İnsanlara hürriyət, millətlərə istiqlal!

Qaz bazarı uğrunda Moskva - Aşqabad mübarizəsi

Pekin “Sibirin gücü-2" layihəsinə deyil, Türkmənistandan mövcud marşrutla 4-cü kəmərin  çəkilişinə üstünlük vermək qərarına gəlib

Avropanın qaz bazarından qovulan Rusiya üzünü Asiyaya çevirib. Moskvanın Çinə ixrac həcmlərini artırmaq cəhdləri hələlik ciddi bir nəticə verməyib: “Sibirin gücü-1" kəməri ilə ixrac artırılsa da, "Sibirin gücü-2" kəmərinin tikintisi üçün Çindən prinsipial razılığı hələ də əldə bilməyib. Rusiya Prezidenti Vladimir Putinin Çin rəhbəri ilə martda Moskvada baş tutan görüşündə kəmərlə bağlı ilkin razılıqlar əldə olunsa da, proses hələ də qaldığı nöqtədən tərpənməyib. "Reuters" Agentliyinin Çin hökumətindəki yüksək vəzifəli məmurlara istinadən yaydığı məlumata görə, Pekin “Sibirin gücü-2" layihəsinə deyil, Türkmənistandan mövcud marşrutla 4-cü kəmərin  - "D xətti"nin çəkilişinə üstünlük vermək qərarına gəlib.

Türkmənistan hazırda Çinin qaz tələbatının 20 faizini təmin edir. 30 milyard kubmetrlik ötürücülük gücü olan D xəttinin istismara verilməsi ilə bu pay 35 faizə qədər yüksələcək. Bu xəttin çəkilməsinin 6,7 milyard dollara başa gələcəyi gözlənilir. 2022-ci ildə Çin Türkmənistandan 10,3 milyard dollar dəyərində 35 milyard kubmetr qaz alıb. Rusiyadan isə 16 milyard kubmetrə yaxın qaza 4 milyard dollar ödəyib. Türkmən qazı Rusiya qazından 33 faiz baha başa gəlsə də, Pekin üstünlüyü birinciyə verir.

Bu ilin birinci yarısında da Türkmənistan Çinin əsas boru qazı tədarükçüsü olub: 5,06 milyard dollarlıq satış edib. Rusiya isə bu dövrdə Çinə 3,4 milyard dollarlıq boru qazı ixrac edib. Qazaxıstan 448,7 milyon dollarlıq, Özbəkistan isə 203,9 milyon dollarlıq qaz satıb.

Rusiya ötən ilin noyabrından Özbəkistan və Qazaxıstanı yeni qaz ittifaqına çəkməyə çalışır. Hətta Putin səviyyəsində belə ittifaq çərçivəsində əməkdaşlığın hər 3 tərəf üçün səmərəli olmasına dair fikirlər səsləndirilsə də, nə Qazaxıstan, nə də Özbəkistan Moskvanın təklifinə isti münasibət sərgiləməyib. Yanvar və mart aylarında “Qazprom” şirkəti hər iki ölkənin qaz şirkətləri ilə əməkdaşlıqla bağlı yol xəritəsi imzalayıb. Lakin Özbəkistanda bu addım o qədər kəskin ictimai narazılıq doğurub ki, hökumət dərhal sənədin yalnız Rusiya qazının ölkə ərazisindən tranzitini nəzərdə tutduğuna dair açıqlama verməli olub.

Söhbət Rusiya, Qazaxıstan və Özbəkistan ərazisindən keçən “Orta Asiya-Mərkəz” qaz kəməri ilə tranzitdən gedir. Daşkənd həmin kəmərin öz ərazisindən keçən hissəsinin qaz nəqli üçün yararlı olub-olmadığının araşdırılmasına razılıq verib. İyun ayında isə Özbəkistan Rusiyadan illik 2,8 milyard kubmetr qaz alışına dair müqavilə imzalayıb.

İki gün əvvəl Rusiya Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq Departamentinin direktoru Dmitri Biriçevski "RİA Novosti"yə müsahibəsində bildirib ki, üçlü qaz ittifaqının genişlənməsi istisna olunmur: “Bu ittifaqa digər ölkələr də maraq göstərir. Biz belə əməkdaşlığa açığıq, bu baxımdan ki, bütün tərəflər üçün səmərəli olsun”.

Rusiyalı diplomatın bu açıqlaması Türkmənistandan kəskin etirazla qarşılanıb. “Türkmənqaz” Dövlət Konserninin sədr müavini Murad Arçayev Rusiya Federasiyasının Qazaxıstan və Özbəkistanla qaz ittifaqının genişləndirilməsinə icazə verən bəyanatından ciddi narahat olduqlarını dilə gətirib: “Cənab Biriçevskinin bəyanatı ən azı bir neçə sual doğurur. Söhbət hansı "genişlənmə imkanlarından", hansı “digər dövlətlər”in buna maraq göstərməsindən gedir və qaz sahəsində “üçtərəfli əməkdaşlıq”ın arxasında, prinsipcə, nə dayanır? Rus diplomatın istifadə etdiyi dil bu suallara cavab vermir".

O xatırladıb ki, Türkmənistan, Qazaxıstan, Özbəkistan və Çin uzun müddətdir ki, təbii qazın Orta Asiyadan Çin Xalq Respublikasına nəqli üzrə “açıq razılaşdırılmış həcmlər, şərtlər, iqtisadi və texniki parametrlərlə” əməkdaşlıq edirlər: “Həmin anlaşmaya görə, boru kəmərini doldurmaq üçün başqa ölkələrdən qaz mənbələri təmin edilmir və Çinə verilən qaz həcmlərinin bölüşdürülməsi üçün mövcud sxem Türkmənistan-Çin qaz kəməri layihəsinin iştirakçılarının siyahısını genişləndirmək planlarını nəzərdə tutmur.

Mövcud infrastrukturdan istifadə etməklə, razılaşdırılmış və rəsmiləşdirilmiş qaz tədarükü həcmlərində və sxemlərində hər hansı dəyişiklik istisnasız olaraq bütün iştirakçılar tərəfindən əvvəlcədən razılaşdırılmalıdır. Bu arada, Türkmənistanla bu məsələ ilə bağlı heç bir məsləhətləşmələr aparılmayıb. Bu cür yanaşma Türkmənistan tərəfi üçün anlaşılmaz və qəbuledilməzdir və ölkəmiz tərəfindən beynəlxalq hüquq normalarına və qaz sahəsində təcrübəyə zidd hesab olunur".

PROQNOZ: Avropa qaz uğrunda daxili mübarizə ilə üzləşəcək

Maraqlıdır ki, avqust atında Türkmənistan prezidentinin təşəbbüsü ilə Aşqabadda Asiyanın 3 dövlətinin rəhbərləri bir araya gəlib. İlk dəfə olaraq Özbəkistan, Tacikistan və Türkmənistan dövlət başçıları görüşərək, qarşılıqlı əməkdaşlığı müzakirə ediblər. Görüşdən sonra mətbuata açıqlama verən Türkmənistanın xarici işlər naziri Rəşid Meredov bildirib ki, ölkəsi Özbəkistan və Tacikistana qaz sahəsində strateji əməkdaşlıq təklif edib: “Türkmənistan nəhəng qaz ehtiyatlarına malikdir. Qaz ixracının diversifikasiya olunması, bu zaman istehsalçı, tranzit və istehlakçı ölkələrin maraqları arasında balansın qorunması bizim üçün beynəlxalq enerji layihələrinin icrası prosesində baza prinsiplərini təşkil edir. Məhz bu prinsipdən çıxış edərək türkmən tərəfi Türkmənistan, Özbəkistan və Tacikistan arasında qaz sahəsində strateji tərəfdaşlığın qurulmasını təklif edib”.

Meredov həmçinin qeyd edib ki, artıq ölkəsi ilə digər iki ölkə arasında elektrik enerjisi sahəsində uğurlu tərəfdaşlığın əsası qoyulub: “Bu gün bizim qarşımızda bu vacib sektorda qarşılıqlı faydalı əməkdaşlıq istiqamətində yeni imkanlar açılır və biz qaz sahəsində də əməkdaşlığa da mühüm əhəmiyyət veririk”.

Qeyd edək ki, türkmən qazını Çinə “Asiya-Çin” adlı kəmərlər şəbəkəsi çatdırır. Ötürücülük gücü 55 milyard kubmetr olan kəmərin 40 milyard kubmetrini Türkmənistan, qalanını Qazaxıstan və Özbəkistan təmin etməlidir. Lakin son illərdə yalnız Türkmənistan nəql öhdəliklərinə əməl edə bilir, qalan iki ölkədə qaza tələbat artdığına görə zəruri həcmləri təmin edə bilmirlər. Qış vaxtı istehlakın pik həddə çatdığı müddətdə Özbəkistanda gündəlik 20 milyon kubmetr əlavə qaza ehtiyac yaranır. Ötən qış - dekabr-yanvar aylarında kəskin soyuqlar olan hökumət qaz ixracını tamamilə dayandırdı, Türkmənistanla 3 ayda 1,5 milyard kubmetr qazın alışına dair müqavilə imzaladı.

2022-ci ildə Qazaxıstanda 53,3 milyard kubmetr qaz hasil edilib. Bunun 27,8 milyard kubmetri əmtəəlik olub. Əmtəəlik qaz istehsalı 6 faiz azalıb. İl ərzində ölkə 4,6 milyard kubmetr qaz ixrac edib ki, bu da proqnozun 85 faizi deməkdir. Bu azalma daxildə qaza tələbin sürətlə artmasından qaynaqlanır.

Rusiya belə görünür ki, məhz Qazaxıstan və Özbəkistandan kəmərə təmin olunmayan həcmlərə gözünü dikib. Moskva Qazaxıstan və Özbəkistana öz qazını satmaq, həmin ölkələrin boşalan həcmlərinin isə kəmərə yönəldilməsini təmin etmək istəyir. Artıq Özbəkistanla illik 2,5 milyard kubmetr qazın ticarətinə dair müzavilə imzalanıb və bu ilin payızında ilk həcmlərin nəqlinə nail olunması nəzərdə tutulur. Oktyabr ayında “Orta Asiya-Mərkəz” xətti ilə Rusiyadan Özbəkistana gündəlik 9 milyon kubmetr qazın nəqlinə başlanacağı gözlənilir.

“D xətti”nin resurs bazası dünyada böyüklüyünə görə ikinci yerdə olan “Qalkınış” yatağı olacaq. Çin bu yatağın işlənməsində iştirak edir, bu istiqamətdə 4 milyard dollar investisiya yatırıb. Nəzərə alsaq ki, Türkmənistan Avropaya da məhz bu yataqdan hasil olunan qazı çatdırmaq niyyətindədir, onda Çinin "Sibirin gücü 2" deyil, "D xətti"ni seçməsinin səbəbi aydın olur. Pekin öz investisiyaları ilə hasil edilən qazın Avropaya satılmasını istəmir.

Almaniyada qaz böhranı getdikcə dərinləşir

Yeri gəlmişkən, Aşqabad Xəzər dənizindən keçərək Azərbaycan üzərindən Avropaya çatmalı olan Transxəzər qaz kəməri layihəsinin reallaşması istiqamətində fəaliyyətlərini xeyli aktivləşdirib. Belə ki, Türkmənistan 2015-ci ildə “Qalkınış” və “Dovlətabad” qaz yataqlarını Xəzər sahili ilə birləşdirən “Şərq-Qərb” qaz kəmərini istifadəyə verib. 2,5 milyard dollara başa gələn kəmərin illik ötürücülük gücü 30 milyard kubmetrdir.

2023-cü ilin sonlarında Sərdar Berdumuhemmedovun Brüsselə rəsmi səfəri nəzərdə tutulur. Ölkənin Avropa İttifaqındakı səfiri Sapar Palvanovun dediyinə görə, səfər zamanı Türkmənistan prezidenti Avropa İttifaqı ilə Transxəzər qaz kəmərinin çəkilişi məsələsini müzakirə edəcək.

Enerji məsələləri üzrə ekspert İlham Şabanın dediyinə görə, Rusiyanın daha çox qaz satmağa çalışması bir növ təbiidir: “Qərb bazarını itirir və hasil olunan qazı satmağa bazar tapmaq lazımdır. Bu ölkədə yaxşı bilirlər ki, yaxın və ortamüddətli dövrdə Qazaxıstan və Özbəkistana 8-9 milyard kubmetr qaz sata bilər. Ümumiyyətlə, Asiyadakı Çindənkənar ölkələrə 20 milyard kubmetr civarında qaz satmaq potensialı var. Bu bazarda onun yeganə rəqibi Türkmənistandır. Rusiya çalışır ki, Türkmənistanın Çin və Orta Asiyaya qaz nəqli artmasın, xüsusilə də Avropaya qaz satışı baş tutmasın. Moskva Türkmənistanın yönünü Əfqanıstan və Pakistana yönəltməyi hədəfləyir. Özü isə təxminən 80 milyard kubmetr Çinə, 20 milyard kubmetr Orta Asiyaya, daha 15 milyard kubmetr isə cənuba qaz satmağı hədəfləyir”.

Ekspertə görə, Aşqabadın prosesə qıcıqlı reaksiyası, sadəcə, özü üçün səmərəli şərtlər əldə etmək cəhdidir: “Türkmənistan ciddi şəkildə Rusiyaya qarşı getmək niyyətində deyil. Sadəcə, çalışır ki, Rusiyadan özü üçün hansısa güzəştlər qoparsın”.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR