İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağı unutmadıq, “Qarabağı unudun” deyənləri isə, deyəsən, unutmuşuq

Prezident İlham Əliyevin bu ilin yanvar ayının 10-da yerli televiziya kanallarına verdiyi müsahibədə üzərinə vurğu salınası fikirlər çoxdur, amma ikisini xüsusi diqqətə almaq lazımdır.

Bunlardan biri Prezidentin Xocalı şəhidlərinin qanının yerdə qalmaması ilə bağlı dedikləridir. Həmin fikir belədir: “Xocalıda bayrağı qaldırandan sonra biz tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Xankəndidə isə bayrağın qaldırılması ədalətin tam bərpası və Zəfərimizin son nöqtəsi idi”.

Gerçəkdən də Xocalı faciəsi Ermənistan-Azərbaycan münaqişəsinin pik nöqtəsi, müharibənin əsas başlanğıc məqamıdır. O vaxta qədər Kremlin və ya başqa bir qüdrətli paytaxtın araçılığı ilə bəlkə də Ermənistan və Azərbaycan arasında hansısa barışıqdan, sülhdən, qarşılıqlı güzəştlərdən söhbət gedə bilərdi, ancaq ermənilər sovet-rus hərbçilərinin köməyi ilə Xocalıda mülki əhaliyə qarşı kütləvi qətl və zorakı deportasiya ilə müşayiət olunan soyqırım aktı həyata keçirdikdən sonra bütün körpülər yandı.

Məhz ondan sonra Ermənistan-Azərbaycan müharibəsi daha amansız, daha qanlı xarakter aldı. Yüz minlərlə soydaşımız bir günün içində anladı ki, qarşısındakı əsrlər boyunca bu torpaqları istila edən qəsbkarların - qərbdən gəlib şərqə yürüyən isgəndərlərin, şərqdən gəlib qərbun üzərinə ordu yeridən çingizxanların, cənubdan şimala irəliləyən nadirşahların, şimaldan cənuba yürüş edən paskeviçlərin heç birinə bənzəmir, bunlar irz-namus və qan düşmənləridir.

Budur, aradan 32 il keçib, biz dövlət və millət olaraq qəvi düşmən üzərində tam və qəti qələbə qazanmışıq, amma hələ də Xocalı faciəsini unutmamışıq. Bu gün üçrəngli bayrağımız Xocalıda dalğalanır, Xocalı qatillərinin bir qismi 2016-cı ildə (“Aprel döyüşləri”), bir hissəsi 2020-də, bəziləri də 2023-cü ilin sentyabrında məhv edilib, Robert Koçaryan və Serj Sarkisyan istisna olmaqla əli xalqımızın qanına batmış erməni “lider”lər yaxalanaraq Bakıya gətirilib və onların üzərində ibrəti-aləm səciyyəli məhkəmə keçiriləcək, amma yenə də içimizdə bir Xocalı ağrısı var və o ağrı bizi heç vaxt tərk etməyəcək. Məhz o ağrı bizi həmişə sərvaxt saxlayacaq ki, yazıq günə düşmüş, özünü məzlumanə aparan düşmənin şirin dilinə növbəti dəfə aldanmayaq, sıyılmayaq, lazım olduğundan artıq güzəştə getməyək, mərhəmətimizin həddini bilək.

Xankəndidə ucalan bayraq isə ədalətin bərpası olmaqla yanaşı, külli Qarabağın əsl sahibinin kim olmasının simvolu olaraq qalmalıdır.

Prezident İlham Əliyevin dilə gətirdiyi daha bir mühüm fikir xalqımızın bütün təbəqələrinin öz işi ilə Qələbəni yaxınlaşdırması barədədir. Həmin sözlər tam olaraq belədir: “Qələbəyə hazırlıq ümummilli bir məsələyə, ümummilli hərəkata çevrildi və 30 il ərzində bir çox beynəlxalq tərəfdaşlarımızın səylərinə baxmayaraq, bu mövzu unudulmadı”.

Bəli, Bişkekdə atəşkəs sazişi imzalanandan, Ermənistan və Azərbaycan hərbi qüvvələri arasında fəal əməliyyatlara, manevrlərə son qoyulan gündən ta 2020-ci ilin sentyabr ayının 27-nə qədər elə bir gün olmadı ki, bu ölkənin çap mediasında, radio və televiziyasında, siyasi partiyalarında, ictimai təşkilatlarında, müxtəlif auditoriyalarında Qarabağ söhbəti getməsin. Qarabağ adı mədəniyyət və incəsənət xadimlərimizim dilindən düşmürdü. Məktəblərdə hər gün Qarabağdan danışılırdı.

Hətta hər dəfə Qarabağa dair keçirilən beynəlxalq miqyaslı hansısa səmərəsiz danışıqlardan sonra müəyyən süstlük, səssizlik yarananda, Qarabağ söhbətləri bir az səngiyəndə Qarabağ Azadlıq Təşkilatının üzvləri nəsə bir aksiya keçirir, ictimai diqqəti Qarabağ məsələsinə yönəldirdilər. Onların Qarabağa, ermənilərlə təmas xəttinə doğru təşkil etdikləri yürüşlərin qarşısı alınırdı, bəzən onlara ağız büzənlər də olurdu, amma onlar məqsədlərinə çatır, sonrakı günlərdə Qarabağ dərdimiz müxtəlif ictimai-siyasi kuluarlarda müzakirə mövzusuna çevrilirdi.

2000-ci illərin əvvəlində elə süst günlərdə o dövrün gənc deputatlarından biri olan mərhum Anar Məmmədxanovun başlatdığı “Qarabağı unutma” kampaniyası, yəqin çoxlarının yadında olar. O da əhəmiyyətli addım idi və o dönəmin aparıcı siyasi partiyalarının liderlərinin marağına, diqqətinə səbəb olmuşdu.

Bu, elə bir dövr idi ki, bir sıra qüdrətli dövlətlər, əsasən də ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, Rusiya və Fransa Ermənistan və Azərbaycan arasında “xalq diplomatiyası” deyilən uydurma və zərərli bir kampaniyaya start vermişdilər. Məqsəd iki düşmən ölkə arasında əvvəlcə jurnalistlərin, sonra ziyalıların gediş-gəlişini bərpa etmək idi. Bu istiqamətdə bir neçə əməli işlər də görülmüşdü. Daha sonrakı etapda hər iki ölkənin iqtidar komandasının təmsilçiləri ilə paralel olaraq müxalifətçilərin də intensiv görüşlərinin təşkil olunması nəzərdə tutulurdu. Son məqsəd o zamankı status-kvonun dondurulmuş halda qorunub saxlanması və Qarabağın unutdurulmasıydı.

Beynəlxalq güclər israrla xalqımıza, hökumət və müxalifətə təlqin etmək istəyirdilər ki, Qarabağ problemi artıq həll olunub, Ermənistan münaqişədə qalib gəlib, Azərbaycan məğlub olub, yeni status-kvo formalaşıb, indi tərəflər düşmənçiliyə son qoymalı, bir-birinə güzəştə getməli və barışmalıdır.

Azərbaycanın güzəşti o olacaqdı ki, itirdiyi Qarabağa, o cümlədən Laçın, Şuşa və Kəlbəcərə iddia etməyəcək, bu rayonları Ermənistana verəcəkdi, Ermənistanın güzəşti isə Ağdam, Füzuli, Cəbrayıl və Qubadlının böyük hissəsini Azərbaycana qaytarmaqdan (təbii ki, bəzi strateji yüksəklikləri və kəndləri yenə öz əlində saxlamaq şərtilə) ibarət olmalıydı.

Təbii ki, Azərbaycanın nə iqtidarı, nə müxalifəti, nə də xalqı bu güzəştləri yaxın qoymurdu. Ən qəribəsi o idi ki, ermənilər də yekdil şəkildə bu güzəştlərə qarşıydı, oturub-durub deyirdilər ki, biz o torpaqları qanla almışıq, yalnız qanla verərik.

Axırda onlar deyən oldu, torpaqlarımız uğrunda yenə qan töküldü, amma bu dəfə onların qanı daha çox axdı.

Bir sözlə, əlverişsiz beynəlxalq şəraitə, arxalı düşmənin havadarlarının təzyiqinə, təhdidlərinə baxmayaraq, biz Qarabağı unutmadıq. Xaricdə, eləcə də öz içimizdə olan,xarici yala yalmanaraq tez-tez “Qarabağı unudun, getsin” deyənləri isə, deyəsən, unutmuşuq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR