KB)

BQXK yenə öz humanitar missiyasını dürüst yerinə yetirsəydi, bəlkə də ona “ilişməmək” olardı. Amma reallıqda onun erməni hərbi cinayətkarlarını qoruması və gizlətməsi ilə bağlı çoxlu sübutlar var. Bu xüsusda çoxsaylı qalmaqallı ittihamlar irəli sürmək üçün hər cür əsaslar mövcuddur.

Məsələn, hələ 90-cı illərdə Ermənistanda azərbaycanlı hərbi əsirlərin edam edilməsi faktları üzə çıxmışdı. Hansı ki, ən ağır müharibə cinayəti sayılır. Lakin etibarlı məlumatlara və hətta “üçüncü ölkələrin” nümayəndələri tərəfindən aparılan ekspertizaya baxmayaraq, bu hallar BQXK tərəfindən heç vaxt lazımi qaydada rəsmiləşdirilmədi.

1994-cü ildə isə “Reuters” analoji hadisə barədə xəbər vermişdi. Xəbərdə deyilirdi ki, İrəvanda 23 azərbaycanlı əsir saxlanılıb, lakin sonra Ermənistan hakimiyyəti bəyan edib ki, onlardan 8-i “qaçmaq istəyərkən” öldürülüb. Halbuki bu, ağ yalan idi. Britaniyalı ekspert, professor Derrik Pounderin jurnalistlərə verdiyi açıqlamaya görə, öldürülənlərin cəsədlərindəki yaralar əsla “qaçmaq cəhdi” ilə bağlı olmayıb və onların edam olduğunu açıq şəkildə sübut edir. Belə ki, əsirlərin altısı başından güllələnib, üstəlik, onlardan üçündə silahın lüləsi atəş zamanı dəri ilə təmasda olub - bunun üçün bütün tibbi sübutlar var.

Bir daha qeyd edək: söhbət artıq BQXK-nın nəzarətində ola hərbi əsirlərdən gedir. Di gəl ki, cinayətlə bağlı beynəlxalq təhqiqatın aparılmasını və azərbaycanlı məhbusların ölüm şəraitinin aydınlaşdırılmasını tələb etmək “Qırmızı Xaç”ın ağlına da gəlmədi. Cinayət hadisəsini, sadəcə, ört-basdır elədilər – vəssalam.

Screenshot_154.jpg (92 KB)

Bu, eyni qəbildən heç də yeganə presedent deyil. Əsirlərin güllələnməsi 1994-cü ilin fevralında həyata keçirilib. Vaxtilə yazdığımız kimi, amma ən azı həmin ilin oktyabrında valideynlərinə ürək dağlayıcı məktub yazan digər azərbaycanlı hərbi əsir Laçın Novruzov hələ sağ idi. Məktubda deyilirdi: “Salam, ata-mama. Mən Novruzov Laçın sağ-slamatam. Ermənistanın Edilli kəndindəyəm Sizə qurban olum, məni qurtarın! Yalvarıram, ana. Bunu yazan Laçındı. Nə təhər olur-olsun məni qurtarın! Tez qurtarın. Gözləyirəm sizi. Mən yaşamaq istəyirəm!”

Diqqət: məktub Laçının yaxınlarına “Qırmızı Xaç”ın möhürü ilə təhvil verilib! Amma Laçın evinə qayıtmadı. Güllələndi. BQXK isə onun ölüm şəraitinin araşdırılmasını lazım bilmədi.

Sonra. BQXK bir çox ifadələrə əsasən, həm Qarabağda Rusiya sülhməramlı kontingentin (RSK) müvəqqəti yerləşdirildiyi ərazidə, həm də Birinci Qarabağ müharibəsi zamanı öldürülən, artıq Azərbaycanın öz suverenliyini bərpa elədiyi ərazilərdə spydaşlarımızın kütləvi məzarlıqlarının dəqiq koordinatlarına malikdir. Amma BQXK bu məlumatı ölkəmizin hakimiyyət orqanlarına çatdırmağa tələsmir, həmin yerlərdə ekspertiza keçirməkdən imtina edir. “Qırmızı Xaç” heç olmasa, itkin düşmüş 4 min nəfər azərbaycanlıdan bəzilərinin taleyinin aydınlaşdırılmasına da mane olur. Onların qatillərini himayə edir.

RSK-nin də passivliyi ilə üzləşən Azərbaycan qərargahı Haaqada yerləşən digər beynəlxalq humanitar təşkilata - ICMP-yə (International Commission on Missing Persons - İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya) müraciət etmək məcburiyyətində qaldı. Lakin maraqlıdır k, bu, “Qırmızı Xaç”da qısqanclıq sancısına səbəb oldu. Onlar bu Komissiya ilə də məlumat paylaşmaqdan imtina etdilər, onun maliyyə kanallarını bağlamağa və ICMP əməkdaşlarının Qarabağa gəlməsinin qarşısını almağa çalışdılar.

İndi bu nə demək – Qarabağda öz monopoliyasını saxlamaq, itkin düşmüş şəxslərin, hərbi əsirlərin və s. məsələləri ilə məşğul olan yeganə təşkilat statusunu qorumaq istəyimi? Yoxsa BQXK artıq anlayır ki, erməni işğalçılarının cinayətlərinin təfərrüatları açıqlana bilər və bu hərbi canilərin cəzalandırılması “Qırmızı Xaç” Komitəsinin planlarına daxil deyil?

44 günlük müharibə zamanı da BQXK “fərqləndi”. Özü də onun “yaradıcılığı” təkcə qurum əməkdaşlarının təcili yardım maşınının erməni əsgərləri tərəfindən atəşə tutulmasına qarşı israrla susması, yaxud Gəncəyə raket zərbəsindən sonra erməni işğalçılarının hərbi hospitalı da qanuni hərbi hədəflər siyahısına əlavə eləməsinə heç bir reaksiya verməməsi ilə məhdudlaşmır. Belə hallar da qeydə alınıb ki, 44 günlük Vətən müharibəsi zamanı BQXK-nın bəzi əməkdaşları Azərbaycan Ordusunun dislokasiya yerləri barədə məlumat toplayıb və sonra da onu özlərinin Fransa nümayəndələrinə ötürüblər, onlar da Ermənistan tərəfinə çatdırıblar. Bəs içində Livan əsilli bir personajın da olduğu həmin əməkdaşlar Azərbaycandan qovulanda, onların “casus oyunları”nın təfərrüatları məlum olanda, BQXK hansısa reaksiya verdimi? Xeyr.

Diqqətə çatdıraq ki, bu, heç də “Qırmızı Xaç”ın “casus oyunları" ilə bağlı yeganə olay deyil. İş ondadır ki, Fransanın vasitəçiliyi ilə qısamüddətli humanitar atəşkəs zamanı BQXK yenidən Ermənistanın “böyük bacısı” Fransanın sifarişi ilə Azərbaycan ordusu haqqında fəal şəkildə məlumatlar toplayıb. “Humanitar missiya” bumu?

Daha bir fakt. 44 günlük müharibə zamanı BQXK Laçın dəhlizi zonasında hərbi əməliyyatların dayandırılmasını tələb edirdi. İddia edirdi ki, bu yol humanitar xarakterlidir. Ərazidəki missiyanın rəhbəri misilsiz canfəşanlıq nümayiş etdirir, az qala yaxa cırırdı. Əslində isə “Qırmızı Xaç” Şuşa şəhərinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilməsinə mane olmağa çalışırdı.

Bu da yenə hamısı deyil. Füzuli rayonunun azad edilməsi uğrunda gedən döyüşlərdə BQXK rəsmiləri narahatlıqla bildirirdilər ki, cəbhənin bu hissəsində 200 erməni silahlı “könüllüsü” ağır yaralanıb və təxliyə edilməlidir. Bakıda məlumat yenidən yoxlanıldı və məlum oldu ki, “könüllülər” sağ-salamatdır, lakin onlar mühasirəyə alınıb, erməni komandanlığı da onları sadəcə, “qaynar qazan”dan çıxarıb, BQXK himayəsi altında Xocavəndə keçirmək istəyir.

Azərbaycanlı ekoloji fəalların Laçın yolunda keçirilən piketi zamanı isə BQXK-nın İrəvan ofisinin rəhbəri Zara Amatuni BQXK-nın köməyi ilə 4 əcnəbinin Xankəndidən çıxarıldığını bəyan elədi. Halbuki qurum Azərbaycanla heç bir əcnəbi ilə bağlı danışıq aparmamışdı. Bəs bunu necə başa düşək? BQXK pərdəsi altında Qarabağdan “dartıb” çıxarılanlar kimlərdir?

Nəhayət, belə bir fakt: bu gün BQXK humanitar yüklərin Tərtər və ya Bərdə vasitəsilə Qarabağda Rusiya sülhməramlı kontingentin müvəqqəti məsuliyyət zonasına çatdırılmasını eşitmək belə istəmir, hər şeyin sırf Ermənistan ərazisindən gəlməli olduğunda təkid edir. Nə məsələdir? Coğrafiya ilə bağlı problemmi var, yoxsa BQXK separatçıların gündəliyinə uyğun logistik tənzimləmələri saxlamaq üçün əlindən gələni edir? Belə bir məqam da şəkk-şübhəsiz, izahat tələb edir ki, BQXK əməkdaşları niyə “humanitar fəlakət” haqda erməni saxtakarlıqlarına dəstək verir, Xankəndindəki vəziyyətlə bağlı yanlış, daha sadə desək, yalan məlumatlar yayırlar. Yəqin ki, hər belə faktdan sonra kimsə bizi “ayrı-ayrı halları ümumiləşdirməməyə”, “sui-qəsd nəzəriyyələri” ilə məşğul olmamağa və s. çağırmaq istəyəcək. Ancaq bu “ayrı-ayrı hallar” nəinki az deyil, onların sayı BQXK-nın fəaliyyətindəki siyasi trenddən danışmaq üçün kifayət qədərdir. Üstəgəl, həm bu tendensiya, həm də hər belə hal ən ciddi araşdırma, daha doğrusu, təhqiqat tələb edir. Zira, müharibə cinayətlərinə şəriklik - “reputasiya” arxasında gizlədilə biləcək ittiham deyil...

Siyasət şöbəsi,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR