Onlayn ictimai-siyasi qəzet
Mətbuat Şurasının sədri, “Qarabağ”ın azarkeşi Rəşad Məcid “Qarabağ”ın son oyununu şərh edib.
Musavat.com-a açıqlama verən Rəşad Məcid bildirib ki, komandanın hər dəfə mərhələ adlaması, Avropada oyunlar keçirməsi təbliğat nöqteyi-nəzərindən önəmlidir.
“2009-cu il iyulun 23-də “Qarabağ” Rəşad Sadıqovun qolu ilə Rozenberqə qalib gəldikdən sonra “Yeni Müsavat”da “Bir Rəşadın falı, Bir Rəşadın qolu” başlığı ilə bir yazı dərc edilmişdi. Bir gün öncə demişdim ki, Rəşad Sadıqov qol vuracaq, 1:0 qalib gələcəyik. O zamandan etibarən “Qarabağ”la bağlı bütün çıxışlarımda bildirmişəm ki, “Qarabağ”ın uğurları, işğalda olan şəhərin komandasının qalibiyyəti Azərbaycanı tanıtmaq baxımdan böyük təbliğat vasitəsidir. Komandanın daimi azarkeşiyəm. Son bir neçə oyunda “Qarabağ” bizi istidən-soyuğa salıb. “Braqa” ilə keçirilən oyunda ölüb-dirildik. “Bayer 04” ilə ötəndəfəki oyunu stadionda izləmişdim. Bakıdakı oyun qeyri-adi idi. Komanda fərqli oynayır. Bunu baş məşqçi Qurban Qurbanovun adına yazmaq lazımdır. O, çox yetkin, peşəkar, dərin mənəviyyatı olan insandır. Qurban Qurbanovun hesabına “Qarabağ” bu cür uğurlar qazanır”, - R.Məcid qeyd edib.
O bildirib ki, azarkeş kimi son oyunda məğlubiyyətə hazır idi:
“Bilirəm ki, “Bayer 04” çox güclü komandadır. Onun büdcəsi “Qarabağ”ın büdcəsindən qat-qat çoxdur. Bəzi oyunçuların qiyməti hətta “Qarabağ”ın ümumi qiymətindən daha çoxdur. Amma “Qarabağ” yenə də öz gözəl oyunu ilə bizi heyrətləndirdi. Möcüzə yaratdı. Haqsızlıq da oldu. Məncə, 6 dəqiqə bitdikdən sonra oyun saxlanmalı idi. Öncədən də proqnoz vermişdim ki, hesab 2:2 olacaq. Sonrakı dəqiqələrdə qalibin müəyyənləşəcəyini güman edirdim. Biz dəfələrlə hakimlərin ədalətsizliyini görmüşük. Əsas odur ki, Azərbaycanın belə bir komandası, məşqçisi var. İşğaldan azad edilmiş Ağdam şəhərinin komandasının olması təkcə bütün futbol aləminə stimul vermir, həm də bizdə özünəgüvən hissinin yaranmasında böyük rol oynayır. Dünənki oyuna görə bütün komandaya, Qurban Qurbanova təşəkkür edirəm. Zövq yaşatdılar. Məğlub olsalar da, hər kəs onları qalib kimi qəbul edir”.
Nigar HƏSƏNLİ,
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ