İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağdakı xunta rejimi silahsız qaldı, indi sıra onlarda!

 

Azərbaycan separatçı rejimin keçmiş “rəhbər”lərinin, hərbçilərin, əhaliyə qarşı vəhşiliklər etmiş canilərin təhvil verilməsini istəyir; mütəxəssislər detalları açıqladı

Qarabağdakı xunta rejiminin silahlı dəstələri cəmi 23 saat 43 dəqiqə çəkən lokal antiterror tədbirlərindən sonra təslim olmağa razılaşmaq məcburiyyətində qaldılar. Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoymağa, döyüş mövqelərindən və hərbi postlardan çıxmağa başlayacaq, tam şəkildə tərk-silah olunacaqlar.

Bununla da Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir. Bu prosesin necə aparılacağı haqda qarşıdakı günlərdə detallı bilinəcək. Böyük ehtimalla bu prosesdə əsas rol Rusiya sülhməramlılarının üzərinə düşəcək. Onlar erməni yaraqlılarını, silahlarını Laçın postunadək gətirəcək, bundan sonra onlar bir daha yoxlanılaraq Ermənistan sərhədinə rədd ediləcəklər. Ağır texnikalarının da təhvil-təslim prosesi güman ki, Ağdam istiqamətində ola bilər.

Beləliklə, xunta rejimi çox arxayın olduğu, “artsax”ın müdafiə qüvvələri deyərək, qondarma hərbi nazirlik, “təhlükəsizlik şurası”,  yaradanların silahlıları təslim oldular. Bundan sonra sıra onlardadır. Prezident İlham Əliyev hələ may ayında Laçında  xunta rejiminə xəbərdarlıq  edərək, çıxış yolu da göstərmişdi: “Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə. Ona görə yeganə yol qalıb - Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dırnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq, "parlament"i buraxmaq. Guya orada “parlament” fəaliyyət göstərir, guya orada prezident var, guya nazir var, bunlar hamısı gülməlidir. Biz, sadəcə olaraq, dözüm göstəririk. Halbuki hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Amma o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər". Belə də oldu. Antiterror tədbirləri ilə marionet rejim demontaj oldu.

Tezliklə bu qondarma rejim Azərbaycanın qanuni strukturlarına tabe olacaq. Yeri gəlmişkən, Ermənistanın “Hraparak” qəzeti yazır ki, Azərbaycan separatçı rejimin keçmiş “rəhbər”lərinin, hərbçilərin və məmurlarının təhvil verilməsini istəyir.

“Caliber”in məlumatına görə isə bu siyahıda Birinci və İkinci Qarabağ müharibələri zamanı Azərbaycan Ordusuna və dinc əhaliyə qarşı vəhşiliklər, eləcə də ağır cinayətlər törətmiş şəxslərin adlarının olduğunu ehtimal etmək olar. Meşəli qətliamını törətmiş Vaqif Xaçatryanın yaxalanması kimi, digər canilərin də mühakiməsi mümkün olacaqmı, yoxsa bu işdə bizə Rusiya tərəfi mane ola bilər?

“Azərbaycanla Ermənistan sərhədində Laçın buraxılış məntəqəsi qurulandan və onun fəaliyyətə başlamasından sonra axtarışda olan 400-ə yaxını axtarışda olan erməni əsilli şəxsin tutulub istintaqa təhvil verilməsi işləri sürətləndirilib”. Bunu baş prokuror Kamran Əliyev bildirib. Baş prokurorun sözlərinə görə, Qarabağda hərbi cinayətlər törətmiş ermənilərin bir qismi həbs edilib: “Bilirsiniz ki, ölkədaxili prosedurlara uyğun olaraq həmin cinayətləri törətmiş erməni əsilli şəxslərin bir neçəsi həbs edilib, məsuliyyətə cəlb olunub. Onların arasında artıq məhkum olunanlar da var, digərlərinin barəsində araşdırma davam edir. Ümumiyyətlə, qeyd edim ki, sərhəddə Laçın buraxılış məntəqəsi qurulandan sonra onun fəaliyyətə başlamasından sonra axtarışda olan 400-ə yaxın erməni əsilli şəxsin tutulub istintaqa təhvil verilməsi işləri sürətləndirilib. Ümid edirəm ki bu istiqamətdə də gələcəkdə daha müsbət nəticələr əldə edəcəyik. Beynəlxalq məhkəmələrə gəlincə isə bizim ölkədaxili istintaq zamanı əldə etdiyimiz sübutlar aidiyyəti qurumlar, o cümlədən Xarici İşlər Nazirliyi tərəfindən həmin beynəlxalq məhkəmələrə təqdim edilir” - deyə Kamran Əliyev bildirib.

AbzasMedia - Azad İsazadə: 'Ordunun qələbəsi cəmiyyətdə müsbət emosiya  yaradır'

Azad İsazadə

Hərbi ekspert Azad İsazadənin “Yeni Müsavat”a bildirdiyinə görə, qatillərin, canilərin mühakiməsi üçün ilkin işlər aparılmalıdır: “Əvvəlcə amnistiya elan etməliyik. Sonra hansı cinayətkarın amnistiyaya düşüb-düşmədiyini göstərməliyik. Çünki Qarabağda yaşayan erməni kişiləri müxtəlif qanunsuz addımlarda iştirak ediblər. Kimisi məcbur edilib, kimisi postda dayanıb, kimisi isə mülki şəxslərə işgəncələr verib. Ona görə də hərbi caniləri qruplara bölməliyik. Vəhşilik etmiş, qəddarlığa yol vermiş canilərin mühakimə edilməsi mümkündür. Biz siyahını dəqiqləşdirməliyik, amma bəzilərinə qarşı amnistiya elan edə bilərik. Ancaq o demək deyil ki, hər şeydən azaddırlar. Onlar bələdiyyələrdə iştirak etməməlidirlər, hansısa vəzifələr tutmamalıdırlar. Bunu da hüquqşünaslar daha dəqiq söyləyə bilərlər. Ümumilikdə beynəlxalq praktikaya baxmaq lazımdır”.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və "ağalarını" belə ələ verdi -  ƏTRAFLI, en son xeberler 2023, xeberler bu gun 2023

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Araik Arutyunyan və onun kimilər, o cümlədən qətliamlarda iştirak edənlər amnistiya oluna bilməz: “Onların cinayət işlərinə xitam verilə bilməz, qalanlarının məsələsinə baxıla bilər. Bir il əvvəl Moskvadan Xankəndinə göndərilən Ruben Vardanyan da Qarabağı nə qədər tez tərk etsə özü üçün yaxşıdır. Ümumiyyətlə, Yevlaxdakı görüşdə Xankəndidə Azərbaycan bayrağının dalğalanmasından, manatın işlənməsindən tutmuş qazın, elektrikin və internetin Azərbaycan qanunları çərçivəsində istifadəsinə qədər bütün məsələlər həll olunmalıdır. Bunlarla razılaşmayan ermənilərə Laçın yolundan ölkəmizi tərk etmək seçimi veriləcək”.

Sülhəddin Əkbər: "Azərbaycan lazım bilsə, Rusiya sülhməramlılarını  Qarabağdan çıxarar'' - BBC News Azərbaycanca

Sülhəddin Əkbər

Təhlükəsizlik sahəsi üzrə ekspert Sülhəddin Əkbər hesab edir ki, qondarma qurumun taleyinin necə olacağı qeyri-müəyyən olaraq qalır: “Bundan əlavə, təbii ki, hər zaman olduğu kimi, Rusiya, Ermənistan, Qarabağdakı rejim və onların havadarları bu atəşkəsdən sui-istifadə edib, çıxış yolları axtarmağa başlayacaqlar. Düşünürəm ki, Azərbaycan tərəfi əldə olunan razılaşmanın sona qədər, heç bir qeyd-şərtsiz yerinə yetirilməsinə nail olmalıdır. Biz yalnız Ermənistan silahlı qüvvələrinin öz ərazimizdən çıxarılması, Xankəndindəki rejimin "özünümüdafiə ordusunun" buraxılması, tərk-silah edilməsi ilə kifayətlənməməliyik. Eyni zamanda o qondarma rejimi hərbi və siyasi baxımdan utilizasiya etməliyik".

Emil SALAMOĞLU
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR