İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların vahid informasiya bazası yaradılacaq

Əziz Ələkbərli: “Son hədəfimiz tarixi ədalətin bərpası və Qərbi Azərbaycandakı ata-baba ocaqlarına qayıtmaqdır”

Azərbaycanda dövlət dəstəkli ‘’Qərbi Azərbaycan İcması’’ yaradılıb. Yeni təşkilat “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin bazasında qurulub. Belə ki, “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin “Qərbi Azərbaycan İcması” adı ilə qeyri-kommersiya təşkilatına çevrilməsi (yenidən təşkili), Qərbi Azərbaycan İcmasının Nizamnaməsinin təsdiq olunması, “Qərbi Azərbaycan İcması”nın İdarə Heyəti, Müşahidə Şurası və Nəzarət-Təftiş Komissiyasının üzvlərinin və sədrlərinin seçilməsi məsələləri artıq həll edilib.

İcmanın məqsədi müxtəlif vaxtlarda etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaqla onların hüquqlarının beynəlxalq müstəvidə bərpası, Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhv olunmasının qarşısının alınması, həmin insanların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsi və birgəyaşayışa nail olunmasından ibarətdir. Bu məqsədlə icmanın vəzifələri və hüquqları müəyyən edilib.

Xatırladaq ki, icmanın rəhbəri millət vəkili Əziz Ələkbərli seçilib.

Yayılan rəsmi məlumatlardan ortaya çıxan nəticə budur ki, Azərbaycana qarşı daim ərazi və başqa iddialarda bulunan Ermənistan üçün bundan belə mənəvi-psixoloji və siyasi təzyiqlər ciddi olacaq. Musavat.com-a çatan məlumata görə, yeni yaradılan təşkilatın nəzdində televiziya, radio, internet resursları olacaq və bunun üçün lazımi qədər vəsait ayrılacaq. Bütün bunlar o deməkdir ki, bundan belə Ermənistan adlanan məkanın Azərbaycanın və həmin məkandan sürgün-qaçqın edilən azərbaycanlı əhalinin ciddi və davamlı iddiaları olacaq. Bu, çox lazımlı və zamanında ortaya atılan bir prosesdir. Bundan belə, Ermənistanla danışıqlar masasında Qərbi Azərbaycan İcmasının yer almasını da diplomatik çevrələrdə, beynəlxalq təşkilatlarda aktuallaşdırmaq lazımdır.

Azərbaycan bu addıma da boşuna getmir. Demək ki, Ermənistanın qarşıdakı danışıqlarda və sülh müqaviləsinin imzalanması prosesində bir sıra ‘’ev tapşırıqları’’, təxribatları gözlənilir. Azərbaycan həm onlara hazır olmaq, həm də gerçəkdən Zəngəzurdan İrəvana qədər tarixi və gerçək iddialar irəli sürmək haqqına sahibdir. Bu haqqı təşkilata çevirmək və üstəlik, hətta bu təşkilatın davamı olaraq, Qərbi Azərbaycan hökuməti qurmaq dövlətimizə bir sıra üstünlüklər qazandırır.

Musavat.com-da olan məlumata görə, Qərbi Azərbaycan İcması elə indidən ölkənin ən yüksək potensiallı təşkilatıdır. İcmada Qərbi Azərbaycan əsilli 24 millət vəkili, 300 nəfərdən çox tanınmış ziyalı və ictimai-siyasi xadim, yüksək səviyyəli mütəxəssislər var. İcmanın potensial sayının 1 milyon nəfərə yaxın olacağı gözlənilir.

İcmanın rəhbəri deputat Əziz Ələkbərli mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Azərbaycan Qaçqınlar Cəmiyyəti 1989-cu il dekabrın 28-də 1988-ci ildə Qərbi Azərbaycandakı ata-baba yurdlarından qovulmuş qaçqınların sosial problemləri ilə məşğul olmaq üçün yaradılmışdı və 33 il ərzində bu istiqamətdə fəaliyyət göstərib, qarşıya qoyduğu məqsədlərə xeyli dərəcədə nail olmuşdu. Lakin 44 günlük Vətən müharibəsindən, Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edildikdən sonra bu gün artıq qarşımızda daha böyük hədəflər - son 220 il ərzində Azərbaycanın tarixi torpaqlarında ermənilərin və onların havadarlarının soydaşlarımıza qarşı deportasiya, soyqırımı, etnik təmizləmə, bu ərazilərdə Azərbaycan tarixi-mədəni irsinin və izinin məhv edilməsi siyasətinin ifşası, Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması kimi strateji vəzifələr durur. Cəmiyyətin bugünə qədərki adı isə bu məzmunu ehtiva etmədiyi üçün onun adını Qərbi Azərbaycan İcması adı ilə əvəz etməyi məqsədəuyğun hesab etdik.

Bu gün müxtəlif vaxtlarda etnik mənsubiyyətlərinə görə Qərbi Azərbaycandan deportasiya olunmuş, nəticədə əsas hüquq və azadlıqları tapdalanmış, zorakılığa və məhrumiyyətlərə məruz qalmış azərbaycanlıların və onların varislərinin hüquqlarının beynəlxalq müstəvidə bərpası, etnik azərbaycanlılara qarşı törədilən tarixi cinayətlər haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması son dərəcə vacibdir. Bu cinayətləri törətmiş erməni millətçilərinin və Ermənistan SSR-in indiki varisi olan Ermənistan Respublikasının beynəlxalq müstəvidə məsuliyyətə cəlb edilməsinə nail olmaq əsas məqsədlərimizdəndir.

Bu məqsədlərə çatmaq üçün ilk növbədə son iki yüz ildə Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisindən deportasiya olunmuş azərbaycanlıların Azərbaycanın rayon, şəhər, kənd və qəsəbələri üzrə məskunlaşma xəritəsini hazırlayacaq, qeydiyyatını aparacaq, onlar haqqında vahid informasiya bazası yaradacağıq. Daha sonra azərbaycanlıların deportasiya nəticəsində itirdikləri əmlak barədə təfsilatlı məlumatların toplandığı elektron informasiya resursu yaradacaq, soyqırımına məruz qalmış dini-tarixi-mədəni abidələrin tam qeydiyyatını aparacaq, bu barədə məlumat bazası hazırlayacaq, onların YUNESCO-nun Ümumdünya Mədəni İrs siyahısına daxil edilməsi istiqamətində fəaliyyət göstərəcəyik. Bütün bunların yekunu olaraq, deportasiya nəticəsində azərbaycanlılara dəymiş maddi-mənəvi ziyanın hesablanmasını və qiymətləndirilməsini təşkil və təmin edəcəyik.

Deportasiya olunmuş azərbaycanlıların tarixi taleyi ilə bağlı Azərbaycan və dünya ictimaiyyətinə dolğun məlumat verməyi, bu məqsədlə Azərbaycanda və xarici ölkələrdə konfranslar, dəyirmi masalar təşkil etməyi də nəzərdə tuturuq. Çalışacağıq hər bir xarici ölkədə icmamızın ofisləri olsun və onların məqsədyönlü fəaliyyətini təmin edəcəyik.  Bir sözlə, qarşımızda çox böyük vəzifələr durur. Biz Qərbi Azərbaycan İcması olaraq, üzərimizə çox böyük vəzifə götürdüyümüzün fərqindəyik və bütün bu vəzifələri addım-addım həyata keçirəcəyik. Dünya erməni faşizminin bəşəriyyət üçün nə qədər böyük bir təhlükə olduğunu bütün çılpaqlığı ilə görməli və dərk etməlidir.

Son hədəfimiz tarixi ədalətin bərpası və insanlarımızın Qərbi Azərbaycandakı tarixi torpaqlarına, ata-baba ocaqlarına qayıtmasıdır. O torpaqlarda bizim əcdadlarımızın məzarları yatır və o məzarlarda yatanların narahat ruhları bizi geriyə çağırır. Biz o torpaqlara mütləq qayıdacağıq, bu, bizim atalarımız qarşısında övladlıq, övladlarımız qarşısında atalıq borcumuzdur".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR