İnsanlara hürriyət, millətlərə istiqlal!

Qeyri-neft ixracı artıb - səbəblər və detallar

 

Ekspert: “Burada elektrik enerjisi ixracının payı...”

Azərbaycanda qeyri-neft sektoru üzrə ixrac aprel ayında da artıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaydığı ilkin məlumata əsasən 2023-cü ilin yanvar-aprel ayları ərzində Azərbaycanın ümumi ixracı 12,6 milyard dollar, qeyri-neft sektoru üzrə ixrac 1,2 milyard dollar təşkil edib. Beləliklə də qeyri-neft sektoru üzrə ixrac 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 21,2 faiz artıb - ötən ilin eyni dövründə bu göstərici 965,5 milyon dollar olub.

Bu ilin dörd ayında yeyinti məhsulları üzrə ixrac 236,2 milyon dollara bərabər olub. Bu dövrdə spirtli və spirtsiz içkilərin ixracı 6 dəfə, şəkər ixracı 27,6 faiz artıb.

Mərkəzin məlumatına əsasən, 2023-cü ilin yanvar-aprel ayları ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 9,1 faiz artaraq, 248,2 milyon dollar təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 53,8 faiz artaraq, 74,7 milyon dollar olub.

Qeyd edək ki, qeyri-neft ixracındakı artımla bağlı daha geniş məlumat birinci rübü əhatə edir. Həmin məlumatdan aydın olur ki, 2023-cü ilin yanvar-mart aylarında Azərbaycanın ümumi ixracı 7,7 milyard dollar, qeyri-neft ixracı 912,2 milyon dollar təşkil edib.

Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 178,9 milyon dollar olub. 2023-cü ilin yanvar-mart ayları ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 92,4 faizini təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 56,3 faiz artıb.

2023-cü ilin yanvar-mart ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (281,1 milyon dollar) birinci olub. Bu siyahıda meşə fındığı ixracı (37 milyon dollar) ikinci, ilkin formalı polipropilen (36 milyon  dollar) isə üçüncü yerdə qərarlaşıb.

İqtisadçı-ekspert Rövşən Ağayev: "Oğruya haqq qazandıran toplum adil olmağı  təsəvvürünə gətirə bilməz"

Rövşən Ağayev

İqtisadçı-ekspert Rövşən Ağayevin sözlərinə görə, birinci rübdə qeyri-neft ixracatı 185 milyon dollar artıb: “Bu artımda elektrik enerjisi ixracatının 248 milyon dollarlıq artımı həlledici olub. Nəzərə alaq ki, eyni dövrdə ölkədə elekrik enerjisi istehsalının 97 faizə qədəri məhz təbii qaz hesabına təmin edilib. Qeyri-yanacaq mənbələrinin elektrik istehsalında payı 3 faiz ətrafındadır. Nəzərə alaq ki, bu, meyvə-tərəvəz ixracının 10 milyon dollar, pambıq ixracının 44 milyon dollar azalması fonunda baş verib”.

Rəsmi statistikadan aydın olur ki, 2022-ci ilin 1-ci rübündə xaricə 33 milyon 421.93 min dollara 584 milyon 227.10 min kVt\saat elektrik enerjisi satmışdıqsa, bu il eyni dövrdə ixracımız 281 milyon 68 min dollar dəyərlə 2 milyard 405 milyon 679.36 min kVt\saat təşkil edib. Nəticədə elektrik enerjisinin qeyri-neft ixracında payı 4,6 faizdən 33,8 faizə yüksəlib.

Bu ilin birinci rübündə Azərbaycandan bir sıra aqrar məhsulların ixracında azalma qeydə alınıb. Belə ki, 2023-cü ilin yanvar-mart ayında Azərbaycandan 38 milyon 348 min dollar dəyərində  7 823 ton fındıq ixrac edilib. Dövlət Gömrük Komitəsinin statistikası üzrə müqayisə apardıqda, fındıq ixracının ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 4.9 faiz azaldığı, miqdar ifadəsində isə 11.1 faiz artdığı məlum olur.

Birinci rübdə Azərbaycanın xaricə ixrac etdiyi meşə fındığı həm də kəskin ucuzlaşıb: 1 ton fındığın ixrac qiyməti 4901 dollar təşkil edib. Bu,  ötənilki qiymətdən 830 dollar ucuzdur. Belə ki, 2022-ci ilin eyni dövründə Azərbaycandan xaricə ümumi dəyəri 40 milyon 330 min dollar olan 7 037 ton meşə fındığı ixrac edilmişdi. Beləliklə, ötən il fındığın 1 tonunun ixrac qiyməti 5731 dollara bərabər olmuşdu.

Bu ilin ilk rübündə pomidor, xurma, meyvə-tərəvəz ixracında da ciddi azalma müşahidə olunub: həm dəyər, həm həcm baxımından.

Rəsmi statistikaya baxsaq, ixrac qiymətləri indeksindən artım olduğunu görərik. Belə ki, ixrac olunan qeyri neft-qaz məhsullarının qiymət indeksi 2023-cü ilin fevral ayında əvvəlki ayla müqayisədə 2,8 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 4,2 faiz, 2023-cü ilin yanvar-fevral aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,3 faiz artıb.

Maliyyə Nazirliyinin açıqladığı məlumata əsasən, birinci rübdə dövlət büdcəsinin qeyri-neft sektoru üzrə daxilolmaları 2023-cü ilin yanvar-mart ayları üzrə dövlət büdcəsinin daxilolmalarının 53,4 faizini təşkil etməklə 4 milyard 430 milyon manat olub ki, bu da proqnozla müqayisədə 798.4 milyon manat və ya 22 faiz, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 734,9 milyon manat və ya 19,9 faiz çoxdur.

Nazirlik bildirir ki, birinci rübdə büdcənin vergi gəlirləri 4 milyard 899,5 milyon manat təşkil edib. Ötən il isə Dövlət Vergi Xidməti büdcəyə 2 milyard 802,2 milyon manat təmin etmişdi. Bu, vergi gəlirlərində 2 milyard 97,3 milyon manatlıq artım deməkdir. Bu artımda neft sektorunun payı 1 milyard 726,5 milyon manat, yaxud 82,3 faizdir. Belə ki, ötən il vergi gəlirlərinin cəmi 557,5 milyon manatı neft sektorundan daxil olmuşdu. Bu il isə 2 milyard 284 milyon manatı neft sektorunun payına düşüb. Bu isə o deməkdir ki, neft sektorundan vergi daxilolmalarında 4 dəfədən çox artım qeydə alınıb.

Keçən ilin birinci rübündə vergi daxilolmalarının 80,1 faizi, yaxud 2 milyard 244,7 milyon manatı qeyri-neft sektorundan təmin olunmuşdu. Bu il bu sektordan 2 milyard 615,5 milyon manat daxil olub ki, bu da 370,8 milyon manat, yaxud 16,5 faiz artım deməkdir.

R.Ağayevin fikrincə, birinci rübdə qeyri-neft sektorundan büdcə daxilolmalarındakı artımda inflyasiyanın ciddi payı var: “Burada qiymət artımı hesabına dövriyyələrin şişməsi ən həlledici amildir. Milli Hesablar statistikasına görə, 1-ci rübdə vergi yığımlarının real artımı 5,6 faiz təşkil etdiyi halda nonimal ifadədə 30 faizə yaxın artım qeydə alınıb. Bu o deməkdir ki, aradakı 20 faizdən çox fərq inflyasiya və qiymət artımı amili ilə bağlıdır. Qiymət miqyasının artımı təkcə dövriyyə vergilərinin deyil, paralel olaraq gəlir vergilərinin də artımına genişləndirici təsir göstərir. İdxalın həcmində 34 faizlik artıma diqqət yetirmək kifayətdir. Bu artımın təxminən 22 faizi idxal qiymətlərinin artımı hesabına baş verib. Məsələn, biz ötən il 1000 dollarlıq idxal malına bu il 1300 dollar ödəyiriksə, biz ən azı 120 dollar büdcəyə əlavə vergi ödəmiş oluruq”.

Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb

Onu da bildirək ki, birinci rübdə Azərbaycanda cəmi 0,4 faizlik iqtisadi artım qeydə alınıb. Dünya Bankına (DB) görə, bu ilin yekununda Azərbaycanda iqtisadiyyatın artımı 2,2 faiz təşkil edəcək. Bu isə Dünya Bankının 2023-ci ilin yanvar proqnozu ilə müqayisədə 0,6 faiz azdır. Bank həmçinin, 2024-cü ildə Azərbaycan iqtisadiyyatının ötən proqnoza nisbətən 0,1 faiz az, yəni 2,1 faiz artacağını müəyyən edib. Hesabata görə, 2025-ci ildə Azərbaycanda real ÜDM-in artımı 2,6 faizə yüksələcək: “Ortamüddətli perspektivdə Azərbaycanda iqtisadi artım ehtimal ki, böyük həcmli investisiyalar (o cümlədən Avropa İttifaqının vasitəçiliyi ilə bağlanmış bir neçə enerji sövdələşməsi fonunda), eləcə də Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının həyata keçirilməsi üçün dövlət xərclərinin artması ilə dəstəklənəcək. 2023-cü ildə iqtisadi artımın 2,2 faiz təşkil edəcəyi gözlənilir. Ortamüddətli perspektivdə artımın struktur islahatları olmadan orta hesabla 2,5 faiz səviyyəsində olacağı proqnozlaşdırılır”.

Qurum 2026-cı ilə kimi Azərbaycanda qeyri-neft sektorunun artım proqnozunu da açıqlayıb. Bankın hesabatında bildirilib ki, qeyri neft-qaz sektorunda böyümə iki illik sürətli artımdan sonra “COVİD-19" pandemiyasından əvvəlki artım dinamikasına yaxınlaşıb və artımın 5,2 faizə qədər azalacağı gözlənilir. Dünya Bankı qeyd edib ki, qeyri-neft sektorunda artım əsasən yenidənqurma işləri ilə əlaqədar xidmətlər və tikinti ilə bağlı olacaq. Bu da güclü dövlət sərmayəsinin xidmət və tikinti sektoruna yönəldilməsi ilə bağlıdır: "Ortamüddətli perspektivdə struktur islahatlarının aparılmaması şəraitində artımın orta hesabla 2,5 faiz olacağı gözlənilir".

Bank həmçinin kənd təsərrüfatı üzrə artımın real ÜDM-də payının 2023-cü il üzrə 3,2 faiz, 2024 və 2025-ci illər üzrə 3,0 faiz proqnozlaşdırıldığını açıqlayıb. Qeyd edək ki, ötən il üzrə bu rəqəm 3,4 faiz təşkil edib. Banka görə, Azərbaycanda sənaye üzrə artım bu il 0,5 faiz, 2024-cü ildə 1 faiz, 2025-ci il üzrə 1,2 faiz olacaq. Xidmət sektoru üzrə artım isə 2023-cü ildə 4,7 faiz, 2024-cü ildə 4,5 faiz, 2025-ci ildə isə 4,6 faiz təşkil edəcək.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR