İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağ Universitetində hazırlanacaq həkimlər - tanınmış tibb professoru deyir ki...

Adil Qeybulla: “Tədqiqatyönümlü xəstəxanadansa, orada ilk növbədə tədrisin keyfiyyətinə ciddi fikir vermək lazımdır”

“Qarabağ Universitetinin elm və təhsil sahəsində ən öndə gedən universitetlərdən olmasını planlayırıq... Bütün bu işlər çox qısa müddət ərzində mümkün oldu. Qarabağ Universitetində tibb fakültəsinin açılması nəzərdə tutulub. Burada tədqiqatyönümlü xəstəxananın olması planlaşdırılır. Hər şey plana uyğun gedərsə, növbəti il biz tibb fakültəsinin birinci kurs tələbələrini görəcəyik”.

Bu sözləri sentyabrın 23-də Xankəndidə 4 nömrəli məktəbin ilk dərs günündə elm və təhsil naziri Emin Əmrullayev deyib.

Qeyd edək ki, 2024/25-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub və qəbul planı 98,5 faiz dolub. Universitetə qəbul olan tələbələrdən 101 nəfəri 600-dən, 385 nəfəri isə 500-dən çox bal toplayıb. Ən yüksək nəticə 683,8 balla hüquqşünaslıq ixtisası üzrə qeydə alınıb. Olimpiada qalibi olan bir abituriyent universitetin elektrik və elektronika mühəndisliyi ixtisasına müsabiqədənkənar qəbul edilib. Ümumilikdə, Qarabağ Universitetinə I-IV ixtisas qrupları üzrə orta qəbul balı 467,6 olub. Bundan əlavə, ilk tədris ilində Qarabağ Universitetində hüquqşünaslıq, xarici dil müəllimliyi (ingilis dili), maliyyə və mühasibat ixtisasları üzrə SABAH qrupları təşkil olunub.

Bəs Qarabağ Universitetində tibb fakültəsinin açılmasının hansı perspektivləri var? “Tədqiqatyönümlü xəstəxana” nə deməkdir? Tibbi təhsil üçün maddi-texniki bazanın səviyyəsi nə dərəcədə mühüm rol oynayır?

Adil Qeybulla: İnsanlar doğrudan da pandemiyadan beziblər - VİDEO | No  Comment

Adil Qeybulla 

Azərbaycan Tibb Universitetinin professoru Adil Qeybulla mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Tədqiqatyönümlü xəstəxanaların daxilində elmi tədqiqatlar aparılır. Hesab edirəm ki, tədqiqatyönümlü xəstəxanalar ilk növbədə Bakıda, Azərbaycan Tibb Universitetinin nəzdində yaradılmalıdır. Yoxsa ki, Xankəndidə hazırda nə qədər xəstə, resurs var ki, orada tədqiqat aparılsın.

Ümumiyyətlə, hər zaman dekorativ məsələlərin arxasında bir zəmin olmalıdır. Bəli, Qarabağ Universitetinin açılması ideya baxımından da çox əhəmiyyətli və önəmlidir. Amma hər bir amili detalına qədər düşünmək lazımdır. Tədqiqatyönümlü xəstəxanadansa, orada ilk növbədə tədrisin keyfiyyətinə ciddi fikir vermək lazımdır. Həmçinin universitetə xaricdən müəllimlərin dəvət edilməsi, Qərb standartlarına uyğun tədrisin aparılması çox önəmli, ilkin şərtdir. Tədqiqatlar və sairə artıq ikinci dərəcəli məsələlərdir.

Fikrimcə, xəstəxanaların xəstə resursları, klinik imkanları olmadan tibb təhsilini inkişaf etdirmək mümkün deyil. Bu haqda ciddi düşünmək lazımdır.

“Tibb fakültəsi açılarsa, Xankəndinə, Qarabağ Universitetində dərs deməyə gedərsinizmi?” sualımıza isə Adil Qeybulla bu cür cavab verdi: “Mən düşünürəm ki, ora gənc kadrları yığmaq daha məqsədəuyğun olardı”.

Xalidə GƏRAY,
Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR