Onlayn ictimai-siyasi qəzet
XIX əsrin ikinci yarısında Orta Asiya üzərində, Qafqazda olduğu kimi, qara buludlar dolaşmağa başlamışdı. Zamanında şanlı dövlətlərin və zəfərlərin şahidi olmuş bu qədim diyar öz qüdrətli keçmişini unutmağa başlayırdı. Rusiya imperiyası 1868-ci ildə Buxara Əmirliyini, 1873-cü ildə isə Xivə Xanlığını tabe etdikdən sonra yalnız türkmənlərin yaşadığı səhralıq ərazilər müstəqil qalmışdı. Rusların Xəzər dənizi sahillərində nəzarətə ala bilmədikləri yeganə ərazi Axal vadisi idi.
Axal vadisi kiçik olsa da, strateji əhəmiyyətə və ticarət yollarına nəzarət baxımından son dərəcə mühüm idi. 1877-ci ilin 12 may tarixində Nur Verdi Xanın başçılığı ilə türkmən döyüşçüləri ilə rus ordusu arasında ilk böyük toqquşma Kızılarvatda baş verdi. Artilleriya və pulemyot üstünlüyünə malik ruslar döyüşü qazandılar. 1877–1878-ci illərdə ruslarla yerli əhali arasında müxtəlif toqquşmalar baş verdi, bəzi kəndlər və yaşayış məntəqələri işğal edildi.
1864-cü il çərkəz soyqırımına törədilməsinə əmr vermiş Çar II Aleksandr Axal vadisinin və Göytəpə qalasının işğal olunmasını qəti şəkildə tapşırır.
İşğalın birinci mərhələsinə rəhbərlik etmək üçün Rus-Türk müharibələrində ad çıxarmış general Lazarev təyin edildi. Plan belə idi: bir tərəfdən Xəzər sahillərindən Axala, digər tərəfdən isə Amudərya istiqamətindən Mərvə doğru irəliləyərək türkmənlərin bir-birinə yardım etməsinin qarşısı alınmalı idi. Rus ordusunun Axala doğru sürətli hərəkəti türkmənlər arasında həyəcan doğurdu. Ağsaqqallar və tayfa başçıları toplanaraq qala inşa edəcəyinə və onu son damla qanlarına qədər müdafiə edəcəklərinə and içdilər.
Qalanın tikintisi tamamlanmadan rus qoşunları qala yaxınlığına çatdı. 1879-cu il sentyabrın 9-u səhəri ruslar üç istiqamətdən Göytəpəyə hücuma keçdi. Türkmənlərin əfsanəvi qəhrəmanı Qara-Batur Berdi Murad Xanın əmri ilə süvari qüvvələrlə rusların sursat və təminat kolonnasına hücum etdi. Döyüşdə böyük itkilər verdirdilər, lakin general Borxun dəstəyi ilə ruslar vəziyyəti öz xeyirlərinə dəyişə bildilər. Qara-Batur şəhid oldu, sağ qalan türkmən döyüşçüləri Göytəpə qalasına çəkildi.
Lomakinin rəhbərlik etdiyi rus ordusu günortaya yaxın Göytəpə qarşısında mövqe tutaraq qalanı bombalamağa başladı. Bombardman nəticəsində yalnız müdafiəçilər deyil, qadın və uşaqların da sığındığı şəhər – Yengi də xarabalığa çevrildi. Bu qəsdən və amansız hücum minlərlə türkmənin həyatına son qoydu.
Rus general Lomakin 10 sentyabr səhər saat 5-də hücum əmri verdi. Silah çatışmazlığı ilə üz-üzə qalan türkmənlər yaxın döyüşdə gözlənilməz şəkildə üstünlük əldə etdilər. Berdi Murad Xanın rəhbərliyi altında düşmənə ağır zərbə vuruldu. Lakin Polşa əsilli artilleriya zabiti Maxuk tərəfindən açılan dəqiq top atəşi nəticəsində Berdi Murad Xan da daxil olmaqla, çox sayda türkmən döyüşçüsü şəhid oldu. Bu hadisə türkmənlər arasında ruh düşkünlüyü yaratdı. Lakin ruslar da gecəni böyük qorxu və panika içində keçirdi, ertəsi gün Xəzər sahillərinə geri çəkildilər.
Müharibə tərəflərinin qeyri-bərabər olduğu bu döyüşdə ruslar 445 nəfər itki verdi. Türkmən tərəfi isə 4000-ə yaxın şəhid (əksəriyyəti qadın və uşaqlar), eyni sayda da yaralı verdi. Lakin bu mübarizə rusların Orta Asiyada “məğlubedilməzlik” mifini darmadağın etdi. Bu hadisə Peterburqdan İstanbula qədər rezonans doğurdu. İslam aləmi bu döyüşü bir növ zəfər kimi qiymətləndirdi. İngilislər də rusların zəifləməsini Hindistan təhlükəsi baxımından müsbət dəyərləndirdilər.
Göytəpə qalasının müdafiəsi və rusların geri çəkilməsi Peterburqda qəzəb doğurdu. 1880-ci ildə daha ciddi hazırlıqla yeni işğal planı hazırlandı. Bu dəfə orduya Rusiya imperiyasının tanınmış sərkərdəsi general Mixail Skobelev rəhbərlik edirdi. Rusiya bu hücumu aşağıdakı səbəblərlə əsaslandırırdı:
1880-ci ilin aprelində Xəzəri keçən Skobelev Göytəpəyə doğru irəliləməyə başladı. Lakin həmin il mayın 5-də türkmən lideri Nur Verdi Xanın qəfil ölümü sarsıdıcı oldu. Əvəzində Maxtumqulu Xan lider seçildi, orduya isə Dikma Sərdar başçılıq etməyə başladı. O, teleqraf xətlərini kəsərək rus rabitəsini pozdu, karvanlara hücumlar təşkil etdi.
1881-ci ilin yanvarında ruslar Göytəpəni mühasirəyə aldı. Qalanın altında partlayıcılar yerləşdirməklə xain planlarını reallaşdırmağa başladılar. Partlayışlar zamanı türkmənlər bir anlıq çaşqınlıq yaşasalar da, dərhal toparlanaraq ciddi müqavimət göstərdilər. Əl-ələ döyüşlərdə qala divarları boyunca irəliləyən ruslar ağır itkilərlə qarşılaşdılar.
Türkmən müdafiəsinin liderlərindən ikisi – Xəzrətqulu Xan və Məhəmməd Atalıq, eləcə də Tikma Sərdar həlak oldular. Döyüşlər zamanı ruslar 872 min patron və 12.4 min mərmi istifadə etdi. Əliyalın türkmənlər qılınc və milli ruhla döyüşür, qadınlar belə ön cəbhədə vuruşurdu. 12 yanvar 1881-ci ildə Göktəpə işğal edildi. Ruslar 1 general, 20 zabit və 286 əsgər itirdi. Türkmənlər isə 6500 müdafiəçi və döyüş sonrası qırğınlarda 28.000 (əsasən qadın, uşaq, qoca) şəhid verdi.
General Skobelev "Təkə türkmənləri yer üzündə qara ləkədir və bu ləkə məhv edilməlidir" deyərək açıq soyqırım siyasəti yeridirdi. Hücumdan sonra rus əsgərlərinə 4 gün ərzində talan icazəsi verildi. Qadın zinət əşyaları, xalçalar, pullar, hətta farsdan ələ keçirilmiş əşyalar da qarət edildi. Skobelev bunu belə izah etmişdi: “Əgər mən Göktəpənin talan edilməsinə icazə verməsəydim, Asiyalılar özlərini məğlub saymazdılar. Qələbə talanla müşayiət olunmalıdır.”
Bu döyüş çar II Aleksandr üçün o qədər əhəmiyyətli idi ki, “Göytəpə nişanı” adında xüsusi medal təsis edildi. Göytəpənin işğalı ilə Orta Asiyanın çar Rusiyası tərəfindən tam işğalı tamamlandı. 1884-cü ildə Türkmənistan tam olaraq Rusiya imperiyasına birləşdirildi.
Bu faciəvi hadisə türkmən xalqının yaddaşından heç vaxt silinmədi. 1990-cı illərdə Göktəpə qalasının müdafiəçilərinin şərəfinə məscid tikildi. Bu gün Göytəpə döyüşü Türkmənistanda milli matəm günü kimi qeyd olunur. Lakin eyni zamanda bu mübarizə – vətən, şərəf və inanc uğrunda qəhrəmanlıq rəmzi olaraq türkmənlərin milli qürur mənbəyinə çevrilmişdir
03 Iyul 2025
02 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ