İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimat mərasimi olub

İyunun 24-də “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin – qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimat mərasimi keçirilib.

Musavat.com AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, alimlər, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, xarici işlər nazirinin müavini Elnur Məmmədov, Baş prokurorun müavini Elmar Camalov, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini Qaya Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, AMEA-nın Tarix və Etnologiya İnstitutunun direktoru professor Kərim Şükürov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının üzvü professor Gülçöhrə Məmmədova, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Nazim İsmayılov və Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli tədbirdə çıxış edərək nəşrin mövzusunun əhəmiyyəti, məqsədi və aktuallığı barədə fikirlərini bölüşüblər.

Qeyd olunub ki, Ermənistan ərazisindən zorla çıxarılmış soydaşlarımızın beynəlxalq proses çərçivəsində təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına geriyə qayıtmaları, onların fundamental hüquqlarının bərpa və təmin edilməsi ölkəmizin prioritetləri arasındadır. Müxtəlif dövrlərdə soydaşlarımıza qarşı həyata keçirilən deportasiya nəticəsində onlara məxsus məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib. Qeyd edilən deportasiya siyasətinin son dalğası nəticəsində 300 minə yaxın insan öz dədə-baba torpaqlarından məcburi şəkildə çıxarılıb. Nəticədə Ermənistan regionda monoetnik dövlətə çevrilib.

Vurğulanıb ki, Qərbi Azərbaycandakı soydaşlarımıza qarşı beynəlxalq hüquqa zidd əməllərin cəzasız qalmasından ilhamlanan Ermənistan 30 ildən çox müddətə Azərbaycan torpaqlarını işğal altında saxlayıb. Ermənilər tərəfindən azərbaycanlılara qarşı yalnız etnik təmizləmə siyasəti həyata keçirilməyib, eyni zamanda, soydaşlarımıza məxsus maddi-mədəni irsin yer üzündən tamamilə silinməsinə yönəlik vandalizm aktları törədilib.

Bildirilib ki, qəbiristanlıqlar bir xalqın keçmişi, inancı və kollektiv yaddaşıdır. Ona görə də qəbiristanlıqları dağıtmaq həmin xalqın izlərini coğrafiyadan silmək cəhdidir. Bu, həm də hər kəsin bildiyi kimi beynəlxalq humanitar hüququn və insan hüquqlarının ciddi şəkildə pozulmasıdır.

Natiqlər qeyd ediblər ki, Ermənistan dünyada nadir monoetnik və monokonfessional bir cəmiyyət strukturuna malik dövlətdir. Bu da təbii olaraq orada başqa mədəniyyətə nifrət hissini alovlandırıb və hətta dövlət təbliğatının bir formasına çevirib. Bu əməllər təkcə tarixi ədalətin deyil, beynəlxalq hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının, UNESCO konvensiyalarının və digər mühüm sənədlərin də kobud şəkildə pozulmasıdır.

Tədbirdə, həmçinin Qərbi Azərbaycanla bağlı videoçarx nümayiş olunub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyəsi ilə Qərbi Azərbaycan ərazisində azərbaycanlıların tarixən yaratdığı dövlətçilik ənənələri, maddi və qeyri-maddi mədəni irsi, məruz qaldıqları tarixi ədalətsizliklər və cinayətlər, itirdikləri maddi-mənəvi sərvətlər haqqında davamlı tədqiqatlar aparılmaqdadır. Bu istiqamətdə müasir elmi yanaşmalara uyğun yeni fundamental araşdırma – “Qərbi Azərbaycan İrsi” tədqiqatlar seriyası nəşr edilməyə başlanılıb. “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin – qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildi seriyanın ilk nəşridir və Azərbaycan, ingilis, rus dillərində nəfis tərtibatla çap edilib.

Seriyanın 5 hesabatdan ibarət olması nəzərdə tutulub. I, II, III hesabatlarda Qərbi Azərbaycanda Ermənistan dövləti tərəfindən məqsədli şəkildə dağıdılan azərbaycanlılara məxsus qəbiristanlıqlar, IV hesabatda məscidlər, V hesabatda isə pirlər və türbələr öz əksini tapacaq.

Kitabın I cildində 1991-ci ilə qədər Qərbi Azərbaycan – indiki Ermənistan ərazisində mövcud olmuş, indi isə yalnız xarabalıqları qalmış 700-dən çox azərbaycanlı qəbiristanlığının 201-nin əvvəlki və indiki vəziyyətindən bəhs edilir.

Tədqiqat zamanı 1890-1991-ci illərdə Rusiya imperiyası və daha sonra Sovet İttifaqının Baş Qərargahı tərəfindən tərtib və nəşr edilən, uzun müddət məxfilik statusunda saxlanılan müxtəlif ölçülü 250-dən çox topoqrafik xəritədən, ötən əsrə və müasir dövrə aid Amerika Birləşmiş Ştatlarının kəşfiyyat peyklərinin təsvirlərindən, Rusiya, Türkiyə, Gürcüstan və Azərbaycan arxivlərində saxlanılan sənədlərdən, Almaniya, ABŞ, Rusiya kitabxanalarındakı mənbələrdən, foto-video materiallardan, Ermənistandan deportasiya edilmiş azərbaycanlıların xatirələrindən istifadə edilib.

Araşdırmada istinad edilən xəritə kolleksiyaları Berlin Humboldt Universitetinin Coğrafiya Departamentindən, Greifsvald Universitetinin Coğrafiya və Geologiya İnstitutundan, İndiana Universitetinin Elmi Kitabxana Fondundan, ABŞ Milli Konqres Kitabxanasından, Rusiya Coğrafiya Cəmiyyətinin Tarixi kartoqrafiya bölməsindən toplanılıb.

Elmi əsərlərin yazılması üçün dünyada tanınan “Çikaqo 17 nəşr üslubu”nda hazırlanmış tədqiqat işində multispektral təhlil metodları mühüm yer tutur. Kitabda ABŞ Geoloji Xidmətinin EROS mərkəzindən əldə edilən “Landsat-4” və “Landsat-5” peyklərinin 3-cü və 4-cü sensorlarından alınmış multispektral təsvirlər əsasında landşaft transformasiyaları və bitki örtüyü dinamikası təhlil olunub. İnfraqırmızı və qırmızı spektral diapazonlarda aparılan analizlər torpaq örtüyündə və torpaq istifadəsindəki dəyişikliklərin, eləcə də qəbiristanlıqların landşaft mühitinin dəyişməsinin aşkarlanmasına imkan verib.

İki hissədən ibarət olan kitabın birinci hissəsində hesabatın məqsədi və tədqiqatın predmeti müəyyən edilir, tədqiqatın metodologiyasından bəhs olunur. İkinci hissədə isə Qərbi Azərbaycanın hər bir rayonu üzrə qruplaşdırılmış qəbiristanlıqların yerləşdiyi kəndlərin tarixi inkişafı, demoqrafik göstəriciləri, kəndlə bağlı toponimik və inzibati dəyişikliklər, əhalinin köç və deportasiya prosesi, qəbiristanlıq və digər mədəni irs obyektlərinin mövcud vəziyyəti sistemli şəkildə təqdim edilir.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR