Onlayn ictimai-siyasi qəzet
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin xəbərdarlığına Bakıda reaksiyalar
Qərbin nəyin bahasına olursa-olsun öz hökmranlığını saxlamaq istəyi beynəlxalq vəziyyətin kəskinləşməsinə səbəb olub. Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Bişkekdə həftəsonu keçirilən beynəlxalq konfransda deyib. Nikolay Patruşev deyib ki, konfrans beynəlxalq vəziyyətin misli görünməmiş kəskinləşməsi fonunda keçirilir: “Qərb bu gün nəyin bahasına olursa-olsun dünya məsələlərində öz hökmranlığını qoruyub saxlamağa çalışır.
Eyni zamanda Vaşinqton ümumi xaos şəraitində hökmranlığın daha rahat olduğuna əmindir. Qərb Cənubi Qafqazdakı vəziyyəti sarsıtmağa və Ermənistan-Azərbaycan nizamlanmasına müdaxilə etməyə çalışır. Biz Qərbin Cənubi Qafqazda vəziyyəti sarsıtmaq, o cümlədən Ermənistan-Azərbaycan nizamlanmasına müdaxilə etmək istəyini də görürük ki, bu da bu regionlarda vəziyyətin gərginləşməsinə gətirib çıxarıb.”
Onun sözlərinə görə, Qərb öz məqsədinə çatmaq üçün hər şeyə hazırdır: “Ən parlaq nümunə Ukrayna ətrafındakı vəziyyətdir. Onun köməyi ilə qlobal Qərb Rusiyanı strateji məğlubiyyətə uğratmaq istəyirdi. Lakin bu, alınmadı”.
Elşən Musayev
Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev arxayındır ki, Azərbaycanda əsla “yeni Ukrayna” planı mümkün deyil: “Ən azından ona görə ki, meydanda İlham Əliyev faktoru var, onun tərəfindən yürüdülən milli və müstəqil siyasət, xalqın iqtidarla birliyi var, ölkə əhalisinin siyasi prosesləri düzgün analiz etmə, dəyərləndirmə bacarığı, olanlardan, baş verənlərdən nəticə çıxarmaq qabiliyyəti var. Siz diqqət edin ki, hətta Azərbaycana qarşı yönəlmiş ən böyük güclərə qarşı belə nə formada, hansı məzmunda siyasət yürüdülür. Onların cavabları dərhal verilir. Həmin qüvvələr anındaca yerində oturdulur. Bilirsinizmi niyə? Çünki daxili siyasətdə milli birliyin pozulmasına gətirib çıxara biləcək boşluqlar yoxdur. Çünki iqtidar öz sözünü ilk növbədə xalqın etibarına, etimadına güvənərək söyləyir. Çünki xarici missionerlər - Qərb olsun, digərləri olsun, fərq etməz - heç bir halda xüsusi, ciddi səbəb taparaq ölkədə xaos yarada bilməzlər. Ona görə hər məkrli həmlədən sonra sınmış, suyu süzülmüş formada geri çəkilirlər, fiaskoya uğrayırlar.
Sizi nəzərə alın ki, “narıncı inqilablar” estafeti Bakıda durdurulub. İlham Əliyevin cəsarəti və müdrikliyi sayəsində həm də. Üstəlik, bu cəsarət, praqmatiklik, müdriklik siyahıda olan digər dövlətləri də Qərbin istilasından xilas edib. Yəni Bakıda onlar qələbə çalsaydılar, hələ nə qədər dövlət tələyə düşəcəkdi, öz inkişafını səngidəcəkdi, kiminsə, kimlərinsə caynağında, cəngində qalacaqdı. Odur ki, İlham Əliyevə həm də bir çox ətraf ölkələrin təşəkkür borcu var. İllər öncə onları böyük bəlalardan, məkrli ssenarilərdən, ağır qarşıdurmalardan qoruduğu üçün.
Bu gün ölkəsi də, vətəndaşı da hədəfə gələn, qırğına verilən, yüz cür oyunların qurbanı olan ölkələrin, dövlətlərin İlham Əliyev kimi rəhbəri, prezidenti, kritik anda düzgün qərar qəbul edəcək lideri yoxdur. İlham Əliyev olmasaydı, indi haralarda qərar tutardıq, inanın, həmin mənzərəni xəyalıma, fikrimə belə gətirməyə qorxuram. Ona görə də hamı əmin olsun: İlham Əliyev qərar tutan yerdə, söz sahibi olan yerdə kimsə və kimsə bizdən Ukrayna düzəldə bilməz".
Elşən Mustafayev
AMİP liderinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev Rusiyanın bu proseslərdə, xüsusilə Cənubi Qafqaz rəqabətində getdikcə uduzduğunu diqqətlərə çatdırdı: “Rusiya Təhlükəsizlik Şurasının katibinin Bişkekdə söylədiyi kimi doğrudan da dünyada vəziyyət son dərəcə gərgindir. Amma bu gərginləşmədə Rusiyanın rolu haqqında danışmaq istəməyib. Əslində hazırkı vəziyyət 2-ci Dünya müharibəsindən sonra bu günə qədər yaşanmamışdı. Karib krizisi belə bir neçə həftə çəkmişdi. Amma 2014-cü ildə başlayan qarşıdurma bu gün pik həddə çatıb və günbəgün bu gərginlik artmaqdadır. Patruşevin Cənubi Qafqazla bağlı dediklərinə gəlincə isə bu gərginləşmədə Rusiyanın rolu Qərbdən az deyil. Hətta deyərdim ki, daha böyükdür. Razıyam ki, Qərbin dünyada gedən proseslərdən dolayı Cənubi Qafqazda marağı var və bu marağı Rusiya ilə toqquşur. İki qüvvə arasında bölgədə nüfuz müharibəsi gedir. Belə bir vəziyyətdə Patruşevin Qərbin Cənubi Qafqazı Ukraynaya çevirmək istədiyi fikirləri daha çox Rusiyaya yaraşır. Cənubi Qafqazda Rusiya illərdir ki, uduzur və nüfuzu çox aşağıdır. Gürcüstanda antirus meylləri hər gün artır və gürcü hakimiyyəti haqqında nə qədər rusiyameylli desələr də keçən ilin dekabrında Avropa İttifaqı üzvlüyünə namizəd oldular. Ermənistandakı vəziyyət isə Rusiya üçün daha pisdir. Ölkə iqtisadiyyatının təxminən 70 faizi ondan asılı olsa da, ölkədə həm 102-ci hərbi baza, həm də aviabazası olsa da əhali arasında Rusiyaya qarşı nifrət günü-gündən artır. Rusiyameylli qüvvələrin ölkədə hakimiyyətə gəlmək imkanları get-gedə imkansız hala gəlir. Bu məsələdə Azərbaycanın vəziyyəti və imkanları fərqlidir. Biz Rusiya ilə hər hansı ittifaqda, birlikdə təmsil olunmuruq, iqtisadi cəhətdən müstəqilik, Qarabağda müvəqqəti məskunlaşan "sülhməramlıları" nəzərə almasaq, ərazimizdə rus hərbi bazaları yoxdur. Bununla belə, müəyyən balanslı siyasət ortalığa qoymaqla qarşı tərəfin əlinə bəhanələr verməmək hələlik doğru siyasət kimi qəbul olunmalıdır. Təbii ki, Qərbin öz maraqları var ki, bu maraqları Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmadan öncə təmin etmək istəyir ki, bununla da müqavilənin imzalanmasına mane olurlar. Yəni tək Qərbin adını çəkməklə Patruşev Rusiyanın bölgədəki fəaliyyətini də desə idi daha obyektiv olardı. Cənubu Qafqazda bu gün problemə çevrilmiş münaqişə ocaqlarını yaradan Qərb yox, Rusiya olub və regionu daim təsir altında saxlamaq üçün istifadə edib. Hazırda bu imkanı əlindən çıxmaq üzrədir deyə narahatdır. Amma Rusiyanın əlində olmuş bu imkanların Qərbin əlinə keçməsini də qəbul etmək olmaz. O səbəbdən Rusiya-Qərb qarşılaşmasında Cənubi Qafqazdan istifadə olunmasına imkan verilməməlidir. Qərbin bölgəni Ukraynaya çevirmək istəməsi fikirlərinə gəlincə isə, bu bir az fərqli məsələdir. Dediyim kimi, Azərbaycan maksimum şəkildə böyük güclərin davasının ortasında qalmamaq siyasəti yürüdür ki, bu həm də milli təhlükəsizliyimiz üçün vacibdir. Gürcüstan nə qədər Avropa İttifaqı ilə yaxın əməkdaşlığı olsa belə, hazırkı hakim partiya da maksimum problemlərdən yayınmağa çalışır. Qalır tək Ermənistan və burada dediyim kimi, Rusiya hərbi və iqtisadi cəhətdən çoxdan orada oturub və çıxmayacağını da bəyan edib. O səbəbdən hesab edirəm ki, ərazi, əhali sayı, yerləşdiyi coğrafiya fərqli olduğundan Cənubi Qafqazda Ukrayna ssenarisi işləməyəcək. Amma Qərb-Rusiya qarşıdurmasında tərəflərin düşəcəyi situasiyadan asılı olaraq fərqli vəziyyətlər yarana bilər".
Cavanşir ABBASLI
“Yeni Müsavat”
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ