Onlayn ictimai-siyasi qəzet
(çox alliterativ köşə)
Bakıda maşın yarışları keçirən “Şəhər Halqası” şirkətimizin nümayəndəsi Çingiz müəllimi yarım milyona yaxın yeyintidə suçlayıb içəri basmışlar, məhkəmədə Gino müəllim (səhv oxumadınız, keçmiş övrətinin mətbuata verdiyi açıqlamalara görə Çingiz müəllim patriotizmin şiddətindən həm də ABŞ vətəndaşlığı almışdır və oradakı sənədlərdə adı məhz Gino şəklindədir) maraqlı bir cümlə işlətmişdi: “Mən yeyinti eləməmişəm. Formula yarışı üçün avadanlıqlar lazım idi, onlar da qeyri-standart şeylərdir, dünya bazarında konkret qiyməti olmur. Bu yarışı təşkil edənəcən mənim başım keçəl olub”.
Yəqin indi ağır cinayətlər məhkəməmizdə qurulan pit-stopun hakim-prokuror-vəkil triosu bir neçə saniyənin içərisində Çingiz müəllimin keçəlləşmiş başını da dəyişdirib yerinə təzə baş qoyacaqlar. Çünki analoqu olmayan korrupsiya formul(a)sında şikayətlər qəbul edilmir. Dəyirmançısansa, lap istəyirsən Koroğlunun şəxsiyyət vəsiqəsini daşı, xeyri yoxdur, dən çağırmaq borcundur. Üstəlik, günahı keçmiş nazir Azad müəllimin oğlunun üstünə atmaq da mənasızdır. Biz keçini keçi ayağından, qoyunu qoyun ayağından asırıq. Qabaqdan da Qurban bayramı gəlir, deyirlər heyvandarlığımızda azalma vardır. Bəs kimi kəsməliyik? Hamının balası var.
Mövzu torbasının ağzı açılmışkən, belə zəmanədən şikayətçilərdən biri də hazırda Londonda canıyla əlləşir. Beynəlxalq Bankın müdiri olmuş Cahangir müəllimin halal övrəti, “Harrod” lüks univermağında bazarlıqları ilə cahanda ad qoymuş, Azərbaycan həqiqətlərini və zinətlərini dünyaya çıxartmış Zamirə Hacıyeva əmlakını xilas etməyə çalışır. Sitat: “Z.Hacıyeva Naytsbricdə 15 milyon funt sterlinq dəyərində evin və Berkşirdə qolf sahəsinin qanun çərçivəsində alındığını sübut etməlidir. O, məhkəmədə sözügedən əmlakların qanuni vəsaitlərlə alındığını sübut edə bilməzsə, bu aktivlər müsadirə edilə bilər”. Sitatın sonu. Lakin Hacıyeva pulların mənbəyini göstərmək yerinə 2005-ci ildə Hacı Məmmədovun bandasının özünü girov götürməyindən danışıbdır. Yəqin əzabkeş imici yaradır. “Məni hər yerdə incidirlər, barı siz evə dəyməyin” demək istəyir.
Ancaq Zamirə xanım adi rus dili və ədəbiyyatı müəllimi olmuşdur. Bizdə müəllimlər bu qədər pul qazanırmı? 15 milyona Londonda ev almaq bir yana, 15 manata ət ala bilməyən müəllim tanıyıram. Bəs o zaman bu ağlaşma-sızlaşma nə üçündür? (Dəli şeytan deyir müəllimlərin sertifikat imtahanı Hacıyeva kimi müəllimlərə görə aparılır. Hökumət fikirləşir ki, bunların pulu çoxdur, işsiz qalsalar acından ölməzlər).
60 il quldurluq edib, sonra ahıl yaşda tövbə üçün həccə gedən bəzi tülkülər kimi, bizim oğru-korrupsioner sürüsü də axırda adətən məsumiyyət mələyi donuna bürünürlər. Xalq yolunda keçəl olan, girov düşənləri yazdıq, amma xalq özü də safdır axı. Hamımızın torpağımız bir yerdən götürülmüşdür. Təzəlikcə polis idarəsi belə tragikomik əhvalatı açıqlamışdı: xaricdən bir zəhmətkeşimizə zəng ediblər, danışa-danışa bank kartından 21 min manatı çəkiblər, axırda isə... saflığına görə ona təşəkkür edib telefonu qapadıblar.
Ölkə deyil, məsumiyyət muzeyidir, bir Orxan Pamuku çatışmır. Uzun müddət idi futbol yığmasına baş məşqçi axtarırdılar, indi bir portuqaliyalını tapıblar. Adam deyib ki, fantastik uğurlar əldə edəcəyəm. Kimin şübhəsi var? Bizdə futbol sahəsində fantastik yeyintilər olur. Elə sənətkarın illik maaşını da dövlət sirri olaraq gizli saxlamışlar. İnşallah, Santuş müəllim də bir neçə müddət xımır-xımır yeyib gedər. Hansı “tuş”a gəldiyini bilir. Bu “Portuqaliya, Qaliya” temasında bir anekdot var, heyf yaza bilmirəm. Özəti belədir ki, adamın bir yerinə döydürdüyü “Portuqaliya” tatusundan “Qaliya” hissəsi qalır. Bilənlər bilməyənlərə danışsın. Ta keçib, yazıram: adamın biri gəlir həkimə, deyir, doktor, filan yerim balacalaşır, əlac elə. Doktor baxır, deyir, a kişi, niyə narahatsan, lap əladır, hələ üstünə “Qalya”nın adını döydürmüsən, maşallah. Adam deyir: “Eh, doktor, o yazı əvvəlcə Portuqaliya idi”.
Prinsipcə, bizə də büdcədən və Santuş müəllimdən “Qaliya” hissəsi qalsa bəsimizdir.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ