Onlayn ictimai-siyasi qəzet
Rusiyanın “ikibaşlı qartal”ı başının birini Orta Asiyaya, konkret olaraq Qırğızıstana tərəf döndərib və iti nəzərləri ilə bu ölkədə baş verənləri müşahidə edir.
Bu ilin fevralında Vladimir Putin Qırğızıstan lideri Sadır Japarovla görüşündə iki ölkə arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirsə də, rus siyasi elitası və mediası Qırğızıstan parlamentinin spikeri Nurlanbek Şakiyevi açıq mətnlə “rusofob” adlandırır.
Bu, ona görə baş verib ki, qırğız spiker 100 il əvvəl rus-sovet-bolşevik işğalına müqavimət göstərən basmaçıların və hitlerçilərə əzir düşərək SSRİ-yə qarşı vuruşan qırğızların reabilitasiyası haqqında qanun layihəsi irəli sürüb. Rusiya mediası hesab edir ki, bu, qeyri-dost hərəkətdir, hətta daha ötə bir şeydir.
İşə baxın, Qırğızıstanın Mədəniyyət Nazirliyinin qərarı ilə Bişkekdəki İvan Panfilov adına hərbi muzeyinin binası sırf qəzalı vəziyyətdə olduğundan tarix, mədəniyyət və memarlıq abidələri siyahısından çıxarılıb və binanın sökülməsinə qərar verilib. Muzeyin sökülməsi xəbəri yayıldıqdan sonra rusiyalı jurnalist Tina Kandelaki Qırğızıstan hakimiyyətini rusofobiyada ittiham edib.
Belə çıxır ki, rusun ayağı dəyən hər yer mütləq qorunub saxlanılmalıdır və bir suveren dövlət öz ərazisindəki tikililəri söküb-sökməmək üçün Moskvadan icazə almalıdır. Müstəmləkəçilik təfəkkürü davam edir.
Rusiyanın Qırğızıstanda daha bir dərdi var – rus dili məsələsi...
Qırğızıstan parlamenti qırğız dilinə dövlət dili statusu verəndən bəri rus siyasilər, ziyalılar dincəlmirlər, bu hərəkəti pisləyirlər, ölkədə yaşayan rusdilli əhalinin sıxışdırılması hesab edirlər. Vladimir Putin Qırğızıstanda rus dilinin inkişafına göstərdiyi diqqətə görə Sadır Japarova təşəkkür etsə də, digərləri bildirirlər ki, Qırğızıstanda rus dilinin istifadəsini məhdudlaşdıran qanun hazırlanır. Həmin qanuna əsasən, qırğız dili bütün dövlət qulluqçuları, hərbi qulluqçular, hakimlər, jurnalistlər, həkimlər, alim və müəllimlər üçün məcburi olmalıdır.
Moskvada isə düşünürlər ki, elə olmamamalıdır, qırğızların öz dövlət işlərini qırğız dilində aparmaq hüquqları yoxdur.
Bu mövzuda yazı yazan, fikir bildirən rus şovinistlər bildirirlər ki, Qırğızıstandakı rus əhalisi üçüncü ən böyük etnik icmadır və sayları 340-400 min nəfər arasındadır, ona görə də bu ölkədə rus dilinin xüsusi statusu olmalıdır. Kim buna qarşıdırsa, demək, millətçidir.
News.ru-nun köşə yazarı Dmitri Qorin bu mövzuya toxunaraq belə yazıb: “Qırğızıstan öz geosiyasi istəklərini nümayiş etdirərək yaxın gələcəkdə latın əlifbasına keçmək niyyətindədir. Ağıllı prezidentimizin bu ikili oyunun fərqinə varmamasına inanmaq çətindir”.
Məqalə müəllifi basmaçıların reabilitasiyası haqqında qanunun hazırlanmasını ona görə bəyənmir ki, bu qanun layihəsi “qanlı Stalin rejimi”ni tənqid etməklə cinayətkarlara bəraət verilməsini gündəmə gətirir.
Demək, qırğızların 100 il öncə öz vətənlərini yadelli işğalçılardan qoruması hələ də rus təfəkküründə “cinayətkarlıq” aktıdır. Başqa vaxt Stalinin qəddarlıqlarından yüzlərlə kitab yazan, onlarla film çəkən rus ziyalılar söhbət bolşeviklər tərəfindən əsarət altına alınmış xalqlara gəlincə, amansız despota haqq qazandırırlar.
Qırğızların yavaş-yavaş milli özünüdərk, oyanış fazasına adlamalarından narahat olan şovinistlər bu ölkəni Rusiyada yaşayan və sayları bir milyondan artıq olan qırğız qastarbayterlərlə şantaj edirlər.
“Rusiyada yüz minlərlə qırğız əməkçi miqrant yaşayır və onların vətənlərinin standartlarına görə yaxşı qazanc əldə etmək ehtimalı var. Çox vaxt onlar ticarət və məişət xidmətlərində, eləcə də taksi sürücüsü, qapıçı və kuryer işləyirlər. 2020-ci ildə rəsmi məlumatlara görə, Rusiyada Qırğızıstandan olan 650 minə yaxın miqrant yaşayıb. 2023-cü ilə qədər bu rəqəm 1,5 milyonu ötüb. Çox güman ki, miqrantların faktiki sayı bu məlumatlardan xeyli çoxdur. Bu, onu göstərir ki, onlar tezliklə rus dilini sıxışdıran, Hitlerin silahdaşlarını tərifləməyə başlayan vətənlərində Rusiyadan da pis yaşayırlar. Burada onlar rus dilində danışmalı və tarixə, xüsusən də Böyük Vətən Müharibəsi ilə bağlı bizim münasibətimizə hörmət etməlidirlər”, - deyə Qorin yazır.
Məqalə müəllifi eyham edir ki, qırğızlar Rusiyaya qarşı özlərini yaxşı aparmasalar, yəni ona tam itaət etməsələr, o zaman “bir çoxları baqajlarını yığmalı və qonaqpərvər Rusiyanı unutmalı olacaqlar”.
Hazırda onsuz da Rusiyada Orta Asiyadan olan miqrantların, xüsusilə də taciklərin və qırğızların vəziyyəti yaxşı deyil. Onlara qarşı sözün əsl mənasında “ov” gedir, Rusiyanın hüquq-mühafizə orqanları, eləcə də adi vətəndaşlar miqrantları təqib edir, şərləyirlər. Məsələn, bu günlərdə Sankt-Peterburqda çimərlik həndəvərində kol dalına keçərək təbii ehtiyacını ödəmək istəyən bir miqrant bir qızcığazı onu görüb atasını çağırması ilə fiziki təzyiqə məruz qalıb. Polis adamı bölməyə aparıb, deportasiya etmək üçün protokol tərtib ediblər.
Daha bir hadisə Volqoqradda baş verib. İnşaat meydançasının yanından keçən bir müharibə veteranı “tikintidən skuterimin qabağına əşya düşdü” deyə hay-küy salıb, miqrant fhlələrlə mübahisə edib, nəticədə 40-a yaxın adam tikinti yerinə toplaşıb. Haya gələn polislər inşaatda işləyən miqrantları yığıb polis bölməsinə aparıblar. Onların da deportasiya ediləcəyi gözlənilir.
Samarada isə yerli sakinlər miqrantlara təxribata çəkib dava salıblar. Yol keçən deputat Mixail Matveyev maşınından düşüb davaya qarışıb, kimsə daşla onun peysərindən vurub, günah miqrantların boynunda qalıb. Müstəntiqlər onların həbsini tələb edir.
Mart ayından bəri miqrantlara qarşı yüzlərlə bu cür şərləmə, təqib-təzyiq hadisəsi var. Sanki indiyəcən sakit, səs-səmirsiz olan asiyalı miqrantlar birdən-birə aqressivləşiblər, hər yerdə dava salırlar, girəvələrinə düşənləri zorlayırlar, kriminogen durumu ağırlaşdırırlar.
Bütün bunlar bəhanədir. Məqsəd Rusiyanı miqrantlardan arındırmaq, Orta Asiyanın müstəqil dövlətlərinə “ağıllı olmalrı” üçün təzyiq etmək, Türk Dövlətləri Təşkilatının bu regionda populyarlaşmasının qarşısını almaqdır.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ