İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb Gürcüstanda vətəndaş müharibəsinə qərar verib: Bu, Qafqazda yeni regional savaş məqsədi daşıyır

Gürcüstan ABŞ və Qərbin geopolitik maraqlarının təmin edilməsi üçün növbəti "regional qurban" olaraq, seçilmiş kimi görünür... Fransanın agenti Salome Zurabişvili Qərbin planlarını icra edərək, "qrant agenturası" ilə ortaq şəkildə Gürcüstanı regional fəlakətə sürükləyir...

Cənubi Qafqazda geopolitik gərginlik iki istiqamət üzrə davam edir. Belə ki, Azərbaycan və Ermənistan arasında sülh prosesi hələ də pozitiv nəticələrdən uzaqdır. Regional sülh prosesində ləngimənin əsas səbəbləri sırasında isə ABŞ, Avropa Birliyi və Fransanın əngəlləyici fəaliyyəti xüsusi yer tutur. Cənubi Qafqazda sülh prosesinin uğur qazanmasında maraqlı olmayan ABŞ və Qərb Ermənistanı açıq-aşkar növbəti savaşa hazırlamağa çalışır. Və bu səbəbdən də, Cənubi Qafqazda geopolitik gərginliyin aradan qaldırılması çətinlik törədir.

Digər tərəfdən, Gürcüstanda cərəyan edən ölkədaxili siyasi-ictimai proseslərin də Cənubi Qafqazda geopolitik gərginliyə münbit şərait yaratdığı qətiyyən şübhə doğurmur. Üstəlik, Azərbaycan və Ermənistan arasındakı sülh prosesində olduğu kimi, Gürcüstanda yaşayan daxili siyasi qarşıdurmada da məhz kənar müdaxilə neqativ təsirlərə malikdir. Yenə də ABŞ, Avropa Birliyi və Fransa Gürcüstanın qarışdırılması missiyasını öz üzərinə götürüb. Və hazırda Qərbin "qrant agenturası" Gürcüstan vətəndaşlarının siyasi iradəsini kobud şəkildə manipulyasiya etməyə cəhd göstərir.

5dc10b64f99e682b9e48220cc22e09e8.jpg (296 KB)

Onu da qeyd etmək lazımdır ki, Gürcüstanda seçkilərdən sonra yaşanan ölkədaxili kütləvi etiraz aksiyalarına məhz Fransa kəşfiyyatının agenti olduğu iddia edilən və səlahiyyət müddəti bir neçə gündən sonra sona çatacaq prezident Salome Zurabişvili rəhbərlik edir. Onun bütün davranışları prezident Salome Zurabişvilinin Fransanın timsalında Qərbdən təlimatlar aldığını biruzə verir. Və bu baxımdan, səlahiyyət müddəti rəsmən sona çatdıqdan sonra onun barəsində hüquqi araşdırmaların başladıla biləcəyi də qətiyyən istisna edilmir.

Məsələ ondadır ki, Gürcüstanda parlament seçkilərinin ardınca artıq yeni prezident də seçilib. Ancaq nə qədər qəribə də olsa, prezident Salome Zurabişvili özünü Gürcüstanda yeganə legitim dövlət təmsilçisi hesab edir. Üstəlik, səlahiyyət müddətinin bitməsindən sonra postunu yeni Gürcüstan prezidentinə təhvil verməyəcəyini qabardır. O, Salome Zurabişvili Gürcüstan hakimiyyətindən bir həftə ərzində yeni parlament seçkilərinin vaxtının elan olunmasını tələb edib. Və əks halda, yeni parlament seçkilərinin vaxtını özünün təyin edəcəyini vurğulayıb. Və bu məqsədlə o, vətəndaşlara videomüraciət ünvanlamaq niyyətindədir.

Gürcüstanda ölkədaxili siyasi gərginliyin növbəti mərhələyə keçirilməsi üçün daha təhlükəli planların qurulduğu barədə müəyyən məlumatlar da mövcuddur. Belə ki, Salome Zurabişvilinin davranışlarının yalnız Gürcüstanda siyasi gərginliyi artırmaq deyil, eyni zamanda, Cənubi Qafqaz üçün yeni qarşıdurma planları qurmaq və münaqişə riskləri yaratmaq məqsədi daşıdığı barədə də iddialar mövcuddur. Və bu, o deməkdir ki, Gürcüstanda ölkədaxili qarşıdurmanın ssenari müəllifləri yeni regional hərbi-siyasi böhran planları üzərində işləyirlər.

zura-images.jpg (7 KB)

Bəzi məlumatlara görə, Salome Zurabişvili dekabrın 29-dan sonra təkcə prezident sarayını deyil, ümumiyyətlə, Gürcüstanı tərk etmək niyyətində deyil. Halbuki vaxtilə o, səlahiyyət müddəti bitdikdən sonra Fransada yaşamaq niyyətində olduğunu bildirmişdi. Ancaq bir müddət öncə Strasburq səfəri zamanı o, belaruslu müxalifətçi Svetlana Tixanovskaya kimi mühacir siyasətçi olmaq istəmədiyini bəyan edib. Xatırladaq ki, Qərbdə bəziləri hələ də 80 faiz səs toplayan Aleksandr Lukaşenkonu deyil, məhz Svetlana Tixanovskayanı Belarusun qanuni prezidenti hesab edirlər.

Bəzi iddialara görə, Salome Zurabişviliyə Qərbdən Gürcüstanda qalmaq təlimatı verilib. Eyni zamanda, ona indiki kütləvi etiraz dalğası uğursuzluğa düçar olacağı təqdirdə, qərbyönlü müxalifətlə birlikdə fəaliyyətin növbəti hədəfləri də artıq çatdırılıb. İddialara görə, Qərb kəşfiyyatı Salome Zurabişvilinin rəhbərliyi altında qərbyönümlü müxalifətin Gürcüstanda iki hakimiyyətlilik yaratmasına nail olmağı planlaşdırır. Əgər, buna nail olunarsa, əsas hədəfin məhz Gürcüstanda vətəndaş müharibəsinin törədilməsi ola biləcəyi vurğulanır. Çünki bu, daha sonra Cənubi Qafqaz üçün regional müharibənin yeni “detonator"una da çevrilə biləcək variant kimi nəzərdə tutulur.

salo-zura.JPG (49 KB)

Təbii ki, Gürcüstanda ölkədaxili proseslərin belə təhlükəli planlar üzrə inkişafı bütövlükdə Cənubi Qafqazda sülhü və sabitliyi təhdid edərək, risk altına sala bilər. Ona görə də, Gürcüstan müxalifətinin ölkənin gələcək taleyini təhlükə altına atmaqdan imtina etməsi olduqca vacibdir. Əks halda, artıq uğursuzluğa düçar olmuş "maydan hərəkatı"nı vətəndaş müharibəsinə çevirmək cəhdləri Gürcüstanın gələcək mövcudluq şanslarını belə, şübhə altına sala bilər. Və bu halda, təhlükəli planlar quran Qərb kəşfiyyatı belə, Gürcüstanı ölkədaxili xaosdan xilas edə bilməz.

Göründüyü kimi, ABŞ, Avropa Birliyi və Fransa daha bir postsovet ölkəsini öz geopolitik maraqlarının alətinə çevirməyə çalışır. Üstəlik, ABŞ və Qərbin öz hədəflərinə doğru can atarkən, Gürcüstanın gələcək taleyini ümumiyyətlə, düşünmür. Əksinə, Gürcüstan ABŞ və Qərbin geopolitik maraqlarının təmin edilməsi üçün növbəti regional qurban olaraq, seçilmiş kimi görünür. Və bu, o deməkdir, Fransanın agenti hesab olunan Salome Zurabişvili Qərbdən gələn təlimatları icra edərək, "qrant agenturası" ilə ortaq şəkildə Gürcüstanı regional fəlakətə sürükləməyə çalışır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR