İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ partizanı” ölüm ayağındadır... - anasından ürək parçalayan sözlər

Təranə Məmmədova: “Cəza təkcə Məmmədə yox, mənə də verilib”

Həbsdəki ömürlük məhbus, “Qarabağ partizanı” adı ilə daha çox tanınan Məmməd Məmmədov ölüm ayağındadır. 20 ildir ki, məhbəs həyatı yaşayan, hazırda Qobustan həbsxanasında saxlanılan M.Məmmədovun səhhətində ciddi problemlər yaranıb.

qarabağ son.jpeg (8 KB)

Ailənin yeganə övladı olan, hər yerdən əli üzülən Məmməd Məmmədov təkcə anası Təranə Məmmədovanın ümidinə qalıb. Biçarə ana ölüm ayağında olan, həyatla çarpışan övladı üçün Qobustan həbsxanasının qarşısında hər gün səhərdən axşama qədər dayanır, övladının xəstəxanaya köçürülməsi üçün çarpışır. Lakin onu həbsxanadan çıxarmağa nail ola bilmir. Çünki həbsxana rəhbərliyi heç kəsə məlum olmayan səbəbdən ömürlük məhbusun müvəqqəti olaraq tibb mərkəzinə köçürülməsinə icazə vermir.

Çarəsiz qalan ana “Yeni Müsavat”a üz tutub: “Oğlum “Qarabağ partizanları” deyilən dəstənin içərisində ən kiçik yaşlısı olub. Həbs olunarkən 20 yaşı var idi. İndi 40 yaşındadır. Yaşadığı ömrün yarısını həbsxanada keçirib. Dəstənin başçısı 9 il iş alıb, mənim oğlum isə ömürlükdə yatır. Hazırda oğlum xəstədir. 3 ildir ki, müraciət etmədiyim yer yoxdur. Artıq oğlumu itirmək təhlükəsi ilə üz-üzə qalmışam. Məni məcbur etdilər ki, onlardan şikayətçi olum. Dəfələrlə Qobustan həbsxanasının rəhbərliyinə müraciət etmişəm, telefonla danışıqlar aparmışam, həbsxananın baş həkimi Ərəstunla dəfələrlə görüşüb danışmışam. Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinə müraciət etmişəm. Rəis müavininin qəbulunda olmuşam. Ancaq tibb idarəsinə keçəndə qeydiyyatdan keçməyə icazə vermirlər. Verdiyim ərizələri qeydiyyata salmayıblar. Tibb idarəsində həbsxanaya baxan həkimlərlə görüşmüşəm. Adları Fərman və Yunis olan həkimlərlə. Hər ikisi deyir ki, hansısa yuxarı təbəqələrdən tapşırıq var, ona görə də biz onu yerindən tərpədə bilmərik. Son sözləri budur. Bilmirəm artıq nə edim. Artıq yaşamaq ümidim belə ölüb. Yaşamaq istəmirəm. Onsuz da oğlumun cavan ömrü çürüdü. Mənə də imkan verin, kimin üçünsə yaşayım. Oğlum ömürlük cəzalı cinayət törətməyib. Məmməd həbsdə olduğu müddət mənim üçün çox çətin keçir. Bu müddətdə yalnız dörd divara baxmışam. Övladsız yaşamaq ağırdır. Özü də bilə-bilə ki, vəziyyəti çətindir. Bu günə qədər ağlaya-ağlaya gəlmişəm. Hara baxırsan, gedirsən onun yoldaşlarını görürsən. İstər-istəməz pis olursan. Onun yaxşı yoldaşları var idi. Həmişə deyirdi ki, torpağa bağlıyam, mən də müharibəyə gedəcəyəm - vətəni qorumağa. Torpağı qorumaq üçün getdi və ömürlük cəza aldı. Ana olaraq əziyyətimi düşünün. Həbsxanaya gedib-gəlmək imkanlı ailə üçün belə çətindir. Evdə olanda rahat olursan. Cəza təkcə Məmmədə yox, mənə də verilib. İmkansız ailəyik. Bu zülmü Allah götürməz. Neçə ildir həbsxana yollarındayam. Yaşı keçir, evlənməlidir. İnsan kimi yaşamaq haqqı yoxmu? Fədakar xanım olsa, orada evləndirərəm”.

Qobustan həbsxanasının rəhbərliyi ilə əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Qarşı tərəfin, yazıda adları keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Qeyd edək ki, Məmməd Məmmədov 2004-cü ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin (indiki Bakı Ağır Cinayətlər Məhkəməsi) qərarı ilə ömürlük azadlıqdan məhrum edilib. Məmməd Məmmədova qarşı Cinayət Məcəlləsinin 120.2.3, 120.2.4, 120.2.10-cu (qəsdən adam öldürmə), 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.10-cu (qəsdən adam öldürməyə cəhd) maddələri üzrə ittiham irəli sürülüb. “Qarabağ partizanları”nın işini Milli Təhlükəsizlik Nazirliyi (indiki DTX) araşdırıb.

İstintaq materiallarına görə, “Qarabağ partizanları” xüsusi dəstə yaradıblar, silah əldə ediblər və döyüşmək üçün Qarabağa getmək istəyiblər, MTN isə onları həbs edib. Əməliyyatın keçirildiyi Xətai parkında atışma olub. Atışma zamanı bir nəfər ölüb, bir nəfər yaralanıb. Həmin şəxsləri tutublar. Amma Məmməd Məmmədovun işinə ayrıca baxılıb. Çünki həmin qətldə onu günahlandırıblar. Sonradan dəstənin digər üzvlərinin üzərindən mütəşəkkil dəstə yaratmaq ittihamı götürülüb. Yalnız Məmməd Məmmədovun işində bu ittiham saxlanıb.

Xatırladaq ki, “Qarabağ partizanları” kimi adı hallanan qrup Qarabağda ermənilərə qarşı “Partizan müharibəsi” aparmaq məqsədilə yaradılıb. Qrupun 10 nəfər üzvü olub. Dəstəyə Rövşən Bədəlov adlı gənc rəhbərlik edib.

“Qarabağ partizanları” qrupunun necə yaradılması məlum olmasa da, 2000-ci illərdən sonraya təsadüf etdiyi ehtimal edilir. Dəstənin üzvləri 2001-ci ildə Gürcüstan ərazisində təlim keçiblər. 2003-cü ilin 13-14 avqustunda Qarabağa yollanmaq üçün sonuncu dəfə Xətai parkında toplaşıblar. Lakin bu zaman MTN əməkdaşları tərəfindən həbs ediliblər. Bu əməliyyat zamanı baş verən atışmada bir nəfər əməliyyatçı həlak olub, bir nəfər isə ağır yaralanıb.

Maraqlı məqam odur ki, indiyə qədər həbs olunan dəstə üzvlərinin hamısı azadlığa buraxılıb. Yalnız gəncliyinin ən gözəl çağlarını həbsxanalara qurban verən Məmməd Məmmədovdan başqa...

Avropa İnsan Haqqları Məhkəməsi M.Məmmədovun işinə baxarkən, qanun pozuntuları qeydə alıb. Ona görə də, Avropa hüquq qurumu Ali Məhkəmədə bu işə yenidən və ədalətli baxılması barədə qərar qəbul edərək, həmin işi Azərbaycana qaytarıb. Lakin məhkəmənin qərarı M.Məmmədovun üzünü güldürməyib...

Cavanşir ABBASLI
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR