Onlayn ictimai-siyasi qəzet
Ötən həftələrdə ölkə ərazisinə, o cümlədən Bakıya yağan qar yollarda nəqliyyat vasitələrinin hərəkətinə bəzi problemlər yaratdı. Nəticədə bir sıra qəzalar qaçılmaz oldu. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, Bakıda qarlı hava şəraiti ilə əlaqədər indiyə qədər 45 qəza baş verib. Yolların buz bağlaması nəticəsində 61 texniki nasaz avtomobil yolda qalıb.
Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA)bildirilib ki, qarlı havaya görə 1500-ə yaxın avtomobilə 1 mln. manatadək ziyan dəyib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məlumatına görə, qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar Bakı şəhəri və ətraf ərazilərdə fəaliyyət göstərən 40-dan çox avtobus əsasən fərdi nəqliyyat vasitələrinin iştirakı ilə baş verən qəzalar nəticəsində zədələnib.
Bölgələrdə də qəzalar qaçılmaz olub. Məsələn, Xaçmaz rayonunda 3 qəza baş verib, 3 avtomobilə maddi ziyan dəyib. Quba rayonunda qeydə alınan 8 qəzada 2 avtomobilə maddi ziyan dəyib. Qusar rayonunda 16 qəza baş verib, nəticədə 30 avtomobil zərər görüb.
Qəzaların baş vermə səbəblərindən biri də odur ki, sürücülər uzun müddətdir şaxtalı havada avtomobil idarə etmirlər. Yolların buz bağlaması, eyni zamanda avtomobillərdə olan bəzi problemlər, qış təkərlərinin dəyişdirilməməsi və.s kimi təsirlər öz sözünü deyir.
İndi avtomobil sürücülərinin üz tutduğu məkan dəmirçi və rəngsaz sexləridir. Onlar buzlu və qarlı havada zədələnən maşınlarını təmir etdirirlər. Onlar bunun üçün əllərini ciblərinə salıb xeyli pul xərcləməli olublar.
TV Musavatın əməkdaşı maşın təmiri ilə məşğul mərkəzə baş çəkib və dəmirçi və rəngsazlarla söhbətləşib. Onlar bildiriblər ki, avtomobillərə deyən ziyana görə , maşın sürücüləri 500-600 və daha çox məbləğdə pul xərcləyirlər.
“Hər markadan avtomobil qəza keçirib. İndi onların təmiri ilə məşğuluq. Əsas güc dəmirçilərə düşüb. Elə maşın var ki, ön hissəsi yoxdur. Xərclər avtomobillərin zərərgörmə dərəcələrindən asılıdır”.
Ustalar bildirir ki, elə maşınlar da var ki, şaxtalı havada qəza keçirməsə də yenə də zərər görüb, hazırda onların da təmiri aparılır.
Avtomobil sürücüləri isə deyir ki, qış təkərlərindən istifadə etsələr də bəzən qəzalar qaçılmaz olub.
Şahanə Rəhimli
Musavat.com
04 Mart 2025
03 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ