Onlayn ictimai-siyasi qəzet
"Sizi Qərbi Azərbaycan İcması tərəfindən qayıdış hüququ mövzusunda təşkil edilən ikinci Beynəlxalq Konfransda salamlayıram. Haqq işimizə verdiyiniz dəstəyə və konfransımızda iştirakınıza görə hər birinizə təşəkkürümü bildirirəm.
Ötən il bu mövzuda ilk beynəlxalq konfransımızı keçirdik. Bu ilki tədbirimiz auditoriyamızı daha da genişləndirərək və müzakirələrimizi dərinləşdirərək, qayıdış hüququnun beynəlxalq hüquq çərçivəsində möhkəmləndirilməsi, ədalətin bərpası, təhlükəsiz və ləyaqətli qayıdışın təmin edilməsi məsələlərini əhatə edir. Qeyd edim ki, bu ilki konfransda təmsil olunan ölkələrin və iştirakçıların sayı ötən ilki konfransımıza nisbətən iki dəfə artıb. Demək olar ki, bütün qitələri təmsil edən 51 ölkədən 102 iştirakçı bu konfransa qatılıb".
Musavat.com xəbər verir ki, bu fikirləri Qərbi Azərbaycan İcması tərəfindən "Qayıdış Hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmini" mövzusunda təşkil edilən İkinci Beynəlxalq Konfransda Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərov bildirib.
Ə.Ələkbərov qeyd edib ki, tədbir Ermənistandan azərbaycanlıların zorla çıxarılmasına, tarixi və mədəni irsimizə vurulmuş zərərlərə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək, qayıdış hüququmuzun təmin edilməsi və ədalətli əsaslarla sülh və barışıq üzrə müzakirələr aparmaq üçün vacib bir platformadır:
"Qərbi Azərbaycan İcması olaraq biz, öz doğma yurdlarına qayıtmaq istəyən yüz minlərlə azərbaycanlının qayıdış hüququ uğrunda mübarizə aparırıq. Təşkilatımız 1989-cu ildən bəri fəaliyyət göstərir. Bu istiqamətdə gördüyümüz işlər Azərbaycan dövlətinin prinsipial və davamlı dəstəyi ilə həyata keçirilir. Xüsusilə, 2022-ci ilin dekabr ayında bizim İcmamızı ziyarət etmiş cənab Prezident İlham Əliyevin İcmanın fəaliyyətinə göstərdiyi diqqət səylərimizi daha da gücləndirmək üçün bizi ruhlandırmışdır. Cənab Prezidentin konfrans iştirakçılarına bugünkü müraciətində ifadə etdiyi dəstək və qiymətli tövsiyələr böyük əhəmiyyət kəsb edir. Müraciətdə haqq işimizə verilən yüksək dəyər İcmamızın hər bir üzvü üçün güclü motivasiya mənbəyidir. Biz, dünya üzrə qaçqınların sayının artmasını dərin narahatlıq və üzüntü ilə izləyirik. Qaçqın və məcburi köçkünlərin böyük bir hissəsi silahlı münaqişələrin yaratdığı ağır nəticələr səbəbindən öz doğma torpaqlarını tərk etməyə məcbur olub. Bir sıra hallarda silahlı münaqişələrin məhz etnik təmizləmə məqsədilə törədildiyi unudulmamalıdır. Belə acı nümunələrdən biri də Ermənistanın əməlləridir.
Ermənistanın öz ərazisindən azərbaycanlıların hamısını ata-baba yurdlarından çıxarmış və bu gün Ermənistanda bir nəfər də azərbaycanlı qalmamışdır. Ermənistan qəbiristanlıqlarımızı, mədəni və dini abidələrimizi məqsədyönlü şəkildə məhv edərək, maddi və qeyri-maddi mədəni irsimizə ciddi zərbə vurmuşdur. Adət-ənənələrimiz, sosial bağlarımız və həyat tərzimiz böyük ziyan görmüşdür.
Ermənistan ölkə ərazisindəki Azərbaycan mədəni irsinin vəziyyətinin araşdırılması üçün UNESCO-nun missiya göndərməsinə icazə vermir. Ermənistanın monoetnik cəmiyyət yaratmaq siyasəti bölgənin zəngin etnik və dini müxtəliflik ənənələri və tarixi ilə ziddiyyət təşkil edir".
Ə.Ələkbərov vurğulayıb ki, bu tarixi faktları sadalamaqda məqsəd ixtilafı davam etdirmək deyil, ədalət, sülh və barışıq yolunda aparılan mübarizənin başlanğıc nöqtəsini izah etməkdir: "Biz doğma torpaqlarımıza sülh yolu ilə qayıtmaq məqsədinə sadiqik və beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edirik. İcmamızın ötən il qəbul etdiyi Qayıdış Konsepsiyası, beynəlxalq ictimaiyyəti Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna dəstək verməyə çağıran mühüm bir sənəddir. BMT, UNESCO, İslam Əməkdaşlığı Təşkilatı və digər mötəbər beynəlxalq qurumlarla qurulan dialoq çərçivəsində bu hüquqlarımızın müdafiəsini davam etdiririk.
Nigar HƏSƏNLİ,
Musavat.com
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ