İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarın yağması virus infeksiyalarını azaldacaq? – Professor AÇIQLADI  

“Qar virus infeksiyasının patogenlik və mutatik fəallığının süstləşməsi, reqressiv dönəmə qayıdışını şərtləndirən əsas  təbiət hadisəsidir. Tədqiqatlar virusların yüksək patogenlik və yoluxuculuq əmsalını saxlanmasının həlledici şərtinin ətraf temperaturun -10 dərəcədən +10 dərəcə intervalında olduğunu təsdiq edir. -20 dərəcədən aşağı temperaturda isə viral fəallıqda kəskin süstlük və respirator infeksiyaların statistik olaraq yüksək faiz nisbətində azalması da öz təsdiqini tapıb”.

Musavat.com xəbər verir ki, bu fikirləri ATU-nun Farmakologiya kafedrasının müdiri, professor Musa Qəniyev bildirib.

 O əlavə edib ki, virusların aktivlik fəallığını xarakterizə edən bu temperatur intervalı ekvatordan şimal qütbünə qədər olan məsafənin son 1/3 bölümündə olan yaşayış massivi və ölkə əraziləri üçün xarakterikdir: “Ekvatora yaxın və ilk 2/3 məsafədə olan ərazilərdə (o cümlədən, ölkəmizdə) viruslarda susqunluq və nisbi inaktivlik, zaman və məlum məkan fərqliliyinə görə,  -1  dərəcədən -5 dərəcə temperatur intervalında baş verməlidir və baş verir. Odur ki, qarla müşahidə olunan temperaturun hazırkı enişi, istər viral, istərsə də yuxarı tənəffüs yolu infeksiyaların xüsusən uşaqlar arasında kəskin azalmasına səbəb olacaq”.

  Professor əlavə edib ki, qarla müşahidə olunan məlum temperatur fərqliliyi ətraf mühitin havasında nisbi quruluğa səbəb olmaqla, aerozol şəkilli rütubətin əmələ gəlməsinin qarşısını aldığından hava-damcı infeksiyalarına yoluxma riskini də kəskin şəkildə aşağı salmalıdır: “Qarla müşahidə olunan soyuq hava şəraitində həm də insanlar evdə- ailə mühitində qalmağı üstün tutduğundan, ictimai yerlərə toplaşmaq və yaxın kontakt minimuma enir ki, bu da viral infeksiyalara yoluxma riskini kəskin dərəcədə azaldır. Virus infeksiyalarına yoluxma prodromal dövrünün sonu, xüsusən aktiv klinik əlamətlərin sürətli olduğu müddətdə (əsasən, 3-5 gün) baş verdiyindən, məlum qarlı hava şəraiti bu müddətə davam edərsə, ekvatordan söylədiyim məsafə fərqliliyi olan yerlərdə hətta epidemik vəziyyətdə olan viral infeksiyaların sporodikləşməsi belə mümkündür. Odur ki, nə qədər çətinliklər gətirsə də, ölkəmizin bütün ərazilərinin hazırda qalın qar örtüyünə bürünməsini, təbiətin xalqımıza böyük lütfü bilib, bu təbiət hadisəsinə sevinməliyik”.

 

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR