Onlayn ictimai-siyasi qəzet
ABŞ və Avropa niyə müdafiə etdiklərini sonda tək buraxır?
Ağ Evdə ikinci prezidentliyinə başlayan Donald Tramp Ukraynanı Rusiya qarşısında təslimçiliyə çağırır. Bu isə bir faktı ortaya çıxardı: Qərb dünyasına arxalananlar sonunda arxasız qalır. 2008-ci ildə də bunu gördük. Rusiya Gürcüstan ərazisinə girib Abxaziya və Cənubi Osetiyanı işğal etdi və orada qondarma rejimlər yaratdı. O zaman Gürcüstan prezidenti olan Mixail Saakaşvili Qərbə arxalanırdı.
Sonunda rus qoşunlarını Tiflisin 25 kilometrliyində görəndə “bu xəmir hələ çox su aparacaq” dedi. Bunun üstündən 6 il keçdi və bu dəfə rus qoşunları Ukrayna ərazilərində göründü və Krımı ilhaq etdi. Bu azmış kimi, Donbasın bir hissəsini ələ keçirdi, Donetsk və Luqansk kimi separatçı bölgələr yaratdı. O zaman da Qərb bu işğallara göz yumdu və əslində bugünkü Ukraynanın faciəli gələcəyini 11 il öncə müəyyən etdi. İndi də eyni ssenari yaşanır, Zelenski nümunəsində biri Ukraynada taxta çıxarıldı və ona böyük vədlər verildi. Bəs Qərb niyə müdafiə etdiklərini sonda tək buraxır?
Azər Hüseynov
AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov “Yeni Müsavat”a bildirdi ki, dünyada gedən son proseslər Qərbi yenidən gözdən keçirmək ehtiyacını aktuallaşdırır: “Qərb dedikdə biz iki qismi anlayırıq, ABŞ və Qərbi Avropa dövlətlərini. Bunların hər ikisində daxili demokratiya institutları, iqtisadi rifah, hüquq sisteminin inkişaf tarixi var. Amma eynilə tarixin qədim qatlarında inkivizisiya, seqreqasiya, XX əsrdə xolokost da vardır. Lakin bunlar bir tarixi keçmişdir. Amma burada mövzu öz daxili demokratiyasını Qərbin həqiqətənmi dünyanın digər yerlərində görmək istəyib-istəməməsidir. Qərb Şərqi Avropada, Asiyada, Yaxın Şərq və digər bölgələrdə həqiqətənmi demokratiyanın və vətəndaş cəmiyyətinin inkişafını istəyir, yoxsa burada olan ölkələrə keçici geosiyasi maraq kimi baxır, Rusiya ilə, Çinlə, özünə kommunizmdən sonra real təhlükə hesab etdiyi radikal adlandırdığı İslamla mübarizə vasitəsi kimi baxır. Maraqlısı odur ki, demokratik dəyərlərin aliliyini bəyan edən Qərbin Yaxın Şərqdə və Asiyanın bir sıra bölgələrində əsas müttəfiqləri heç də demokratik olmayan sistemlər olub. Misal üçün, götürək Birmada Rohinya müsəlmanlarına qarşı genosid edən hərbi güruhu, Qərbin bir sıra dövlətləri ilə sıx əlaqələri olub. Ərəb dünyasında demokratiya ilə yaxından uzaqdan bağlılığı olmayan rejimlərin də Qərblə babat əlaqələri var. Mən demirəm ki, Qərbin öz daxilində demokratik institutlar işləmir. Bunu demək doğru olmaz. Mən deyirəm ki, Qərb üçün digər ölkələr həqiqətən demokratiyanın bərqərar edilməsi məkanları yox, geosiyasi maraqların gerçəkləşməsi məkanlarıdır. İki misal verəcəm. Birincisi, Gürcüstandır. Gürcüstanda hakimiyyət dəyişikliyi məhz Qərbin dəstəyi ilə baş verdi, sonra Qərbin dəstəyinə yenə arxayın olan Gürcüstan öz torpaqlarını azad etmək istədi. Zamanın düzgün seçilməməsi və ən əsası müttəfiqinə aşırı güvənc hissi Rusiyanın müdaxiləsi ilə nəticələndi. Rusiya ilə uzun müddətli konfrantasiya Gürcüstan iqtisadiyyatına mənfi təsir göstərdi və təhlükəsizliyinə ziyan vurdu. Qərbin dəstəyi isə bəyanatlardan o tərəfə getmədi. Nəticədə Gürcüstan real politik anlayışla Rusiya ilə münasibətləri yaxşılaşdırmaq üçün hərəkətə keçdi, bu zaman da Qərbin təhdidləri ilə üz-üzə qaldı. Həmin Qərb ki, onu nə Avropa İttifaqına, nə də NATO-ya qəbul edəsi də deyildi. Etməzdi də. İkinci misal Ukrayna. Ukraynada separatçılıq başlayanda və həmin qüvvələr Rusiya ilə əlaqəli olmalarına baxmayaraq Zelenskidən öncəki hakimiyyətlər bir qədər balanslı hərəkət etməyə çalışırdılar. Çünki bilirdilər ki, ortada bir Gürcüstan nümunəsi var. Arxasında real dəstək olmadığı üçün ortada yalnız buraxılan Gürcüstan. Ancaq cənab Zelenskinin hakimiyyətə gəlməsi ilə məsələlərə münasibət dəyişdi. Qərb Ukraynanı daha sərt ritorikaya təşviq elədi. Bu da ona gətirib çıxardı ki, Ukrayna ərazisinin demək olar ki, 30 faizi Rusiyanın nəzarətindədir. Müharibə başlayanda bizdə də bəzi "analitiklər" qələbə nərələri dilə gətirirdilər. Ukrayna qalib gələcək deyirdilər. Mən isə öz tərəfimdən elə ilk gündən bildirirdim ki, Ukrayna ortada tək buraxılacaq, onun iqtisadiyyatı Qərbin nəzarətinə keçəcək. Bu gün ABŞ-ın yeni prezidenti cənab Tramp Ukraynadan belə bir müqavilənin imzalanmasına israr edir. Gec və ya tez Ukrayna tam da olmasa, qismən öz sərvətlərinin Qərbə, konkret olaraq ABŞ-a verilməsinə razılıq verəcək. Bu hansı faizdə olacaq, o başqa məsələdir".
Siyasi şərhçi bir vacib məsələni də vurğuladı: “Zaman keçdikdə Azərbaycanın illərdir reallaşdırdığı balans siyasətinin həqiqətən önəmli olduğu üzə çıxır. Dünyada və regionda gedən proseslərin dinamikasını izləyib taktiki reaksiyalar vermək. Azərbaycan xarici siyasətində birinci dərəcəli müttəfiqi olaraq Türkiyəni bəyan edir. Amma bununla belə, digər tərəfdaşlarla da işləyir. Nə üçün? Çünki dövlətlərin maraqları var. Ən başlıca maraq mövcudluğunu davam etdirmək, daha sonra ərazisini qorumaq, əhalisinin təhlükəsizliyini təmin etməkdir. Bu isə onu deməyə əsas verir ki, hansısa bir dövlətə və ya təşkilata duyğu yükü ilə bağlanmaq, ona tam bu mənada güvənmək dövlət ağlının edəcəyi iş deyil. Azərbaycan bu gün Qərblə bu və ya digər şəkildə əməkdaşlıq edir, hətta ABŞ-ın yeni hakimiyyətinin Baydenin Azərbaycana yönəlmiş səhvləri buraxmayacağına ümidlərini ifadə edir. Amma bununla belə, hakim olan düşüncəmiz odur ki, Azərbaycanın maraqları üçün daimi manevr etmək lazımdır. Qərbə güvənmək isə xüsusilə məntiqli deyil. Ortada Ukrayna nümunəsi var ikən...”
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
25 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ