İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva: “Yanğının söndürülməsinə hər kəs səfərbər olmalıdır”  

 

“Bütün həmkarlarımızı 1918-ci ildə Müsəlman Şərqində ilk demokratik respublikanı qurmuş və bu böyük coğrafiyada qadınlara seçmək-seçilmək hüququ vermiş ilk ölkə olan Azərbaycanda salamlamaqdan çox şadam”.

Musavat.com xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Asiya Parlament Assambleyasının (APA) Bakıda keçirilən Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclasının söyləyib. Millət vəkili bildirib ki, açılış Asiya Parlament Assambleyası (APA) və onun müvafiq Komitəsi ilk dəfədir Azərbaycanda toplantı keçirir: “Mənim üçün özəlliklə çox qürurverici haldır ki, APA-nın Sosial-mədəni məsələlər üzrə daimi komitəsinin iclası Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinin, gözəl Qarabağın Ermənistanın işğalından azad olunmasının 3-cü ildönümü ərəfəsində keçirilir. Azərbaycan öz torpaqlarını 30 illik Ermənistan işğalından azad edincə, biz oralardakı mədəni, dini abidələrə qarşı görünməmiş vandallıqların bilavasitə şahidi olduq. Abidəsi güllələnmiş, ev muzeyi dağıdılmış Üzeyir Hacıbəyli Şərqdə ilk opera yazan sənət dahisidir. Yenə abidəsi güllələnən, ev muzeyi və qəbri dağıdılan Xurşidbanu Natəvan Şərqin görkəmli qadın şairi, XIX yüzillikdə Qarabağı idarə etmiş xeyirxah dövlət xadimi olub. Abidəsi güllələnən, ev muzeyi dağıdılan başqa bir korifey sənətkarın adı da sizlərə tanış gələcək: bu, dünya şöhrətli opera müğənnisi Bülbüldür... Onların hər üçünün, daha neçə-neçə sənətkarın, mədəniyyət-incəsənət xadiminin taleyi mədəniyyət paytaxtı Şuşa ilə bağlı olub. Təsadüfi deyil ki, Şuşa haqqında “Qafqazın Konservatoriyası” deyilib. Yenə təsadüfi deyil ki, Şuşa 2023-cü il üzrə “Türk dünyasının mədəniyyət paytaxtı”dır. Şuşada surətlə aparılan təmir-bərpa, quruculuq işləri bitdikdən sonra, APA-nın və onun Sosial-mədəni məsələlər komitəsinin bir iclasını da orada keçirərik və siz dahilər yetişdirmiş mədəniyyət paytaxtının kədərli, həm də qürurlu tarixi ilə yaxından tanış olarsınız. Əminəm ki, Şuşada aparılan sosial-mədəni quruculuq işləri sizləri məmnun edəcək və o işlər işğal mədəniyyətsizliyindən azadlıq mədəniyyətinə, azadlıqdan-abadlığa keçidin bir örnəyi, modeli olaraq qarşınıza çıxacaq”.

Q.Paşayeva bildirib ki, Azərbaycan Avropa ilə Asiyanın arasına yalnız coğrafi deyil, həm də mədəni-mənəvi körpü funksiyasına malik bir ölkədir: “Zəngin mədəni ənənələrə, qədim tarixə malik Azərbaycan yüzillər boyu dostluq, qardaşlıq, etibar, qonaqpərvərlik, sülhpərvərlik, dözümlülük və xeyirxahlıq ocağı olub. 1991-ci ildə dövlət müstəqilliyini təkrar qazanmış Azərbaycan bu il 100 illik yubileyini qeyd etdiyimiz Ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində Avropa ilə Asiya arasında özünə xas mədəni-mənəvi, habelə iqtisadi-ticari rol oynamağa başladı. Ümummilli liderin strategiyası hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Hazırda Azərbaycan Asiya-Avropa arasında nəhəng enerji layihələrinin tranzit yaxud başlanğıc ölkəsi, eləcə də, önəmli beynəlxalq enerji, nəqliyyat və iqtisadi layihələrin təşəbbüskarı və bütün çətinliklərə baxmayaraq, həyata keçirən bir ölkədir. Azərbaycan Avropa təşkilatlarında olduğu kimi, Asiya təşkilatlarında da, Asiyanın bir çox ölkəsinin üzv olduğu Qoşulmama Hərəkatında da fəal iştirak edir, öz töhfələrini əsirgəmir. Bu da beynəlxalq hüququn təbliğ və tətbiqinə, sülhə, inkişafa, sosial rifaha, mədəni irsin qorunmasına, bir sözlə, istiqrara xidmət edir. Məhz bu dəyərlər üzərində qurulmuş Asiya Parlament Assambleyası ilə əməkdaşlıq Azərbaycan üçün olduqca böyük əhəmiyyət kəsb edir. Təşkilat Asiya dövlətləri qarşısında duran ümumi problemlərin həllinə çalışır və bu istiqamətdə biz hamımız əlimizdən gələni əsirgəməməliyik. Burdatoplandığımızın məqsədi qüvvələrimizi birləşdirərək regionda mövcud olan çağırışlara, problemlərə adekvat cavab vermək və əməkdaşlığı möhkəmləndirməkdir. APA-nın Sosial-mədəni məsələlər üzrə daimi komitəsinin Azərbaycanda ilk iclasının keçirilməsi bizim üçün əlamətdar hadisədir. Biz inanırıq ki, Bakıda qəbul ediləcək qərarlar, irəli sürüləcək təşəbbüslər, ideyalar ümumi evimiz olan Asiya coğrafiyasında ikili standartlara yol vermədən, bəşəri maraqlara, ortaq dəyərlərə xidmət edəcək. Azərbaycanın bu planda APA-nın işinə və ümumi evimizin inkişafına daha çox qatqıda bulunacağına inanırıq. Bizim sufi dədələrimiz deyərdi: “Dünya bizim evimizdir”. Bu evdə yanğın varsa, hamımız bir gün o yanğından əziyyət çəkəcəyik. Yanğının söndürülməsinə hər kəs səfərbər olmalıdır”. Millət vəkili qeyd edib ki, biz də bu gün Asiyanı rahatsız edən məsələlərin həllində daha çox ümumi maraqlardan, bəşəri humanizm prinsiplərindən çıxış etməliyik: “Ümidvaram, bu iclas da məhz əməkdaşlıq ruhunda keçəcəkdir. Bu istiqamətdə APA-nın rolunu gücləndirmək ümumbəşəri maraqlara xidmət edir”.

Q.Paşayeva ardınca gündəlikdəki məsələlərdən bəhs edib: “Əziz komitə üzvləri, bizi 16 önəmli qətnamə layihəsinin müzakirəsi gözləyir, onlardan 3 layihə yenidir. Bu yeni layihələr də çox vacibdir, sizlərdən həmin qətnamə layihələrinə xüsusi diqqət göstərmənizi xahiş edirəm. Türkiyə və İranın irəli sürdüyü layihə Asiyada davamlı turizm işbirliyi ilə bağlıdır. Təbii, bu, vacib məsələdir, bizim burada aparacağımız sağlam müzakirələr ümumi işin xeyrinə olacaq. Digər layihə isə APA-da Qadınlar üzrə yeni Komissiyanın yaradılması ilə əlaqədardır. Katibliyə çox təşəkkür edirəm ki, Türkiyədə keçirilmiş toplantıda Azərbaycanın irəli sürdüyü bu təklif yüksək münasibətlə qarşılanıb. Biz bununla bağlı müvafiq layihə üzərində böyük səylə çalışıb katibliyə təqdim etmişik və həmin sənədlə siz də tanış olmusunuz. Birinci vitse-prezidenti, parlamentinin spikeri qadın olan, qadınlarla iş üzrə müvafiq Dövlət Komitəsi, parlamentdə xüsusi komitə yaradaraq qadınların sosial-mədəni, o cümlədən dövlət idarəçiliyində iştirakı imkanlarının daha da genişlənməsinə nə qədər böyük önəm verdiyini əməli fəaliyyətlə göstərən ölkəmiz beynəlxalq səviyyədə də bu məsələyə hər zaman töhfə verməyə çalışır. Biz istəyirik ki, APA-ya üzv ölkələrdə uğurlu təcrübələr qarşılıqlı olaraq öyrənilsin, ən yaxşı modellər təqdir görsün və yayılsın. Sözügedən Komissiyanın yaradılmasını önəmli hesab edirik və inanırıq ki, APA-da Qadınlar üzrə komissiyanın yaranması hamımız üçün, bütün üzv ölkələr üçün çox önəmli və faydalı olacaq”.

Komitə sədri qeyd etdi ki, Azərbaycan rəsmi qaydada 2024-2025-ci illər üçün APA-nın sədrliyinə namizədliyini irəli sürüb: “Təşkilatın ümumi məqsədlərinə çatmaq üçün, Asiya dövlətləri arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi, təşkilatın rolunun artırılması üçün əlimizdən gələni əsirgəməməyə çalışacağıq. Ümid edirəm ki, bizim namizədliyimiz təşkilat üzvləri tərəfindən dəstəklənəcək və birlikdə biz daha böyük nailiyyətlər əldə edəcəyik. Bilirəm, çoxunuz ölkəmizə ilk dəfə gəlmisiniz, ancaq şübhə etmirəm ki, bu, son gəlişiniz olmayacaq, sizi Azərbaycanda yenə görəcək, yeni müzakirələr apara biləcəyik. Bakıda olduğunuz müddətdə şəhərimizin görməli yerlərini görmək, zəngin Azərbaycan mədəniyyəti ilə yaxından tanış olmaq imkanınıza görə şadam və inanıram ki,  buradan gözəl duyğularla ayrılacaqsınız. Hamınıza dəvətimizi qəbul edib gəldiyiniz üçün bir daha təşəkkürümü bildirirəm. Mən toplantımızın yüksək səviyyədə keçirilməsində əməyi olan Azərbaycan Milli Məclisinin sədri Sahibə xanım Qafarovaya, APA Baş katibi və Katibliyin bütün əməkdaşlarına dərin təşəkkürümü bildirirəm. Biz APA Katibliyi ilə çox yüksək səviyyədə əməkdaşlıq ruhunda çalışırıq və onlara dəstəkləri üçün bir daha ayrıca təşəkkürümü bildirmək istəyirəm. Komitəmizin işinə uğurlar arzu edirəm və iclasın olduqca səmərəli keçəcəyinə əminəm”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR