İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağdan doğan Günəş – Xurşidbanu Natəvan” kitabının Daşkənddə imza mərasimi keçirilib

Qənirə Paşayevanın həmmüəllifi olduğu “Qarabağdan doğan Günəş – Xurşidbanu Natəvan” kitabının Daşkənddə imza mərasimi keçirilib.

Musavat.com xəbər verir ki, qardaş Özbəkistanın paytaxtı Daşkənd şəhərində yerləşən Mirzə Uluqbəy adına Milli Universitetdə “Qarabağdan doğan Günəş – Xurşidbanu Natəvan” (“Qorabog‘da porlagan Quyosh: Xurshıdbonu Notavon”) kitabının imza mərasimi keçirilib. Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva bu il Natəvanın anadan olmasının 190 illiyinin qeyd olunduğunu diqqətə çatdıraraq, Dos.Dr. Faiq Ələkbərli ilə birgə yazmış olduğu kitabın məziyyətlərindən danışıb.


Şuşa şəhəri başda olmaqla, Qarabağın təkcə Azərbaycana deyil, bütövlükdə Türk dünyasına görkəmli şəxsiyyətlər bəxş etdiyini söyləyən Komitə sədri, bu kitabın özbəkcəyə uyğunlaşdırılmasını və ilk təqdimatının da Özbəkistanın ən böyük universitetində baş tutmasını çox yerində olan hadisə kimi qiymətləndirib, təşkilatçılara minnətdarlığını yetirib.

Komitə sədri vurğulayıb ki, F.Ələkbərli ilə birgə yazmış olduğu kitabın özbəkcə nəşri və dost, qardaş Özbəkistanın ən böyük universitetində təqdimatı görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın yaradıcılığına verilən dəyərin ifadəsi olub, Natəvanın bir xanım yazar, tarixi şəxsiyyət kimi ucalığını göstərir.

Q.Paşayeva diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə şanlı Azərbaycan Ordusunun 44 günlük müharibədə qazandığı böyük qələbə sayəsində indi Şuşa ilə, Qarabağla bağlı tədbirlərimizi ürək açıqlığı ilə, qürurla, sevinclə keçiririk. –
“Şuşanın, Qarabağın hər guşəsi bizim üçün dəyərli olduğu kimi mədəniyyət, sənət xadimlərinin irsi də bizim üçün dəyərlidir”.
Komitə sədri əziz Şuşanın Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu illərdə məruz qaldığı saysız-hesabsız vandallıqlara, mədəni irsə qarşı törədilmiş qəbuledilməz aktlara toxunub, Natəvanın abidəsi də daxil olmaqla, cansız abidələrin belə güllələndiyini bildirib. – “Əgər qərinələr öncə Şuşada Xurşidbanu Natəvan kimi onlarla mədəniyyət, sənət xadimi, tarixi şəxsiyyət yetişibsə, bu, Şuşadakı mədəni mühiti, Şuşada, ümumən Azərbaycanda qadına bəslənən münasibəti ifadə edir. Bu həm də Şuşanın, Qarabağın kimə, hansı mədəniyyət iqliminə malik olduğunu dəqiq təsdiq edən faktorlardan biridir. Biz böyük qürur hissi keçiririk ki, hələ 1918-ci ildə Yaxın Şərqdə ilk, ümumən dünyada ilklərdən biri olaraq qadına seçmək, seçilmək hüququ verən Cümhuriyyətin Azərbaycanda qurulması heç də təsadüfi olmayıb, bunun köklü tarixi, mədəni əsasları olub”.

Qənirə Paşayeva sözünə davam edərək, bir gün öncə, həmmüəllifi olduğu başqa klitabın – “İtirdiyim xoşbəxtlik” adlı Qarabağ hekayələri toplusunun da imza mərasimi keçirildiyini xatırladıb, özbək oxucularının Şuşa, Qarabağ, ümumən Azərbaycanla bağlı, mədəni irsimizlə, həqiqətlərimizlə bağlı mövzulara həssas münasibətindən çox məmnun qaldığını minnətdarlıqla bildirib.

“Ümidvarıq ki, “Qarabağdan doğan Günəş – Xurşidbanu Natəvan” qardaş Özbəkistan ədəbi ictimaiyyətinin şairənin həyat və yaradıcılığı ilə daha yaxından tanış olması, geniş bilgilənməsi baxımından faydalı olacaqdır.

Ayrıca, onu da vurğulamaq istərdim ki, qardaş Özbəkistan xalqı və dövləti bizim həqiqətlərimizə həmişə sayğılı olub, haqlı mövqeyimizi həmişə müdafiə edib. Biz 44 günlük müharibə vaxtı bunu bir daha gördük. “Qarabağdan doğan Günəş – Xurşidbanu Natəvan” kitabının təqdimat və imza mərasimində də, özbək xalqına, dövlətinə minnətdarlığımızı bildirir, ən xoş diləklərimizi yetiririk. Heç şübhə etmirəm ki, bu imza mərasimi yeni əlaqələrin, yeni əməkdaşlıqların qurulmasına da səbəb olacaq. İmza mərasiminə qatıldığınız üçün hər birinizə könül dolusu təşəkkür edirəm”. – Q.Paşayeva sözlərini tamamlayıb.

Sonra imzalanma mərasimi olub. Q.Paşayeva həmmüəlifi olduğu “Qarabağdan doğan Günəş – Xurşidbanu Natəvan” kitabını oxucular üçün imzalayıb.

Xatırladaq ki, “Qarabağdan doğan Günəş – Xurşidbanu Natəvan”ı özbəkcəyə istedadlı gənc şair-tərcüməçi, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü Şahistə Artukova (Kamranlı) uyğunlaşdırıb. Nəşrin redaktorları Fərzanə Müzəffər və Əkbər Qoşalıdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR