İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qalmaqallı məsələ ilə bağlı...“ - təhsil ekspertindən ilginc açıqlama

İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində tualet olmaması ilə bağlı yayılan video bir neçə gündür sosial şəbəkədə müzakirələrə səbəb olub. Leyla adlı müəllim artıq məsələ ilə bağlı videoaçıqlama yayıb. O, məktəb direktorunun ünvanına ittihamlar səsləndirib:

"2-3 ay əvvəl çəkilib, kim yaydı, bilmirəm. Amma xeyrimizədir. Məktəbin problemlərini gizlədirəmsə, mənə ayıb olsun. Amma siz gizlədirsinizsə, sizə eyib olmasın? Direkor deyir ki, Leyla müəllim məşhurlaşmaq istəyir. Müğənni deyiləm məşhurlaşım. Məktəbdə nə oldusa, siz gələndən sonra oldu. Siz orada banda yaratdınız, təhsilin səviyyəsi aşağı düşdü. O, məktəbdə yeganə müəlliməm ki, şagirdlərimin bilik səviyyəsi yüksəkdir. Şagirdlərə görə hər şey edəcəm. Siz gəlib orada oturandan sonra hər şey dəyişdi. Qohumlarınızın adını yazdırıb, əlavə pullar alırsınız".

Xatırladaq ki, Mil-Muğan Regional Təhsil İdarəsindən mətbuata bildirilib ki, vəziyyətlə maraqlanılıb və hazırda məktəbdə sanitar qovşaq təmir edilir.

Sosial şəbəkələrdə adı çəkilən müəllimin bu addımına görə töhmət aldığı haqda iddialar yayılıb. Bəs qanun nə deyir? Müəllim mövcud vəziyyətə etiraz edə və buna görə töhmət ala bilərmi?

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı qeyd edib:
“Bəli, müəllim cəmiyyət və dövlətin maraqları naminə öz peşə fəaliyyətini keyfiyyətlə və səmərəli yerinə yetirməyə borcludur. Müəllim bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır.
Məhz buna görə də, ibtidai sinifdə dərs deyən müəllimin şagirdlərin yaş həddi və fiziki ehtiyacını nəzərə alaraq şagirdlərə tualet tikilməsini tələb etməsi anlaşılandır.

Amma “Təhsil haqqında qanun”a və Müəllimlərin Etik Davranış qaydalarına görə, müəllim onun peşə vəzifəsinə aid olmadığı hallarda işlədiyi və digər təhsil müəssisələrinin, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir.

Məhz bu hala yol verməsi onun inzibati tənbeh tədbirlərinə cəlb etməyə əsas verir.

Lakin həyat və sağlamlığı üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq hər bir şagirdin hüququdur. Dövlət şagirdlərin sağlam, rahat təhsil mühitini qurmağa borcludur, bu öhdəliyi müvafiq qurum yerinə yetirməyib.

Öncə məhz normal təhsil mühitini qura bilməyən təhsil idarəetmə orqanlarının rəhbərləri və əməkdaşlarını inzibati tənbehə cəlb etmək, ondan sonra özü üçün yox, xalqın övladı üçün etiraz edən müəllim barədə düşünmək olar.

Mənə maraqlıdır, Elm və Təhsil Nazirliyinin əməkdaşları öz övladlarının o vəziyyətdə məktəbdə təhsil almasına razı olar?”

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR