İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qara qızıl”ın qara günləri gəlir, yoxsa... - təhlil

Hələlik bazar Yaxın Şərqdəki gərginlikdən “faydalanır”, yaxın illərdə isə...

2024-cü ilin ilk ayı dünyada hərbi-siyasi gərginliyin kəskin artması, Yaxın Şərqdə yeni münaqişə ocağının formalaşması ilə müşayiət olunmaqdadır. Regionda, xüsusilə Qırmızı dənizdə baş verənlər qlobal ticarətə mənfi təsir göstərir. Bu baxımdan, neft bazarı da istisna deyil. Qırmızı dənizlə daşımaların minimuma düşməsi, İranın ətraf ölkələrə hücumları qlobal neft qiymətlərini 78-79 dollar civarında saxlayan əsas amilə çevrilib. 

Dünyanın 3 əsas iqtisadi mərkəzindən ikisində - Avropa İttifaqı və Çində iqtisadiyyatın inkişaf tempində ciddi azalma qeydə alınır. Avropa İttifaqı iqtisadiyyatının resessiya dövrünə daxil olduğu etiraf edilməkdədir. Çində isə daşınmaz əmlak sektorundan sonra maliyyə sahəsində də problemlər, nəhəng oyunçuların iflasları başlayıb. Bütün bu amillər dünyada neftə olan tələbatın artım dinamikasının zəifləyəcəyindən xəbər verir. Bu isə qlobal neft qiymətlərini aşağı salır. Son 2 həftədə faktiki olaraq, qiymət enişini saxlayan əsas amil Qırmızı dənizdəki münaqişədir. Bazar analitiklərinin fikrincə, Qırmızı dənizlə hərəkətin təhlükəsizliyi təmin olunduqdan sonra neft qiymətləri 70 dollara qədər ucuzlaşacaq.

Buna yaxın proqnozlaşdırma Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatında da əksini tapır. Hesabata əsasən 2023-cü ildə qlobal neft tələbatı əvvəlki illə müqayisədə sutkada 2,254 milyon barel artıb. Bir ay əvvəl agentlik bu rəqəmin sutkada 2,274 milyon barel olacağını proqnozlaşdırmışdı. Beləliklə, analitiklər tələb artımı təxminlərini sutkada 20 min barel azaldıblar.

2024-cü ildə BEA neftə tələbatın 2023-cü illə müqayisədə sutkada 1,24 milyon barel artaraq 102,959 milyon barelə yüksələcəyini gözləyir. Bu,  ötən ay verilən proqnozun 180 min barel artırıldığı deməkdir.

Agentlik analitikləri göstəricinin əhəmiyyətli dərəcədə yavaşlamasını tələbin pandemiyadan əvvəlki artım templərinə qayıtması ilə izah edirlər. Bu tendensiya 2023-cü ilin dördüncü rübündə göstəricinin üçüncü rübdəki artımla müqayisədə yavaşlaması ilə vurğulanır: 2,8 milyon bareldən 1,7 milyon barelə qədər.

Ekspertlər qeyd edirlər ki, Çin 2024-cü ildə qlobal neft tələbatının artımının əsas lokomotivi olaraq qalacaq. Ötən il bu, artımın 3/4-dən çoxunu təşkil edirdisə, cari ildə bu təsirin 60 faiz olacağı gözlənilir.

BEA bildirir ki, müşahidə olunan qlobal neft ehtiyatları noyabrda 8,4 milyon barel azalıb ki, bu da 2022-ci ilin iyulundan bəri ən aşağı səviyyədir. BEA xam neft və orta distillələrdə xüsusi çatışmazlıqların olduğunu vurğulayır. Tanker ehtiyatlarının 12 milyon barel azalması, qurudakı ehtiyatların 3,6 milyon barel artması ilə qismən kompensasiya edilib. Agentlik qeyd edir ki, neft məhsullarının ehtiyatları əhəmiyyətli dərəcədə - 24,6 milyon barel azalıb, neft ehtiyatları isə 16,2 milyon barel artıb.

OECD-nin kommersiya ehtiyatları noyabrda cüzi - 1,3 milyon barel artaraq 2,79 milyard barelə çatıb ki, bu da beşillik orta göstəricidən 92 milyon barel aşağıdır.

BEA-nın hesablamalarına görə, 2023-cü ildə qlobal neft tədarükü sutkada 1,9 milyon barel artaraq 102 milyon barelə çatıb. İl ərzində OPEC+ razılaşmasına daxil olmayan ölkələr hasilatı sutkada 2,3 milyon barel artırıb ki, bunun da üçdə ikisi ABŞ-ın payına düşür. 

2023-cü ildə qlobal neft tələbi, BEA analitiklərinin fikrincə, sutkada 2,25 milyon barel artaraq 101,72 milyon barel olub.

Agentliyin proqnozuna görə, 2024-cü ildə qlobal bazara neft təklifi tələbdən çox artacaq. BEA-ya görə, 2024-cü ildə ABŞ, Braziliya, Qayana və Kanadadan rekord hasilat qeyri-OPEC+ hasilat artımını dəstəkləyəcək, qlobal tədarük proqnozu sutkada 1,5 milyon barel artaraq tələb artımını üstələyəcək və 103,5 milyon barelə yüksələcək. 2024-cü ildə dünyada neft istehsalı, BEA-nın məlumatına görə, 1,24 milyon barel artaraq 102,96 milyon barel olacaq: “Hamısı Amerikadan olan bu dörd qeyri-OPEC+ hasilatçısının gündəlik qlobal neft hasilatına 1,3 milyon barel əlavə edəcəyi gözlənilir ki, bu artımın yarısından çoxu ABŞ-ın payına düşür”.

Neft hasil edən ölkələri birləşdirən OPEK-də isə neftə tələbatla bağlı daha optimistdirlər. Təşkilata görə, 2024-cü ildə qlobal neft tələbatı sutkada 2,2 milyon barel artaraq 104,36 milyon barel təşkil edəcək. OPEK gələn il tələbatda bir qədər az artım gözləyir - 1,8 milyon barel. Nəticədə, gündəlik tələbat 106,21 milyon barelə çatacaq. 

OPEC+ seen keeping oil output policy unchanged - Turkic World

Analitiklərin hesablamalarına görə, 2023-cü ildə dünyada neft istehlakı sutkada 2,5 milyon barel artaraq 102,11 milyon barelə çatıb.

Noyabr ayı üzrə ilkin məlumatlar göstərir ki, OECD ölkələrində ümumi kommersiya neft ehtiyatları aylıq müqayisədə 7,3 milyon barel azalaraq 2,819 milyard barelə düşüb. Beləliklə, bu göstərici 2015-2019-cu illər üzrə orta göstəricidən 122 milyon barel aşağı olub. O cümlədən neft ehtiyatları əvvəlki ayla müqayisədə 17,5 milyon barel artaraq 1,354 milyard barelə çatıb, neft məhsulları isə 10,2 milyon barel azalaraq 1,466 milyard barelə düşüb.

Lakin 2024-cü ilin birinci rübü üçün OPEC tələb proqnozunu sutkada 270 min barel azaldaraq 103,32 milyon barelə endirib. Bununla belə, ikinci rüb üçün gözləntiləri demək olar ki, eyni həcmdə - 103,92 milyon barelə qədər artırıb, üçüncü rüb üçün proqnoz 90 min barel artırılaraq 104,89 milyon barel, dördüncü rüb üçünsə - eyni həcmdə azaldılaraq - 105,29 milyon barel müəyyən edilib.

OPEC-in proqnozlarına görə, bu il OECD ölkələrində neftə tələbat cəmi 0,3 milyon barel, qeyri-OECD ölkələrində isə təxminən 2 milyon barel artacaq. 2025-ci ildə OECD ölkələri istehlakı 0,1 milyon barel, qeyri-OECD ölkələri 1,7 milyon barel artıracaq. Sonunculara əsasən Çin, Yaxın Şərq və digər Asiya ölkələri, o cümlədən Hindistan daxildir.

Müxtəlif neft məhsullarına tələbat baxımından OPEK 2025-ci ildə artımın əsas amillərinin xüsusilə nəqliyyat yanacağı olacağını gözləyir. Həm ölkədaxili, həm də beynəlxalq hava nəqliyyatı ilə hərəkətliliyin yüksəlməsi nəzərə alınmaqla, kerosin istehlakı artmağa davam edəcək: “Benzin tələbi Çin, Yaxın Şərq, Hindistan və ABŞ kimi əsas istehlakçı ölkələrdə nəqliyyat vasitələrinin səyahətində güclü artımla dəstəklənməyə davam edəcək. Dizel tələbatının OECD-ə daxil olmayan ölkələrdə həm yük daşımaları, həm də sənaye tikintisi və kənd təsərrüfatı fəaliyyətləri ilə dəstəklənəcəyi gözlənilir. Yüngül distilyatların istehsalının, əsasən Çin və Yaxın Şərqdə artan neft-kimya potensialı və gəlirliliyi ilə dəstəklənəcəyi proqnozlaşdırılır”.

Iraq among contries with lowest oil production in February:OPEC - Shafaq  News

Maraqlıdır ki, OPEC 2024-cü ildə təşkilatdan kənarda neft hasilatının artımı ilə bağlı proqnozunu gündəlik 0,1 milyon barel azaldıb. Təşkilata görə, neft hasilatı bu il 2023-cü illə müqayisədə gündəlik 1,3 milyon barel artaraq orta hesabla 70,4 milyon barel olacaq.

OPEC hesab edir ki, 2024-cü ildə təşkilatdan kənar neft hasilatının artımının əsas hərəkətverici qüvvəsi ABŞ, Kanada, Qayana, Braziliya, Norveç və Qazaxıstan olacaq. Hesabatda bildirilib ki, hasilatla bağlı ən böyük azalmanın Meksika və Anqolada olacağı proqnozlaşdırılır.

Neft hasil edən, iqtisadiyyatı bu məhsulun dünya bazar qiymətindən kəskin asılı olan Azərbaycanda hasilat sürətlə azalır. Rəsmi məlumata görə, 2023-cü ildə Azərbaycanda 30,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Bu, əvvəlki illə müqayisədə 7,4 faiz azalma deməkdir. Energetika Nazirliyinin yaydığı statistikadan məlum olur ki, neft hasilatının 17,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin(illik azalma 12,7 faiz), 4,3 milyon tonu (kondensat, azalma 2,3 faiz) “Şahdəniz”in, 0,3 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı isə dəyişməyərək 7,8 milyon ton təşkil edib.

Bu dövrdə 25,2 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub(illik azalma 4,2 faiz). Bunun 22,1 milyon tonu konsorsiumun(azalma 11,2 faiz), 3,1 milyon tonu(artım 2,2 dəfə) isə SOCAR-ın payına düşüb.

2022-ci ilin yanvar-dekabr aylarında ölkədə 32,6 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Bu, əvvəlki illə müqayisədə 5,5 faiz azalmadır. Respublika üzrə neft hasilatının 20,4 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 4,4 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 7,8 milyon ton təşkil edib.

Hesabat dövründə kondensatla birlikdə 26,3 milyon ton neft (azalma 6,5 faiz) ixraca nəql olunub. Bunun 24,9 milyon tona yaxını konsorsiumun, 1,4 milyon tonu isə SOCAR-ın payına düşüb.

Azərbaycan hökuməti 2024-cü ildə ölkədə neft hasilatını 29 milyon 492,3 min ton səviyyəsində proqnozlaşdırır. Lakin əsas neft mənbəyi olan AÇG-də hasilatın azalma tempini nəzərə alsaq, bu proqnozun özünü doğrultması ehtimalının yüksək olmadığını deyə bilərik.

Yaxın Şərqdəki gərginlik ocağı tezliklə səngidikdən sonra dünya neft bazarında qiymətlərin enişinin qarşısını almaq mümkünsüz hala gələcək. Neft qiymətlərinin 80 dollardan aşağı düşməsinə imkan verməməyə çalışan Rusiya Səudiyyə Ərəbistanı kimi böyük oyunçuların bu halda hansı addımlar atacağı bazar üçün həlledici rola malik olacaq...

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR