Onlayn ictimai-siyasi qəzet
Polad Mehdiyev: “Nürnberq prosesi təcrübəsindən istifadə olunmalıdır”
Postmüharibə dövründə 27 aprel 2024-cü il tarixinə qədər ümumilikdə azad edilmiş ərazilərdən ən azı 608 nəfərə aid insan qalığı müəyyən edilib.
Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının kütləvi informasiya vasitələri üçün brifinqində Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin rəis müavini - Kriminalistika şöbəsinin rəisi Orxan Rzayev deyib.
Orxan Rzayev bildirib ki, onlardan 124-ü 2022-ci ildə, 133-ü 2023-cü ildə, 48-i isə 2024-cü ildə aşkar edilib.
O qeyd edib ki, insan qalıqlarının aşkar olunması ilə bağlı bir neçə istiqamət var: “Orada bərpa işləri həyata keçirilir. Bu zaman aşkar olunan insan qalıqları ilə bağlı koordinasiyalı şəkildə yaradılmış qrup hadisə yerinə ezam olunur, insan qalıqları aşkar edilir, daha sonra şəxsiyyəti müəyyənləşdirilməsi üçün işlər həyata keçirilir. Xocalı rayonu ərazisində tikinti işləri zamanı 3 kütləvi məzarlıq aşkar edilib”.
Kütləvi məzarlıqlara baxış keçirilərkən aşkar edilmiş insan qalıqlarının mövcud vəziyyətinə əsasən onların bir-birinin üzərində, heç bir fərdiləşmə aparılmadan basdırıldığı müəyyən edilib.
Orxan Rzayev qeyd edib ki, “Hərbi əsirlərlə rəftara dair” və “Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair” 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarının və “Beynəlxalq silahlı münaqişə qurbanlarının müdafiəsinə dair” həmin konvensiyalara 08 iyun 1977-ci il tarixli 1 №-li əlavə Protokolun müddəaları kobud surətdə pozulub: “Bu barədə xüsusilə qeyd etmək istəyirəm ki, müharibə zamanı mülki şəxslərin müdafiəsi ilə bağlı 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərinə əsasən, münaqişə tərəflərinin üzərinə cəsədlərin fərdi qaydada dəfn olunması, bundan əvvəl ölümün təsdiq olunması, ölən şəxslərin şəxsiyyətinin müəyyən edilməsi və bu barədə hesabatın hazırlanması öhdəlik kimi qoyulub.
Həmin konvensiyaya əsasən münaqişə tərəfləri ölənlərin ləyaqətlə və mümkün qədər mənsub olduqları dinin tələblərinə uyğun şəkildə dəfn edilməsini, həmişə tapıla bilən olması üçün lazımi qaydada qorunmasını və nişanlanmasını təmin etməlidirlər".
Bu, özünə yas quran, qaçqın taleyindən haray salan ermənilərin Qarabağda azərbaycanlılara qarşı törətdiyi çoxsaylı bəşəri cinayətlərdən bir hissənin əyani təsdiqidir. Hazırda bu işlər dünyanın gözü qarşısında aşkara çıxarılır.
Azərbaycan bu faktlarla bağlı müvafiq beynəlxalq qurumları məlumatlandırırmı? Bu vəhşiliyə dünya qiymət verəcəkmi və bu tələbi hansı qurumlar qarşısında qaldırmalıyıq?
Fazil Mustafa: “DNK-ların müəyyən edilməsi xeyli vəsait tələb edir”
Millət vəkili Fazil Mustafa mövzunu “Yeni Müsavat” üçün şərh edərkən qeyd etdi ki, erməni cinayətlərinin aşkara çıxarılması, sübut edilməsi və günahkarların cinayət məsuliyyətinə cəlb edilməsi uzunmüddətli prosesdir: “Biz bu cür faktları dəfələrlə təklif etsək də, beynəlxalq ictimaiyyət, UNESCO və başqaları qiymətləndirmə niyyətində olmadıqlarını göstəriblər. Mədəni abidələrin dağıdılması ilə bağlı dəfələrlə müraciət etməyimizə baxmayaraq, reaksiya verilmədi. Buna görə də məyus olmamalıyıq. Ərazilərdə məskunlaşma prosesi getdikcə, araşdırma işləri də davam edir. Araşdırma nəticəsində kütləvi məzarlıqlar üzə çıxır. Bu rəqəmlər daha da artacaq, çünki bu illər ərzində çox sayda cinayət törədilib. Bu cinayətlərin izlərinin aşkara çıxarılması ilə əslində ermənilərin işğalçı siyasətini bir daha görürük. Dünya ictimaiyyətini yenə də bu məsələ üzərində düşünməyə çağırırıq. Bu baxımdan bütün məsələlər sənədləşdirilir. Faktlara görə cinayət işləri açılır. Konkret DNK-ların müəyyən edilməsi istiqamətində addımlar atılır. Məlum olduğu kimi, bu, xeyli vəsait tələb edir. Biz həlak olan vətəndaşlarımızla bağlı heç bir məqamı unutmuruq. Məsələnin necə qiymətləndiriləcəyini zaman göstərəcək. Biz özümüzə aid olanı etməliyik. Bu, uzunmüddətli prosesdir. Biz nə qədər çox erməni vəhşiliyinin sübutlarını ortaya qoya bilsək, haqlılığımız və nə qədər böyük ədalətsizliyə məruz qalmağımız bir daha dünya ictimaiyyətinin gündəminə gələ bilər”.
Polad Mehdiyev
Hüquqşünas Polad Mehdiyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, əsas məsuliyyət Ermənistan dövlətinin üzərinə düşür: “Birinci Qarabağ müharibəsindən son antiterror tədbirlərinə qədərki dövr ərzində azərbaycanlılara qarşı törədilmiş cinayətlərdə əsas səbəbkar Ermənistan dövlətidir. Məlum olduğu kimi, söhbət separatçıların, ayrı-ayrı şəxslərin cinayətlərindən də gedir, amma Ermənistan dövlətinin əsas məsuliyyət daşıdığını xüsusi vurğulamaq lazımdır. Çünki Qarabağda olan separatçı qurum Ermənistan dövləti tərəfindən yaradılmış mütəşəkkil cinayətkar qrupdur. Cinayət hüququnda bu məhz belə adlanır. Ayrı-ayrı şəxslər isə cinayətin iştirakçısı hesab olunur. Ötən dövr ərzində Ermənistan tərəfindən azərbaycanlılara qarşı beynəlxalq cinayət hüququ ilə cinayət sayılan təcavüz, genosid, eyni zamanda insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri törədilib. Bu əməlləri törətməklə Ermənistan dövləti 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərini pozub. Ermənistan assimetrik müharibə aparıb. Mülki obyektlər vurulub, əsirlər və girovlar öldürülüb, soyqırımı və terror hadisələri törədilib. Eyni zamanda Azərbaycan Cinayət Məcəlləsinin bütün fəsilləri üzrə azərbaycanlılara qarşı cinayətlər törədilib. Sülh və insanlıq, şəxsiyyət, mülkiyyət, dövlət quruluşu əleyhinə cinayətlər törədilib və s. Ermənistan bu cinayətlərə görə məsuliyyət daşımalıdır. Hesab edirəm ki, Nürnberq prosesi təcrübəsindən istifadə olunmalıdır. Bu gün ölkədə cinayətkar qrupun, separatçıların "liderlərinin" mühakimə olunması, onlara dair cinayət işinin aparılmasında istiqamət onları sadaladığım istiqamətlər üzrə mühakimə etməyə yönəlib. Daxili hüquq mexanizmləri bu istiqamətdə gedir. Eyni zamanda Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsində bu şəxslərə qarşı cinayət işi qaldırılmalıdır. Məlum olduğu kimi, Azərbaycan Ermənistana qarşı müxtəlif iddialar qaldırıb. İddialar icraatdadır. Hesab edirəm ki, cinayət işi üzrə işləməyə başlamalıyıq. Bunu başlamaq üçün sübutlar toplanmalıdır. Təbii ki, iqtisadi zərərlər, etnik təmizləmə ilə bağlı da Beynəlxalq Ədalət Məhkəməsində işlər gedir. Daxili hüquq mexanizmləri bununla bağlı işləməlidir".
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
28 Dekabr 2024
27 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ