Onlayn ictimai-siyasi qəzet
“Şərqlinin paxılı olmaz, qərblinin daxılı dolmaz”
(Əbu Furxan Xəzali)
Sovet vaxtı, səhv eləmirəmsə, “soyuq müharibə”nin qızğın vaxtlarında Leninqrad şəhərində (Rusiyanın indiki Sankt Peterburq şəhəri) hava məlumatı bürosunun əməkdaşını Dövlət Təhlükəsizlik Komitəsinə çağırırlar. Onu ciddi şəkildə dindirirlər ki, filan vaxt hava proqnozunda nə üçün “Qərb küləyi əsəcək” cümləsi işlədib, bu, sovet dövlətinə qarşı Qərb dəyərlərini təbliğ etməkdir. Adam çaş-baş qalır, deyir axı həqiqətən külək qərbdən əsəcəkdi, başqa nə cür yaza bilərdim?
Əhvalatı xatırlamağımın mabədi vardır. Mənə elə gəlir ki, son zamanlar Qərb dairələri yenidən vətənimiz üzərində aktivləşiblər. Uzun zaman biz qərblə şərq, şimalla cənub arasında balans siyasəti yürütdük, lakin bunu lazımi qədər qiymətləndirmədilər, üzümüzə ağ oldular. Yəqin biz şərqli olmağa borcluyuq.
Ümumiyyətlə, dərindən düşünsək bizim qərblə mahiyyət etibarilə, elmi dildə yazsam, ontoloji baxımdan işlərimiz düz gətirmir. İlk növbədə, biz günəşli respublikayıq, Günəş isə şərqdə doğur, qərbdə batır. Günəşin batdığı yerə necə hörmət bəsləyək? Nifrətə layiqdir.
İkincisi, qərb sözü qərib sözünə oxşayır, böyük ehtimal eyni kökdən gəlir. Bu da onu göstərir ki, tarixən, bineyi-qədimdən uca millətimiz üçün qərb qəribliyin sinonimi olmuşdur. Kim qərbə getsə, qürbətə düşüb. Əlbəttə, şərqə gedənlərimiz də şərə düşüb, lakin bu başqa mövzudur.
O cümlədən, orfoepik-orfoqrafik-leksik-geopolitik analizlərimiz göstərir ki, qərb sözü qəlp və qəlb sözləriylə də oxşarlıq təşkil etməkdədir. Buradan belə elmi nəticəyə gəlmək olar ki, qərblilərin qəlbi qəlpdir. Saxtadırlar. Allah hamısını öldürsün, amin.
Qərb saxtakarlığına misal olaraq bəndeyi-həqirinizin bir neçə il bundan qabaq Almaniyaya səfərini xatırlada bilərəm. Yaxşı yadımdadır ki, mən həmin günlərdə Almaniyanın Hamburq şəhərində ağsaqqala, ağbirçəyə hörmət görmədim. Avtobusa ağbirçək girəndə heç kim durub ona yer vermirdi. Düzdür, boş yerlər kifayət qədər olurdu, ancaq nə dəxli? Əsas hörmətdir. Guya biz Neftçilərdən Avtovağzala gedən 7 nömrəli avtobusda ağsaqqallarımıza yeri zərurət üzündən veririk? Qətiyyən. Hörmətimizi saxlayırıq.
Yaxud, bir nəfər qərbli yanaşıb demədi ki, balam, bəlkə uzaq yol gəlibsən, yorulmusan, gedək evə, ayaqlarını isti suya qoyaq, uşaqlar sənə çoşqa qızartsın və sairə. Bizim ellərdə isə qərib həmişə əziz qonaqdır. Hər küçədə xüsusi adamlar qoyuruq, onlar sutka ərzində gözləyirlər, bəzən pusquda dururlar, yad adam görən kimi tutub qonaq aparırıq. Axtarsan, Qərbdə heç bir evdə qonaq otağı yoxdur.
Ona görə atalarımız yaxşı deyibdir: “Gəzməyə qərib ölkə, Ölməyə vətən yaxşı”. Deputatlarımız Avropa Şurasının qapısını çırpıb ordan çıxanda mən ilk anda bu bayatını xatırlamışdım. Gözlərim dolmuşdu.
Məqaləni hazırlayarkən internetdən qərb barədə çox maraqlı məlumatlar da öyrəndim, istəyirəm onu əziz oxucularımla bölüşüm. Əslində xırda şey kimi görünür, ancaq mahiyyət burdadır. Necə deyərlər, şeytan detallarda gizlənir. Buyurun: “Pravoslav və lüteranlıqda kilsələrin zınqırovları qərbə tərəf istiqamətlənib. Katolik kilsələrinin altarları qərbə tərəf yönəlib”. Sitatın sonu.
Buyur. Daha kimsənin sözü ola bilər? Qərbin ölkəmizə qarşı sinfi düşmənçiliyinin köklərində din, müsəlmançılıq amilləri də dururmuş. Biz dini tolerantlığımızın əvəzində gör nə ilə üzləşirik... Hələ anlamayanlar varsa, izah edirəm: altar - kilsədə qurbangah deməkdir, orada adətən qurban kəsirlər. Kilsədə qurbangah şərq hissədə, üzü qərbə tərəf yerləşibsə, məntiqlə qərblilər biz şərqliləri kəsmək fikrindədir. Bir növ, üzü onların “qibləsinə”. Qurban və qərb, qəriban sözlərinin oxşarlığı necə, təsadüfdürmü? Düşünmürəm.
Gərək biz həmişə belə məqamlara diqqət edək, daim ayıq-sayıq olaq.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ