İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ”ın qarşısında iki “dişli” rəqib

Bu gün “bolqar bibəri”ni əzsək...

Azərbaycan çempionu “Qarabağ” Çempionlar Liqasında növbəti oyununa çıxır. Bakı vaxtı ilə saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq oyunda rəqib 13 ildir arda-arda Bolqarıstan çempionu olan  “Ludoqorest”dir. Bundan əvvəlki turda Cəbəllütariqin “Linkoln” klubunu darmadağın edərək növbəti mərhələyə yüksələn, eyni zamanda Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanan Ağdam klubunu dəfə çox çətin bir oyun gözləyir. Çünki rəqib “Linkoln” deyil, adlı-sanlı “Ludoqorest”dir. 

Qeyd edək ki, azərbaycanlı futbolsevərlərin diqqəti dünən İsveçrənin Nyon şəhərinə yönəlmişdi. Belə ki, bu şəhərdə Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılırdı və “Qarabağ”ımız “Ludoqorest” səddini keçərsə, bu mərhələdəki rəqibi məlum olurdu. Rəqib də məlum oldu. “Qarabağ” pley-offa yüksələcəyi halda  Zaqreb “Dinamo”su (Xorvatiya) ilə üz-üzə gələcək və ilk oyununu səfərdə keçirəcək.

Qeyd edək ki, pley-off görüşləri 20-21 və 27-28 avqust tarixlərində keçiriləcək.

Onu da bildirək ki, Nyon şəhərində həm də Avropa Liqasının pley-off mərhələsinin püşkü atılırdı. Mərasimdə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Lüdoqorets” (Bolqarıstan) - “Qarabağ” (Azərbaycan) cütünün məğlub tərəfinin potensial rəqibi də müəyyənləşdi. “Qarabağ” Çempionlar Liqasının bu mərhələsində mübarizəni dayandırarsa, “Petrokub” (Moldova) - “The New Saints” (Uels) cütünün qalibi ilə qarşılaşacaq. AL-də pley-offun oyunları avqustun 22-də və 29-da keçiriləcək.

Ötən mövsümdə Almaniyanın güclü “Bayer Leverkusen” klubu ilə başabaş mübarizə aparan, hətta hakim ədalətsizliyi ilə üzləşərək Avropa Liqasının çeyrək finalına yüksələ bilməyən “Qarabağ”ın bu mövsümdə Çempionlar Liqasının qrup mərhələsində ikinci dəfə çıxış etmək şansı yüksək dəyərləndirilir. 

Tanınmış idman yazarı Natiq Muxtarlı “Qarabağ”ın qarşıdakı iki səddi də keçmək üçün şanslarının öz əlində olduğunu düşünür: ""Qarabağ" artıq özünü Avropada sübut etmiş komandadır. Ona görə də rəqibin hansı komanda olmasının elə bir əhəmiyyəti yoxdur. 

Futbol millimizin baş məşqçisi kim olacaq - gözlənti

Natiq Muxtarlı

Çempionlar Liqasının təsnifat mərhələlərində nəhənglər olmur. Bu mərhələlərdə “köhlən atlar” istənilən rəqiblə oynamağa qadirdir. İndi bu mərhələdəki rəqiblər “Qarabağ”a “nəhəng” kimi yanaşırlar. Amma bu o demək deyil ki, rəqibə yuxarıdan aşağı baxılmalıdır. Yox, istənilən rəqib “Qarabağ”la oyuna ikiqat əzmlə çıxacaq. O cümlədən “Ludoqorets” də. Bolqarıstan təmsilçisi ciddi rəqibdir. Baxmayaraq ki, bir neçə il əvvəlki komanda deyil. Amma hər kəsə başağrısı ola bilər. 

Qurban Qurbanovun komandası bu kluba qarşı tam məsuliyyətlə yanaşmalıdır. Əvvəlki iki mərhələdə “Ludoqorets” Gürcüstan və Belarus klublarını mübarizədən kənarlaşdırıb. Hər iki oyun eyni ssenari üzrə keçib: bolqarlar evdə qalib gəlib, səfərdə məğlub olub. Amma evdə daha böyük hesabla qalib gəldikləri üçün mərhələ adlayıblar. Deməli, “Ludoqorets” sırf ev komandasıdır. 

Bu amili nəzərə alsaq, “Qarabağ” əsas işi elə ilk oyunda - evdə görməlidir. Bakıdakı oyunda sanballı qələbə səfərdəki işi bir o qədər asanlaşdıracaq. 

“Köhlən atlar” da səfərdə inamlı təsir bağışlayırlar. Bakıda qazanılacaq qələbə səfərdə bu inamı bir qədər də artıracaq. “Qarabağ”ın mərhələdən-mərhələyə oyun keyfiyyəti artır. “Linkoln”la ilk qarşılaşmadan fərqli olaraq, Bakıdakı oyun daha parlaq alındı. Bunun ardınca çempionatda “Araz Naxçıvan” da məğlub edildi. Yəni “Ludoqortes” mərhələsi keçiləndən sonra “Qarabağ”, böyük ehtimalla, ən yaxşı formasının 75-80 faiz həddinə çatacaq. 

Bu oyun keyfiyyəti isə imkan verəcək ki, pley-off mərhələsindəki rəqibi  - Zaqreb “Dinamo”sunu da məğlub etmək mümkün olsun. Hazırda “Dinamo” da yaxşı günlərini yaşamır. Bir sözlə, “Qarabağ”ın növbəti dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq üçün böyük şansı var. İndi səbirli, intizamlı olmaq, bu şansdan maksimum yararlanmaq lazımdır. “Qarabağ” böyük potensiala sahibdir. Bu potensialdan intizamlı şəkildə istifadə edilsə, həm “Ludoqorets”, həm də “Dinamo” mübarizədən kənarlaşdırıla bilər. Ümid edək ki, elə belə də olacaq".

Futbol millimizin baş məşqçisi kim olacaq - gözlənti

 Kənan Məstəliyev 

İdman mütəxəssisi Kənan Məstəliyev Zaqreb “Dinamo”sunu arzulanmaz rəqib sayır: ""Qarabağ"ın Çempionlar Liqasının qrupunda oynamaq şansı heç də az deyil. Bəli, həm “Ludoqorets”, həm də onlar keçilsə gələcək rəqib - Zaqreb “Dinamo”su yetərincə ciddi komandalardır. Onların da öz ambisiyaları var, onlar da bizim kimi tur keçib Çempionlar Liqasında oynamaq istəyirlər. Güclər arasında o qədər də böyük fərq yoxdur. Kim döyüşə bilsə, sona qədər dözməyə özündə təpər tapa bilsə, o da sonda qələbəni bayram edəcək. “Qarabağ” ötən mövsüm göstərdi ki, rəqibin kimliyi onun üçün əhəmiyyət daşımır. Nəzərə alsaq ki, komanda ötən il tarix yazan heyəti qoruyub və üstəlik, güclənmək də istəyir, təmsilçimizin iddiası az olmayacaq. 

Pley-offun püşkü çətin oldu. Xorvatların dəyişməz çempionu avrokuboklarda istənilən komanda üçün arzuolunmaz rəqibdir. “Dinamo” böyük tarixə, Avropa yarışları ənənəsinə malik, həmişə sona qədər yarışan, təslim olmayan komandadır, heyətində də təhlükəli oyunçular var. Mən bu püşkü uğurlu saymıram. Çətin olacaq. Amma bu tək bizim yox, onlar üçün də çətin olacaq. Ancaq gəlin, tələsməyək. Əvvəlcə “Ludoqorets” keçilməlidir. Çünki bolqarlar da sıradan rəqib deyillər. Mənə görə bu cütdə favorit məhz bizik. “Qarabağ” öz oyununu oynaya bilsə, turu keçən tərəf məhz biz olacağıq. İlk oyunun evdə olması da yaxşıdır, çünki rəqibin zəif-güclü tərəflərini öz azarkeşlərimiz qarşısında öyrənə, səhvləri minimallaşdıra biləcəyik".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR