Onlayn ictimai-siyasi qəzet
Cənubi Qafqazda sülh prosesi dalana dirənib. Hazırda danışıqlar prosesi demək olar ki, dayandırılıb. Belə davam edərsə, yaxın vaxtlarda regional sülh prosesi hətta ümumiyyətlə, iflasa uğraya da bilər. Çünki sülh prosesində verilən növbəti fasilənin yaxın vaxtlarda yeni problemlərin ortaya çıxmasına səbəb ola biləcəyi qətiyyən istisna deyil. Və bu problemlərin hansısa mərhələdə yeni regional savaşa yol aça biləcəyi də hazırda əsas narahatlıq doğuran məqamlardan biri hesab olunur.
Onu da qeyd etmək lazımdır ki, Cənubi Qafqazda sülh prosesinin pozulmasına görə mövcud situasiyada məhz ABŞ, Avropa Birliyi və Fransa birbaşa siyasi məsuliyyət daşıyırlar. Bu beynəlxalq iradə mərkəzləri davamlı olaraq, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını dəstəklədiklərini bəyan edirlər. Ancaq bu, Qərb siyasi dairələri tərəfindən sülh mövzusu üzərindən manipulyasiyalar olunması anlamı daşıyır. Çünki reallıqda ABŞ, Avropa Birliyi və Fransa birmənalı şəkildə ermənipərəst mövqe tutmaqla, Ermənistana beynəlxalq səviyyədə himayədarlıq edirlər. Və rəsmi İrəvanın uydurma narrativlərini dəstəkləyirlər.
Təbii ki, ABŞ, Avropa Birliyi və Fransanın Ermənistanı himayə etməsində ermənipərəst mövqeyə paralel olaraq, bu beynəlxalq siyasi iradə mərkəzlərinin Cənubi Qafqazdakı geopolitik maraqları da xüsusi rol oynayır. Ona görə də, hazırda Ermənistandan Rusiyaya və Azərbaycana qarşı "geopolitik alət" kimi də istifadə edirlər. Üstəlik, Qərb siyasi dairələri rəsmi İrəvana Azərbaycanla sülh danışıqlarından mümkün qədər uzaqlaşmaq barədə də təlimatlar verirlər. Bununla da Cənubi Qafqazda sülhün və sabitliyin tərəfdarı deyil, məhz yeni regional savaşın sponsoru rolunda çıxış edirlər.
Bütün bunları nəzərə aldıqda, ABŞ, Avropa Birliyi və Fransa Cənubi Qafqazda sülh prosesinin qarşısında əsas əngəlləyici faktor kimi diqqəti çəkir. Belə ki, Avropa Birliyi Ermənistana "Avropa Sülh Fondu"ndan hərbi məqsədlər üçün maliyyə yardımı ayırıb. Eyni zamanda, Avropa Birliyinin mülki müşahidə missiyası Ermənistan ərazisində öz səlahiyyətləri çərçivəsinə aid olmayan fəaliyyətlə məşğuldur.
Yəni, tərkibi tamamilə hərbi kəşfiyyatçılardan ibarət olan bu missiya Ermənistan ərazisində Azərbaycan, Türkiyə, Rusiya və İran barədə məlumat toplamaqla məşğuldur. Və buna paralel olaraq, avropalı kəşfiyyatçılar missiyası Ermənistanın Azərbaycana qarşı törətdiyi sərhəd təxribatlarını da beynəlxalq səviyyədə ört-basdır etmək funksiyasını da icra edir.
Eyni zamanda, Ermənistanın əsas beynəlxalq himayədarı olan Fransa da Cənubi Qafqazda sülhün və sabitliyin pozulmasında xüsusi iştiraka malikdir. Belə ki, rəsmi Paris israrla Ermənistanı silahlandırmaq missiyasını öz üzərinə götürdüyünü sübuta yetirməyə çalışır. Fransa son vaxtlar Ermənistana ən müasir hərbi texnika göndərib. Ermənistan ordusunun silah-sursatla təchizatının əhəmiyyətli bir hissəsini öz üzərinə götürüb. Və rəsmi Paris bu pozucu davranışları ilə Ermənistanı növbəti savaşa, revanşist niyyətlərin reallaşdırılma cəhdinə cəsarətləndirməyə çalışır.
Nəhayət, Ağ Ev rəsmiləri hər imkanda Cənubi Qafqazda sülh və sabitliyi dəstəklədiklərini xüsusi olaraq, vurğulasalar da, əslində, ABŞ da Avropa Birliyi və Fransa kimi yeni regional savaşın baş sponsoru rolunda çıxış edir. Belə ki, ABŞ son vaxtlar Ermənistan ordusunun hərbi təlimlərini, daha dəqiq desək, növbəti savaşa hazırlıq prosesini öz üzərinə götürüb. ABŞ və Ermənistan hərbçilərinin ortaq təlimlərinin sırası sıxlaşmağa başlayıb. Və bu, azmış kimi "sülhpərvər" ABŞ üstəlik, Ermənistan ordusunun silah-sursatla təchizatına da dəstək verməyə cəhd göstərir.
Məsələ ondadır ki, son vaxtlar ABŞ-ın Ermənistana müasir hərbi texnika göndərdiyini sübuta yetirən faktlar artıq ifşa olunub. Eyni zamanda, ABŞ-ın Ermənistanda qeyri-leqal hərbi baza yaratması barədə məlumatlar da təsdiqini tapıb. Yəni, Pentaqon ABŞ ordusunda xidmət edən erməni mənşəli amerikalı hərbçilərdən ibarət hərbi kontingenti Ermənistana göndərib.
Həmin hərbi kontingent Zəngəzur bölgəsində Ermənistan ordusunun hərbi bazasında yerləşdirilib. ABŞ hərbi kontingentinin erməni mənşəli hərbçilərinə Ermənistan ordusunun formaları geyindirilib. Və nə qədər məxfiləşdirmə cəhdləri göstərilsə də, son nəticədə ABŞ-ın Ermənistanın Azərbaycan və İranla sərhəddə olan Zəngəzur bölgəsində qeyri-leqal hərbi baza yaratması artıq ifşa edilmiş faktdır.
Ancaq nə qədər qəribə də olsa, ABŞ-ın həm Ermənistanda, həm də Azərbaycanda fəaliyyət göstərən səfirlikləri israrla bu qeyri-leqal hərbi bazanın mövcudluğunu inkar etməyə çalışırlar. Sadəcə, əsas problemlərdən biri ondan ibarətdir ki, ABŞ diplomatları bu ifşa olunmuş faktı təkzib edərkən, inandırıcı arqumentlər gətirməyi bacarmırlar. Hər halda, amerikalı diplomatların "Ermənistanda ABŞ hərbi kontingentinin yerləşdirilməsi barədə iddialar həqiqəti əks etdirmir, dezinformasiya xarakteri daşıyır" məzmunlu açıqlamalara yalnız sadəlövhlər inana bilər. Və ABŞ-ın Ermənistana hərbi kontingent daşıdığını sübuta yetirən fotofaktlar amerikalı diplomatları tərksilah edən əsas sübutdur.
Son vaxtlar isə Ermənistanın ABŞ, Avropa Birliyi və Fransa tərəfindən silahlandırılması prosesi ümumiyyətlə, sürətləndirilib. Belə ki, ABŞ, Avropa Birliyi və Fransanın məhz Ermənistanda "qırmızı cizgiləri" olduğunu iddia edən İranın hava məkanını üzərindən İrəvana silah-sursat, hərbi texnika daşıyırlar. Ermənistanın beynəlxalq himayədarlarının belə tələskənliyinin səbəbi müəmmalı olsa da, Qərbin Ermənistanı növbəti savaşa hazırladığı qətiyyən şübhə doğurmur. Və Qərbin bu tələskənliyi Ermənistana ən yaxın vaxtlarda savaşa başlamaq təlimatı verilə biləcəyi ilə bağlı ehtimalları gücləndirir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
03 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ