İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva şəhid Emil Sadıqzadənin anası ilə görüşüb - FOTOLAR

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Samux rayonundan olan Vətən müharibəsi şəhidi – “Azərbaycan Bayrağı” ordenli Emil Sadıqzadənin anası Şəlalə Əsədova ilə görüşüb.

Musavat.com xəbər verir ki, Bakıdakı “Gözəl Yaşam Mərkəzi”ndə baş tutan görüşdə şəhid anasının ürək sözləri dinlənilib, onunla ətraflı söhbət edilib, qayğıları öyrənilib.

Komitə sədri Azərbaycan dövlətinin ali rəhbərliyinin şəhid ailələrinə yüksək diqqət və qayğısından, həssas münasibətindən bəhs edərək, bu diqqət-qayğının, həssaslığın hər bir Millət vəkili, məmur, ziyalı, vətəndaş cəmiyyəti institutları təmsilçisi üçün də örnək olduğunu deyib.

Qənirə Paşayeva şəhid anaları ilə hər bir görüşün onun üçün çox doğma, əziz görüş olduğunu, bu dəfəki görüşün ikiqat anlamlı olduğunu vurğulayıb: “Biz Sizinlə 20 Yanvar – Ümumxalq Hüzn Günündə görüşürük. Qanlı Yanvardan bir qərinə keçir. 90-cı illərdə doğulan oğullar evdə-eşikdə, bağçada-məktəbdə 20 Yanvarı öyrəndi, o illərdə əliyalın olsa da, qəsbkarlara qarşı dirənən böyüklərinin həyatını, cəsarətini əxz etdi. Yeniyetmə və gənclərimiz vətənpərvərlik ruhunda böyüdü, onlara işğalçılara qarşı dirənmək əzmi, mübarizlik ruhu aşılandı. O dirəniş, o ruh, əlbəttə, boşuna getmədi. Budur, son 3 ildə Şəhidlər Xiyabanını ziyarətimiz yeni məzmun qazanıb. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qarabağın simvol şəhəri, Mədəniyyət paytaxtımız əziz Şuşanın azad olunmasını məhz Şəhidlər Xiyabanından xalqa duyurdu! Biz böyük fəxarətlə, qürur hissi ilə bir daha bildiririk ki, əziz Şuşanın işğaldan azad edilməsi, 44 günlük müharibədəki tarixi Zəfərimiz bütün dövrlərdəki şəhidlərimizin ruhunu şad edib! Ulu Tanrıya çox şükür, şəhidlərimizin qanı yerdə qalmayıb!

İşğalçı düşmən üzərində tarixi Zəfərdən sonra Qarabağda, Şərqi Zəngəzurda aparılan quruculuq işləri, erməni vandalizminin Azərbaycan quruculuq mədəniyyəti ilə əvəzlənməsi bütün vətəndaşlarımızın, bütün Dünya Azərbaycanlılarının fərəhi, qürurudur. Sizin şəhid oğlunuz məhz haqq işi uğrunda, ədalət uğrunda əlinə silah alıb, şəhadət şərbəti içib. Ruhu qarşısında baş əyirik!”

Komitə sədri şəhid anasını dinləyib, onu maraqlandıran məsələlərlə bağlı yerindəcə aidiyyatı qurumlarla telefon əlaqəsi saxlayıb, müvafiq addımlar atılıb.

Görüşdə “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB sədri Arzu Bağırova, həkim-oftolmoloq Aygül Kərimzadə, “Yanardağ Xalça Evi”nin koordinatoru Məhbubə İmanova, “SARA XATUN – Mədəni Maarifçilik” İB sədri, Pərvanə Mustafayeva, “UMAY – Türk Dünyası Qadınlarına Dəstək” İB sədri Vəsilə Abulova, Azərbaycan Beynəlxalq İşadamları Klubu”nun sədri Gülpəri Bayramova və “Etikxeber.Az” saytının baş redaktoru Kamil Həmzəoğlu iştirak edib.

Qeyd edək ki, Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.Emil Əziz oğlu Sadıqzadə (22.07.2000, Qovlarsarı, Samux – 15.10.2020, Füzuli) – 2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılıb. Sonra Xüsusi Təyinatlı Qüvvələrdə xidmətini davam etdirib.

Xüsusi Təyinatlı Qüvvələrin əsgəri olan Emil Sadıqzadə 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində kəşfiyyatçı-atıcı olaraq iştirak edib. Murovdağın, Cəbrayılın, Xocavəndin və Füzulinin azad edilməsi döyüşlərində fədakarlıqla iştirak edib, Füzuli istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.

Şəhid Emil Sadıqzadə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Şəhid hərbçimiz həmçinin “Vətən uğrunda” (15.12.2020), “Cəsur döyüşçü” (18.12.2020), “Xocavəndin azad olunmasına görə” (24.06.2021), “Kəlbəcərin azad olunmasına görə” (24.06.2021) medalları ilə təltif edilib.

RUHU ŞAD OLSUN!

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR