Onlayn ictimai-siyasi qəzet
Torpaqlarımızdan çıxmağa məcbur olan dəstələrə İranın sahiblənməsi təsadüfi deyil
Azərbaycan Ordusunun Qarabağ bölgəsində həyata keçirdiyi antiterror tədbirlərindən sonra bölgədən qaçan qanunsuz erməni silahlılarının bir qisminin Təbrizə aparıldığı bildirilir. Bu barədə “Türkiyə” qəzeti məlumat yayıb. Bildirilib ki, 60 erməni silahlısı SEPAH-ın Təbriz ətrafında yerləşən Xasavan kəndi yaxınlığındakı “Əl-Zəhra” kazarmasına köçürülüb.
İHA, SİHA, tank, raket, sızma, təxribat və s. daxil olmaqla, çoxşaxəli hərbi təlimlər keçəcək terrorçuların sayının 1000 nəfərədək artırılacağı qeyd edilir. Təlimlərin başa çatması və terrorçuların hazırlanmasından sonra SEPAH-ın onların Zəngəzur bölgəsinə yerləşdirilməsini planlaşdırdığı qeyd edilir.
Yada salaq ki, bu ilin martında elə “Türkiyə” qəzeti Rusiya sülhməramlılarının nəzarəti altında olan Qarabağ bölgəsinə İranın terrorçu qruplaşma üzvlərini yerləşdirmək planı barədə sensasion məqalə ilə çıxış etmişdi. Qəzet yazırdı ki, Tehranın gündəliyinə İran İnqilabı Keşikçiləri və şiə silahlılarından ibarət 4 min nəfərlik qüvvənin 2023-cü ilin mayına qədər Qarabağa köçürülməsi daxildir. Azərbaycan bu məsələyə xüsusi diqqət yetirdikdən sonra məlum oldu ki, Qarabağda 14 nəfərlik iranlı diversiya qrupu daxil olub və onların posportları da mediaya sızmışdı. İndi belə görünür ki, əslində razılaşma əsasında Qarabağdan çıxmağa məcbur olan terrorçulara İranın sahiblənməsi təsadüfi deyil.
Niyaməddin Orduxanlı
BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı bu məlumatların həqiqətləri əks etdirdiyini söylədi: “İran terror dövlətidir. Heç bir şübhə yoxdur ki, Qarabağdan qaçan terrorçuları, separatçıları İran molla rejimi himayə edir, dəstəkləyir. İran 30 ildir Qarabağda yaşayan separatçılara və Ermənistana bütün gücü ilə enerji, qaz, neft, hərbi texnika, sursat, siyasi və diplomatik dəstək verir. İranın bu dəstəyinin əsasında müstəqil Azərbaycan dövlətinə olan nifrət dayanır. Onun müstəqilliyini qəbul etmir. Çünki İran qorxur ki, Şimali Azərbaycan suverenliyini tam bərpa edəndən sonra parçalanmış Bütöv Azərbaycanın birləşməsi ideyası gündəmə gələ bilər. Çox da uzaq tarixdə Azərbaycanı ruslarla farslar iki hissəyə bölməyiblər? 40 milyondan artıq Azərbaycan türkləri İranda yaşayır. Türkiyə mediasında Qarabağdan qaçan terrorçuların İranda yerləşməsi xəbəri həqiqəti əks etdirir. 1000 nəfərlə nəyə nail olacaqlar? Ermənistanın minlərlə terrorçusunu məhv etmişik, onurğasını qırmışıq. Tehran Ermənistanın bu vəziyyətə düşməsindən çox ciddi narahatlıq keçirir. Bunun üçün Azərbaycana təzyiq yolunu davam etdirir. Bəzən məqsədli şəkildə saxta məlumatlar da yayır. Ancaq Azərbaycan o qədər güclü və qüdrətlidir ki, İranın hansı dəstək verməyindən asılı olmayaraq, öz ərazimizə nəzarət daha da möhkəmlənəcək. Ermənistan bundan sonra yalnız Azərbaycanla sülh sazişinin baş tutması haqqında düşünməlidir və bilməlidirlər ki, İran öz məqsədləri üçün ermənilərdən istifadə edir. Ermənilər ziyalıları düşünməli və gələcək nəsillərini qorumaq üçün xəstə təfəkkürlərindən, iddialarından geri çəkilib, sülh şəratində yaşamalıdırlar. Bunun üçün güclü Azərbaycanla normal qonşuluq siyasətinə üstünlük verməlidirlər. Əks halda, erməniləri daha böyük faciələr gözləyir...”
Səxavət Məmməd
Hərbi ekspert Səxavət Məmməd İranın Qarabağla bağlı planları barədə çox maraqlı faktlar açıqladı: “Qarabağ probleminin həll olmasını bəlkə Ermənistan və Ermənistandan da daha çox istəməyən ölkə İran idi. İran hər vasitə ilə çalışırdı ki, problem davam etsin və maraqları təmin olunsun. Müharibədən əvvəl İran Qarabağda narkotik plantasiyalar salmışdı. Bununla bağlı kifayət qədər faktlar da var. Bundan əlavə, İran sahibkarlarının Qarabağda böyük mal-qara fermaları mövcud idi. Qarabağdan İranla Ermənistan ortaq yararlanırdılar. Yeri gəlmişkən Qarabağdan İrana su xəttinin çəkilişinə də start verilmişdi. Borular hələ də ərazidə qalmaqdadır. Dolayısı ilə İran üçün Qarabağ çirkli işlərin görülməsi üçün də vacib idi.
Amma müharibədən sonra yeni reallıqlar yarandı. İran anladı ki, Azərbaycan 44 günlük müharibə zamanı işğaldan azad edə bilmədiyi əraziləri də azad edəcək. Ona görə də separatçı rejimə ciddi dəstəyə start verdi. Hər gün İrandan TIR-lar Xankəndinə göndərilirdi. O TIR-ların içərisində nələrin olmasını bilmirdik. Daha sonra isə İranın hərbi konstrukturlarının Qarabağdakı separatçı rejimin ordusuna hərbi təlimlər keçməsi barədə informasiyalar yayıldı. Bu informasiyalar öz təsdiqini də tapmışdı. İranın Qarabağda terror qrupları hazırlaması ağılabatandır. İran bir neçə terror təşkilatını maliyyələşdirir. İranın iddia edilən fəaliyyətlə məşğul olması təəccübül olmamalıdır.
İran hər nə qədər proseslərə daxil olmağa çalışsa da, bundan sonra istəsə də, o tip addım ata bilməz. Ermənistanda ABŞ-ın hərbi təlimlərdən sonra bəzi hərbçiləri geri qayıtmayıb. Bundan əlavə, İranın özünün Ermənistanın cənubunda konsulluğu açılıb. Yaxın zamanda Ermənistanın cənubunda Fransanın və bir neçə ölkənin konsulluq açacağı gözlənilir. Belə bir şəraitdə İranın Zəngəzur dəhlizindən keçən istiqamətdə hansısa təxribat xarakterli addımlar atacağı gözlənilmir. Çünki İran bilir ki, regionda atacağı bir səhv addım özünə ciddi problem yaradacaq. Bundan əlavə, Azərbaycan bütün sərhədlərini tam şəkildə bərpa edib. Bundan sonra kənardan Azərbaycana qarşı hansısa müdaxilə mümkün görünmür. Bu, müharibə anlamına gələcək. Hesab edirəm ki, İran həm də Azərbaycanın tərəfdaşlarından çəkinərək, Azərbaycana qarşı neqativ addımlar atmayacaq. İran, sadəcə olaraq, Azərbaycana qarşı siyasi təzyiqlər etməyə davam edəcək. Çünki Zəngəzur dəhlizi İranın ciddi maliyyə itkisinə və narkotik trafikinin dayanmasına gətirib çıxaracaq".
Cavanşir ABBASLI
“Yeni Müsavat”
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ